Vergi xidməti işçiləri peşə bayramlarını qeyd etdilər

 

Fazil Məmmədov: "Ölkəmizdə təkmil vergi sistemi formalaşıb"

 

Dünən Vergilər Nazirliyində vergi xidməti işçilərinin peşə bayramına və Vergilər Nazirliyinin yaradılmasının 9-cu ildönümünə həsr edilmiş kollegiya iclası keçirildi.

 

 Tədbirdə çıxış edən vergilər naziri - 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirdi ki, Azərbaycanda müasir vergi xidməti mərhum prezident Heydər Əliyevin 2000-ci il 11 fevral tarixli 281 nömrəli fərmanı ilə yaradılıb. Həmin vaxt vergi sisteminin müasir standartlar əsasında formalaşması üçün mühüm tədbirlər həyata keçirilib, ölkənin vergi siyasətinin konsepsiyası müəyyən olunub, vergi sistemində aparılan islahatların strategiyası əsas istiqamətləri təsdiqlənib. Nazirin sözlərinə görə, vergi sistemində genişmiqyaslı islahatların uğurunun təmin edilməsində vahid səmərəli idarəetmə strukturunun yaradılması mühüm rol oynayıb. F.Məmmədov xatırlatdı ki, ölkə başçısı İlham Əliyev tərəfindən fevralın 11-i Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı günü kimi təsis edilib.  

Ölkə iqtisadiyyatının inkişaf vəziyyətinə toxunan F.Məmmədov bildirdi ki, Azərbaycan iqtisadi artım sürətinə görə dünyada lider dövlətə çevrilib. Respublikada 2003-cü ildə irəli sürülmüş iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi strategiyasının ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin davamlı dinamik inkişafını sürətləndirib. Azərbaycanın milli iqtisadi inkişaf modelinin reallaşdırılması tələblərinə adekvat olaraq ölkənin vergi sistemi bu prosesin tərkib hissəsi olaraq təkmilləşdirilib. Vergilər Nazirliyi yarandığı dövrdən sonra aparılan islahatların nəticəsi olaraq ölkəmizdə təkmil vergi sistemi formalaşıb, vergi qanunvericiliyi təkmilləşdirilib, vergi inzibatçılığı yenidən qurulub, vergi ödəyicilərinə xidmətin keyfiyyəti artırılıb, vergi xidmətində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemləri yaradılıb. Nazirin dediyinə görə, "Vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət proqramı" 2005 - 2007-ci illər ərzində uğurla həyata keçirilib, onun reallaşdırılması nəticəsində güclü nəzarəti həyata keçirməyə imkan verən inzibatçılığın formalaşdırılmasına nail olunub: "Yeni inzibatçılıq mexanizmlərinin tətbiqi vergi ödəyiciləri üçün dünya təcrübəsində tətbiq olunan müasir xidmətləri təqdim etmək imkanları yaradıb, ölkədə "elektron-bəyannamə" sisteminin tətbiqinə başlanılıb. Bu prosesə 100 mindən artıq ödəyicinin qoşulduğu, 2008-ci ilin sonuna 850 mindən artıq bəyannamənin elektron formatda təqdim edildiyi vurğulanıb. Bununla yanaşı, son 2 ildə vergi ödəyicilərinə xidmət üçün kompüter terminallarının qurulmasına başlanıb, 15 belə terminal artıq vergi ödəyicilərinin istifadəsinə verilib. 2008-ci il ərzində bu terminallara 20 minədək vergi ödəyicisi müraciət edib".  

F.Məmmədov 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılması prosesinə toxunaraq bildirdi ki, ötən il 44.000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 6471 kommersiya-hüquqi şəxs vergi orqanlarında dövlət qeydiyyatına alınıb. Qeydə alınan kommersiya-hüquqi şəxslərin sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 30,0 faiz artıb.  

Kollegiya iclasında çıxış edən digər natiqlər də ötən 9 il ərzində vergi xidmətinin keçdiyi inkişaf yollarından danışdılar. Sonda peşə bayramı münasibətilə bir sıra vergi xidməti əməkdaşlarına nazirliyin fəxri fərmanı qiymətli hədiyyələr təqdim edildi.

  

 

Sevil.

 

Həftə içi.- 2009. – 12 fevral. - S. 5.