Məcburi köçkünlərə qrant veriləcək

 

Gəncə Biznes Qrupundan (GBQ) verilən məlumata əsasən, adıçəkilən qurum bir neçə layihənin icrasına başlayıb. 3 il müddətinə davamlanacaq layihədə məqsəd respublikanın şimal-qərb regionlarında ixrac potensialı olan məhsulların xarici ölkələrin bazarlarına çıxarılması ilə əlaqədardır. ABŞ-ın "Kimoniks" şirkətinin dəstək verdiyi layihə çərçivəsində Gəncə - Qazax bölgəsində süfrə üzümü və digər meyvə-tərəvəzlərin, xurma bitkisinin, şimal bölgəsində isə fındıq və qoz çərəzlərinin maya dəyəri və məhsuldarlıq imkanları araşdırılıb. Onların saxlanma şəraiti, fermerlərin hansı qiymətə satış etmələri və digər lazımi məsələlər barədə adıçəkilən şirkətə məlumat verilib. Növbəti mərhələdə "Kimoniks"in rəsmiləri Avropa bazarına çıxarıla biləcək məhsulları müəyyənləşdirəcəklər. Sözügedən layihə nəticəsində bölgələrimizdə yetişən məhsulların Avropaya çıxarılması respublikamızın iqtisadi inkişafına müsbət təsirini göstərəcək.

GBQ-nin gerçəkləşdirmək istədiyi digər bir layihə isə məcburi köçkün gənclərin biznes qurmaları üçün gərəkən yardımların göstərilməsidir. Məlumatda qeyd olunub ki, son dövrlər qaçqın və məcburi köçkünlər yeni qəsəbə və yaşayış massivlərinə köçürlər. Orada onlar üçün lazımi infrasturkturla təmin olunmuş yaşayış evləri tikilsə də, iş yerləri yoxdur. Bu isə onların yaşayış şəraitini ağırlaşdırır. Bu səbəbdən də GBQ sözügedən layihəni bir neçə mərhələ üzrə reallaşdırmağı planlaşdırıb. Hazırda ilkin mərhələyə əsasən gənclərin hansı işə maraqlarının olması barədə sorğular aparılır. Onlar icmalar şəklində qruplaşdırıldıqdan sonra ikinci mərhələdə peşə kurslarına cəlb ediləcəklər. Sonuncu mərhələdə biznes sahəsini müəyyənləşdirmiş qaçqın və məcburi köçkün gənclərə 500 manat qrantlar veriləcək. Proses əsasən Goranboy, Yevlax və Ağdam rayonlarında məskunlaşmış məcburi köçkün olan 18 - 25 yaşlı gənclərə şamil ediləcək. Yaşayış sahəsində kiçik ayaqqabı və digər məişət əşyası təmiri sexlərinin və bərbərxanaların yaradılması da nəzərdə tutulub. Haqqında danışılan gənclərin iş həyatının yaxşılaşdırılması layihəsinin icrası Yaponiya hökumətinin vəsaiti ilə maliyyələşir və bu işə 20 min manat vəsait ayrılıb. Gənclərin kiçik biznesləri üçün qrantları isə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu verəcək.

 

 

Naibə.

 

Həftə içi.- 2009.- 11 fevral.- S. 6.