"Azarkeşlər
"Neftçi"dən
qələbə gözləyirlər"
1-ci dövrədə
zəif təsir bağışlayan "Neftçi"
qış fasiləsinə
turnir cədvəlinin
9-cu pilləsində yollandı.
Bir çox futbolçularla yollarını
ayıran flaqman Türkiyədə keçirilən
təlim-məşq toplanışı zamanı
heyətini xeyli gücləndirib.
Legioner
futbolçuları transfer edən "ağ-qaralar"
ölkə kubokunu qazanmaqla Avropa kuboklarına vəsiqə əldə
etmək əzmindədir. 2-ci dövrəyə
hazırlıq və qarşıdakı planlar barədə klubun vitse-prezidenti İlqar Quluzadə livesport.az saytının suallarına
cavab verdi. "Ağ-qaralar"ın əsas söz sahiblərindən olan vitse-prezident müsahibəyə
bu sözlərlə başladı.
- Son illərdə ölkəmizdə futbola göstərilən qayğı
xeyli artıb. Bunun nəticəsidir ki, artıq klublarımız ölkə
xaricində yüksəksəviyyəli
təlim-məşq toplanışları keçirlər.
Premyerliqada iştirak edən komandaların 70 faizi çempionata ölkə xaricində ciddi hazırlıq keçib. "Neftçi"
də belə klublardan biridir.
- Türkiyədə
keçirilən təlim-məşq toplanışından
razı qaldınızmı?
- Hazırlığımız yüksək
səviyyədə keçdi.
Bildiyiniz kimi, təlim-məşq toplanışı iki hissədən ibarət oldu. Komandamızın hazırlığı üçün
Antalyada hər cür şərait yaradılmışdı. Baş
məşqçi Hans-Yurgen
Gedenin istəyinə uyğun olaraq bir çox futbolçular heyətə
cəlb edilərək
sınaqdan keçdilər.
Hər mövqedə təxminən 7 - 8 futbolçu
yoxlanıldı. Sonda
almaniyalı mütəxəssisin
bəyəndiyi futbolçularla
müqavilələr imzalandı.
- Sizcə, yeni
oyunçular "Neftçi"yə uğurlar qazanmaqda
kömək edə biləcəkmi?
- İkinci dövrəyə
ciddi hazırlaşmışıq.
İrlandiya və Rumıniyadan güclü oyunçular transfer etmişik. Aulita və Niaqa böyük
təcrübəyə malikdirlər.
Bu futbolçular azarkeşlərə yaxşı
tanışdır. Aulita
İntertoto kubokunda
"Neftçi"nin
rəqibi olan "Vasluy"un heyətində çıxış
edib. Niaqaya gəlincə, bu
futbolçu "Styaua"da top qovub,
Çempionlar Liqasının
qrup mərhələsinin
iştirakçısı olub.
İnanırıq ki,
ikinci dövrədə
adlarını çəkdiyim
futbolçular və onlarla yanaşı komandamıza yeni cəlb etdiyimiz oyunçular "Neftçi"nin uğur qazanmasında
böyük rol oynayacaqlar.
- "Neftçi"nin
ambisiyalarını nəzərə alaraq avrokuboklara vəsiqə
qazanmaq uğrunda mübarizə aparacağı şübhəsizdir.
Ancaq "Avropaya pəncərə"ni ölkə kubokunda
qalib gəlməklə açmaq ehtimalı daha real
görünür...
- Hər görüşdə
qələbə uğrunda
mübarizə aparacağıq.
İstər premyerliqa,
istərsə də kubok oyunları olsun. Sözsüz, əsas məqsədimiz kuboku qazanmaqla azarkeşlərimizi sevindirməkdir.
Çalışacağıq göstərdiyimiz gözəgəlimli
oyunlarla futbolsevərləri
stadiona toplayaq. Premyerliqanın hər matçında da məzmunlu və baxımlı futbol nümayiş etdirməyə
çalışacağıq. Axı "Neftçi"nin azarkeşi ondan hər oyunda qələbə gözləyir! Deməli, hər oyuna final qarşılaşması
kimi çıxacağıq.
Ölkə çempionatında
mümkün qədər
irəliləməyi arzulayırıq
və bu səbəbdən də hansısa oyunu arxa plana keçirməyi
ağlımıza belə
gətirmirik.
- Yığma
komandamızın Dubayda təlim-məşq
toplanışı keçməsi digər klublar kimi
"Neftçi"yə də mane oldumu?
-
Düzdür, hazırlıq çərçivəsində
bəzi futbolçularımız
komandadan kənarda qaldılar. Amma ölkənin əsas yığmasının mənafeyinə
uyğun olaraq bu addımı atmalıyıq. Çünki
millimizi mart ayında Rusiya komandası ilə çətin sınaq gözləyir. Millinin mənafeyi isə hər birimiz üçün ön planda dayanır.
Həftə içi.- 2009.- 13 fevral.- S. 7.