Müsabiqə 25 ölkədə yayımlanacaq

 

Möhtəşəm tədbir keçirəcəyik

 

Gənclər İdman Nazirliyində "Eurovision-2009" rəqs müsabiqəsinin ölkəmizdə keçiriləcəyi ilə bağlı mətbuat konfransı təşkil edildi.  

 

Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, rəqs müsabiqəsinin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Adil Kərimli, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı, layihənin baş prodüseri Fərhad Hacıyev media nümayəndələrinin suallarını cavablandıran zaman qeyd etdilər ki, 5 ölkənin iştirak etdiyi tenderdə qalib gəlmək üçün həmin ölkədə yüksək təhlükəsizliyin olması başlıca şərt sayılırdı. Təbii ki, bu da Azərbaycan idi. Konfransda bildirildi ki, bu müsabiqənin ölkəmizdə keçirilməsi dünya ölkələrinin fikrini Azərbaycana, onun mədəniyyətinə yönəldəcək ölkəmizlə daha artıq maraqlanmağa başlayacaqlar.   

Adil Kərimli bildirdi ki, müsabiqə dünyanın təxminən 25 ölkəsində yayımlanacaq. İştirakçımız isə seçim yolu ilə təyin ediləcək.   

İsmayıl Ömərov müsabiqənin aparıcısının dünyaşöhrətli ulduzlardan birinin olacağını açıqladı: "Vətənimizə təxminən 10 min turistin gəlməsi nəzərdə tutulub və biz tam şəkildə onları qəbul etməyə hazırıq. İndi bu işləri layiqincə yerinə yetirmək üçün hazırlıqlar gedir. Zamanında hər şey necə gərəkdirsə, elə olacaq".   

Tədbirdə belə müsabiqənin ölkəmizdə keçirilməsinin ilk dəfə olacağı nəzərə çarpdırıldı və ev sahibliyi edəcək ölkənin resursları, idman-konsert kompleksləri, turistləri qəbul edəcək infrastrukturu və ən əsası, yüksək təhlükəsizlik nəzərə alınır. Ölkəmizin bu kriteriyalara tam cavab verməsi nəticəsində tenderdə qalib gəldiyimizi bildirən İ.Ömərov dedi ki, sentyabrın 26-da möhtəşəm bir tədbir keçirəcəyik dünya bir daha Azərbaycanın gözəlliklərinin, yüksək musiqi mədəniyyətinin şahidi olacaq. Sonda qeyd edildi ki, istəsələr, Ermənistandan olan nümayəndələr bu müsabiqədə iştirak edə bilərlər.

  

  

Xatirə.

 

Həftə içi.-2009.-12 fevral.- S. 7.