Dərslər videokameralarla izlənəcək: və nazirin nümunəvi görmək istədiyi orta məktəb

 

Təhsil Nazirliyi (TN) Zərifə Əliyeva adına orta məktəbə "Elektron məktəb" layihəsinin icrası üçün elektron lövhə, proyektor və noutbuklar təqdim edib.

 

   Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib "Elektron məktəb" dünyada çox uğurla həyata keçirilən layihələrdəndir: "Azərbaycan üçün böyük əhəmiyyət daşıyan layihə Bakıda 10 orta məktəbdə dərslərin canlı olaraq izlənməsinə imkan verəcək. Nazirliyin hazırladığı "Elektron məktəb" layihəsi çərçivəsində 10 orta məktəblə nazirlik arasında, eləcə də Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə videobağlantılar olacaq".

   M.Mərdanov vurğulayıb ki, bu texnologiyanın Azərbaycanın başqa bölgələrindəki məktəblərində də tətbiqi üçün müəyyən hazırlıq işləri aparılır: "Bu pilot layihənin məqsədi odur ki müəllimlər və şagirdlər yeni texnologiya ilə işləməyi öyrənsinlər. Söhbət təkcə avadanlığın qoyulmasından getmir. Gərək avadanlıqdan istifadə etməyi də bacarasan".

   Onun sözlərinə görə, qonşu məktəblərin müəllimləri də bu təhsil müəssisəsinə gəlib texnoloji avadanlıqlarla işləməyin qaydasını öyrənəcəklər. Bu sahədə müəyyən bilik və bacarıq əldə etdikdən sonra başqa məktəblər də bu cür avadanlıqlarla təchiz olunacaq: "Biz "2008 - 2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı" çərçivəsində Bakıda, Sumqayıtda, Abşeronda və Azərbaycanın bütün rayon mərkəzlərində belə məktəblər seçəcəyik və həmin məktəblərdə bu cür avadanlıq quraşdırılacaq".

   Nazir əlavə edib ki, ölkənin hər bir rayonunda müasir informasiya-kommunikasiya texnologiyaları, sürətli internetlə təchiz edilən bir neçə məktəb olmalıdır. Çünki ibtidai sinifləri orta məktəblərdən ayırmaq lazımdır. Onun dediyinə görə, inkişaf etmiş Avropa ölkələrində ibtidai siniflər orta məktəbdən ayrı fəaliyyət göstərir. Bizdə də bu barədə düşünməyin vaxtı çatdığını deyən nazir hələlik ibtidai təhsilin orta məktəblərdən ayrılması istiqamətində konkret addımların müəyyənləşdirilmədiyini vurğulayıb: "Bununla bağlı hələ ki hansısa proqramın hazırlanması da nəzərdə tutulmur. Çünki ibtidai sinifləri orta məktəblərdən ayırmağın müəyyən çətinlikləri var. Ona görə də bu barədə hələ konkret bir söz demək çətindir".  

   Qeyd edək ki, Z.Əliyeva adına məktəb ötən ilin sentyabrından fəaliyyət göstərir. Digər məktəblərdən fərqli olaraq orada hələlik yalnız 9 və 11-ci sinif şagirdləri təhsil alır. M.Mərdanov gələcəkdə bu məktəbi böyütmək istəmədiklərini deyib: "Biz bu məktəbi Azərbaycanda nümunəvi təhsil müəssisəsi kimi görmək istəyirik. Söhbət heç də şagirdlərin sayının çox və ya az olmasından getmir. Əsas odur ki keyfiyyət yüksək olsun".

    

 

Naibə

 

Həftə içi.- 2009.- 10 fevral.- S. 6.