Köçlə bağlı ən sıxıntılı
ölkə Özbəkistandır
Ertan Topçu: "Soydaşlarımızı
"Axıska türküyəm" deməyə
qoymurlar"
Axıska türklərinin
qayıdış prosesi sürətlənib. Artıq onlara
maliyyə dəstəyi ilə bağlı kampaniyalara
başlanılıb. Amma bununla yanaşı, onların bir
çox ölkələrdə ciddi problemləri var. Bu məsələlərə
mərkəzi Ankarada yerləşən Axıska Türkləri
Federasiyasının baş katibi, Dünya Azərbaycanlıları
Əlaqələndirmə Şurasının üzvü Ertan
Topçu "Həftə içi"nə müsahibəsində
aydınlıq gətirdi.
- Federasiya bundan sonra
çox gərgin fəaliyyətə başlayıb. Sadəcə,
Türkiyə daxilində deyil, bütün dünyada
Axıska türkləri ilə bağlı işlərə
başlamışıq. Hədəflərimiz bütün
dünyada yaşayan Axıska türklərinin problemlərinin
həll edilməsinə çalışmaqdır. Soydaşlarımızın
vətənə dönüşü ilə bağlı
"Vətən" cəmiyyətləri ilə birlikdə
işləyirik. Bu fəaliyyət də son zamanlar səmərəsini
verməkdədir.
- Müxtəlif ölkələrdə
Axıska türklərinin "Vətən" cəmiyyətləri
fəaliyyət göstərir. Federasiyanın onlarla fəaliyyət
mexanizmi necədir?
- Ukrayna, Rusiya,
Qazaxıstan və digər ölkələrdə fəaliyyət
göstərən "Vətən" cəmiyyətləri
ilə mütəmadi əlaqələr saxlayırıq. Həmin
təşkilatların rəhbərlərini tədbirlərimizə
çağırırıq. Problemlər yarandıqda
Türkiyənin həmin ölkələrdəki diplomatik
korpuslarının köməyi ilə çatışmazlıqların
həllinə çalışırıq.
Qayıdış məsələsində
Türkiyə və bu ölkənin qeyri-hökumət təşkilatları
da dəstəklərini əsirgəmirlər. Beynəlxalq Vətən
Cəmiyyəti isə ayrı bir qurumdur. Amma prinsipcə
birlikdə işləyirik. Hədəflərimiz eyni olduğu
üçün fəaliyyət istiqamətlərimiz də
uyğundur, əksər tədbirlərimiz birlikdə
keçirilir.
- Axıska türkləri
qayıdışla bağlı ən çox hansı ölkələrdə
problemlərlə üzləşirlər?
- Köçlə
bağlı ən sıxıntılı ölkələrdən
biri Özbəkistandır. Ondan sonra Qazaxıstanla
Qırğızıstan gəlir. Rusiyada isə daha əvvəllərdən
problemlər var idi. Amma onlar öz həllini tapdı. Hazırda
orada Axıska türklərinə davamlı olaraq dəstək
veririk. Problemləri dövlət orqanları
qarşısında qaldırdıq, Dumaya müraciət etdik.
Rusiya dövlət qurumları və rəsmiləri nəhayət
söz verdilər ki, bu işdə bizə
yardımçı olacaqlar.
- Özbəkistan və
digər ölkələrdə problem nədədir?
- Bu ölkələrdə
çoxsaylı çətinliklərimiz var və bunlar hələ
ki öz həllini tapmayıb. Bu məsələlərlə
bağlı proqram qəbul etmişik. Qarşıda duran əsas
vəzifələrdən biri də həmin proqramın həyata
keçirilməsidir. –
Yəni orada bilərəkdən
qayıdışa əngəllər törədirlər?
- Ən azı
qayıdışla bağlı qeyri-qanuni sıxıntı
yaradırlar. Onlar bürokratik əngəllərlə üzləşirlər.
İş o yerə çatıb ki,
soydaşlarımızı "Axıska türküyəm"
deməyə qoymurlar.
- Bunun kökündə
nə durur?
- Özbəkistan
bildirir ki, orada yalnız özbəklər yaşayır -
hamı Özbəkistan vətəndaşıdır. Heç
kim bu ölkəni tərk etməməlidir, bu addımı
atanlar isə geri dönməməlidirlər. Yəni orada demokratik davranmırlar, əksinə, qanunlardan tərsinə istifadə edirlər.
- Bəs Rusiyada problem nə ilə bağlı idi?
- Rusiyada
ora 1990-cı illərdə
köçmüş həmvətənlərimizə
pasport vermirdilər. Daha sonra bu pasportlar verilməyə başladı.
Oradakı Axıska türklərinin bir qismi
Amerikaya köçməyə başladı. Qalanlar da həmin pasportu alacaqlar. Yəni artıq Rusiyada yaşayan Axıska türklərinin
öz vətənlərindən sürgün olunduqları bəyanlanıb.
İndi Rusiyada elə də problemimiz yoxdur.
Keçən il ruslarla birlikdə Rostovda
toplantı keçirdik və tədbirin sonunda qərar qəbul
edildi. Rusiya rəsmiləri bildirdilər ki,
öz vətənlərinə qayıtmaq istəyən
Axıska türklərinə lazımi qədər maddi dəstək
verəcəklər. Həmçinin diqqətə
çatdırıldı ki, Rusiyada yaşamağa
üstünlük verənlərə də kömək əli
uzadılacaq.
- Gürcüstan hökuməti
ilə narazılıqlar varmı?
- Hazırda
Gürcüstan hökuməti ilə bağlı ciddi
problemimiz yoxdur. Onlar köçlə bağlı qoyulan
müddəti artırdılar. Bilirsiniz ki, bu müddət
artıq ötən il başa çatıb. Amma Beynəlxalq
Vətən Cəmiyyətinin sədri Süleyman Barbakadze Avropa
Şurasının baş katibi Terri Devislə
görüşdü. Həmin görüş nəticəsində
vaxt 6 ay da uzadıldı. Bu müddət başa çatandan
sonra bizə daha 6 ay vaxt veriləcək. Ümumilikdə proses
2 ilə başa çatacaq.
- Maliyyə məsələləri
necə həll olunur? Donor ölkələr və beynəlxalq
təşkilatlar bununla bağlı addım
atırlarmı?
- Bu günlərdə
maliyyə vəsaitlərinin əldə olunması
üçün marafonlar başlandı. Müəyyən
kampaniyalara start verildi. Azərbaycan türk dövləti
olduğu üçün ilk olaraq kampaniyanın buradan
başlamasına qərar verdik. Bundan sonra Türkiyə və
başqa ölkələrdə də kampaniya davam etdiriləcək.
Beynəlxalq təşkilatlar və donor ölkələr isə
hələ bu günə qədər bizə maliyyə
yardımı etməyiblər. Təbii ki, onların maliyyə
dəstəyi vermələri də gözlənilir. Onlar
qayıdış prosesini izləyirlər. Köç prosesi
başlayanda bir plan hazırlanacaq. Həmin plana uyğun olaraq
layihələr reallaşdırılacaq. Avropa ölkələri,
beynəlxalq təşkilatlar və digər donor dövlətlər
bundan sonra yardım edəcəklər.
- Axıska türkləri
daha çox hansı ölkələrdə rahat
yaşayırlar. Bu baxımdan Azərbaycanın digər
ölkələrdən fərqi nə qədərdir?
- Azərbaycan Axıska
türklərinin ən rahat yaşadığı ölkədir.
Bu da eyni millət olmağımızdan irəli gəlir.
- Qayıdış məsələsində
Azərbaycan və türk diasporunun rolu nə qədərdir?
- Diaspor bu günə qədər
qayıdış prosesinə mənəvi dəstək verdi. Bundan
sonra da həm maddi, həm də mənəvi olaraq hər kəs
öz borcunu yerinə yetirəcək.
- Gürcüstan azərbaycanlıları
Axıskaya yaxın ərazidə yaşayırlar. Bir millət
olduğu üçün Axıska türkləri ilə azərbaycanlıların
əlaqələri daha vacibdir. Bu münasibətlər
qurulubmu?
- Azərbaycan Diasporla
İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə ildə bir dəfə Gürcüstanda toplantılar
keçiririk. Orada bizim tədbirlərimizə
Borçalıdan da qatılırdılar. Onlarla işbirliyi yaratmaq
üçün qərar qəbul etmişik. Bundan sonra
aksiyalarımızı Gürcüstanda da müştərək
həyata keçirəcəyik. Bir-birimizə mənəvi dəstək
də verəcəyik. Lazım olacağı təqdirdə
hüquqlarımızı birgə tələb edəcəyik.
Çünki eyni millətik.
- Qurultayın vaxtı və
yeri dəqiqləşib?
- Bununla bağlı
müəyyən müzakirələr aparmışıq. Amma
qurultayın konkret hansı tarixdə keçiriləcəyi dəqiqləşməyib.
Çox güman ki, Amerikada təşkil olunacaq. Fikirləşirik
tədbir orada keçirilsə, daha böyük səs sala bilər.
Bir də orada 12 min nəfərə yaxın
soydaşımız var.
- Amerikada yaşayan
Axıska türkləri də qayıdacaqlar?
- Kim qayıtmaq istəsə,
ona yardımçı olacağıq. Amma onların
Axıskaya qaytarılması hədəfimiz deyil. Amerika
lazımlı dövlətdir. Orada diasporumuzun olması bizim fəaliyyətimiz
üçün önəmlidir.
Həftə içi.- 2009.- 13 fevral.- S. 3.