Qəbul qaydalarında dəyişiklik

 

Qabiliyyət tələb edən müsabiqə test imtahanlarının nəticələrinə əsasən aparılacaq

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Abituriyent" jurnalının 1-ci sayı artıq nəşr edilib.

 

Jurnalda 2009/2010-cu tədris ili üçün respublika ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul qaydaları, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bakalavr ixtisasları siyahısı öz əksini tapıb. TQDK sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bu və ya digər məsələlər barədə məlumat verdi. O, bu il də ali və orta ixtisas məktəblərinə ərizə qəbulunun internet vasitəsilə aparılacağını dedi: "Abituriyentlər təyin olunacaq vaxtda internetdə özlərinə aid məlumatları, ixtisas qrupu və bölmələrini göstərməklə "Elektron ərizə" dolduracaqlar. Daha sonra təyin olunmuş müddətdə müvafiq sənədlərini Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra abituriyentlər topladıqları ballara və müsabiqə şərtlərinə uyğun "Elektron ərizə"lərində qəbul olmaq istədikləri ixtisas kodlarını qeyd edəcəklər. Abituriyentlərin əvvəllər olduğu kimi, ərizələrində istəklərinə uyğun 8-dək ixtisas kodu qeyd etmək hüququ var".

 

Attestat qiymətləri özünü doğrultmur

 

Qəbul qaydalarına edilmiş əsas dəyişikliklərə gəlincə isə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda nəzərə alınan göstəricilər siyahısına "əsas fənlər üzrə attestat qiymətlərinin cəmi" daxil edilib. M.Abbaszadə bildirdi ki, TQDK yerləşdirmə zamanı attestat qiymətlərinin qəbul nəticələrinə təsir göstərməsinin tərəfdarıdır. Amma biliyin səviyyəsi ilə attestat qiymətləri üzrə qurumun mütəmadi araşdırmaları məsələnin tam tətbiqinin hələlik tez olduğunu göstərir. Komissiya sədri yalnız son illər bu sahədə müəyyən nəticələrin müşahidə olunduğunu dedi: "Xüsusilə də bu, əlaçı uşaqlara aiddir. Onların sayı kəskin azalıb, amma azalma ilə yanaşı, onlar əsasən çox yaxşı nəticə göstərən uşaqlardır. Əlaçıların çox az faizi müəyyən fənlər üzrə nisbi bal olaraq 50-dən aşağı nəticə göstərir. Ona görə də ilkin olaraq qəbul qaydalarına belə dəyişiklik etmişik. Belə ki, plan yerləri əvvəlcədən məlum olur. Eyni bal toplayanların arasında formal seçim etmək üçün isə müvafiq fərqləndirici göstəricilər lazımdır. Bundan sonra belə vəziyyət yarananda komissiya əsas, yəni hər qrupda əmsalı ikiyə bərabər olan fənlər üzrə nisbi attestat ballarının cəmindən yararlanacaq".

M.Abbaszadə növbəti illərdə fərqləndirici göstəricilərin daha da təkmilləşdirilməsini məqsədəuyğun saysa da, attestat qiymətlərində bəzi fənlər üzrə qiymətləndirmənin hələ də özünü doğrultmadığını söylədi: "Çox istəyərdik gələcəkdə, ümumiyyətlə, eyni bal toplayan uşaqların ikinci mərhələdə nisbi balları yox, attestat üzrə balları müqayisə olunsun. Amma görürük ən yaxşı qiymətləndirmə dəqiq elmlər üzrə aparılır. Təəssüflər olsun ki, ictimai elmlər üzrə qiymətləndirmə əsas bilikləri əks etdirmir".

 

 İxtisaslar ümumiləşdirilib

 

Qəbul qaydalarında nəzərdə tutulan digər yenilik isə xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlıdır. Belə ki, xüsusi qabiliyyət tələb edən pedaqoji, idman və texnoloji ixtisasları üzrə müsabiqə test imtahanlarının nəticələrinə əsasən aparılır. Bu ixtisaslar üzrə qabiliyyət imtahanlarının nəticələri "məqbul" və ya "qeyri-məqbul" qiymətləndirilir. Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə isə abituriyentlərin qabiliyyət imtahanlarında topladığı orta bal əsasında aparılır. Ancaq bu zaman abituriyentin müsabiqəyə buraxılması üçün onun qabiliyyət imtahanındakı orta balı və test imtahanında topladığı ümumi bal TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Bakalavr ixtisaslarına gəlincə isə TQDK sədri bildirdi ki, həmin siyahı Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli qərarı ilə təsdiqlənib. Qərar "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" ölkə başçısının sərəncamının icrası ilə bağlı verilib.

"Abituriyent" jurnalının 1-ci sayında bu ildən qəbul aparılacaq həmin ixtisasların qruplar üzrə siyahısı təqdim olunub: "Bu il bakalavr pilləsinə qəbul da "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının siyahısı"nda yer alan ixtisaslar üzrə aparılacaq. Bu siyahı yeni ixtisaslarla yanaşı, müəyyən köhnə ixtisasları da cəmləşdirir. İxtisasların sayı kəskin azalıb. Amma bu o demək deyil ki qəbul planı azalacaq. Sadəcə, ixtisaslar ümumiləşdirilib". Komissiya sədrinin sözlərinə görə, 2009/2010-cu tədris ili üçün respublika ali məktəblərinə 149 adda bakalavr ixtisası üzrə qəbul aparılacaq. Bu ixtisaslar üzrə qəbul planı isə həmişəki kimi, qəbul imtahanları ərəfəsində təqdim olunacaq. İxtisasların bir istiqamət üzrə cəmləşdirilməsinə gəlincə isə bu, ölkənin Bolonya prosesinə qoşulması ilə əlaqədardır: "İstəyirik bizim uşaqların oxuduğu proqramlar Avropada qəbul edilən proqramlara uyğun olsun. Bu ixtisasların siyahısını YUNESKO-nun ali məktəblər üçün təqdim olunan ixtisasları ilə müqayisə etsək, demək olar, tam üst-üstə düşür".

 

 

Naibə.

 

Həftə içi.- 2009.- 11 fevral.- S. 6