"Heç kim Azərbaycanı döyüş meydanına
çevirə bilməz"
İlham Əliyev: "Qarabağ
münaqişəsinin həllində
irəliləyişlər var"
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "İzvestiya" qəzeti,
"İTAR-TASS" informasiya agentliyi və "Rossiya" telekanalına müsahibə verib. Müsahibədə dövlət başçısı
son illər Azərbaycanın
keçdiyi yol, gələcək haqda fikirləri və sair məqamlar haqda danışıb.
- Bir neçə ay əvvəl
siz ölkədə keçirilən prezident seçkisində inamlı
qələbə qazanaraq
ikinci dəfə dövlət başçısı
seçildiniz. Sualı
belə qoyaq: necə düşünürsünüz,
bu 5 ildə nəyə nail ola
bilmədiniz?
- Bu illər
ərzində görülən
işlərdən danışmaq
daha asandır. Təbii ki, həyata keçirə bilmədiyimiz
məsələ Ermənistan
- Azərbaycan münaqişəsinin
həlli prosesidir.
Bu bizim ölkəmizin
inkişafı üçün
ən vacib məsələdir. Bütün
digər sahələrdə
qarşıya qoyduğumuz
məqsədlərə nail olmuşuq.
- Azərbaycanın
investisiyalar üçün
cəlbedici olmasını
nə ilə əlaqələndirirsiniz?
- Dövlətçiliyin
qurulması mərhələsində
bizim əsas kozırımız neft-qaz
sektoru idi. Həyata keçirilmiş investisiya
layihələri dünyada
Azərbaycanın etibarlı
tərəfdaş kimi
tanınmasına şərait
yaradıb.
Bizim üzərimizə götürdüyümüz
öhdəliklərə əməl
etmədiyimiz heç
bir hal mövcud
deyil.
- Dövlətin
müdafiə potensialının
gələcək inkişafını
necə görürsünüz?
- Biz bu məsələyə çox
böyük diqqət
ayırırıq. Bu, əlbəttə, çox
nəhəng həcmdə
maliyyə resursları
tələb edir.
Bu gün Azərbaycanın
dövlət büdcəsində
məhz bu sahəyə ayrılan məbləğ miqdarına
görə ilk yerdədir.
Lakin şübhəsiz orduya lazımi diqqət olmazsa, çox böyük problemlər meydana çıxa bilər. Nə qədər ki
Ermənistan - Azərbaycan
münaqişəsi həllini
tapmayıb, bizim bu siyasətimiz davam etdiriləcək.
Qısa zamanda biz nəinki Silahlı Qüvvələrimizin
güclü maddi-texniki
bazasını yarada bilmişik, həmçinin
ordunun peşəkarlığını,
döyüş qabiliyyətini
yüksəltməyə nail olmuşuq. Biz Azərbaycanda
heç zaman olmamış hərbi sənaye kompleksi formalaşdırmışıq, bir neçə il əvvəl
ölkənin Müdafiə
Sənayesi Nazirliyi yaradılıb. Artıq bu gün bizim dünya standartlarına uyğun hərbi müdafiə məhsulları istehsal edilir.
Təbii ki, bu bizim
hərbi potensialımızın
güclənməsinə, həmçinin
əminəm ki, regionda sabitliyə aparır. Bu gün Azərbaycan ordusu bütün məqsədlərə
nail olmaq iqtidarında
olan, ilk növbədə
işğal olunmuş
torpaqları azad edə biləcək güclü strukturdur. Əgər Azərbaycan Sovet İttifaqının dağıldığı
dövrdə belə hərbi potensiala malik olsaydı, bizim torpaqlarımız ümumiyyətlə işğal
edilməzdi. Bu gün kiminsə Azərbaycanı döyüş
meydanına çevirə
biləcəyini təsəvvür
etmək çətindir.
Biz bundan sonra
da bu məsələyə
böyük diqqət
ayıracaq, işğal
altındakı torpaqlarımızın
azad olunmasınadək
bu siyasəti davam etdirəcəyik.
- Fikrinizcə,
Dağlıq Qarabağ
münaqişəsinin həllinin
əsas prinsipi nədir? Bu, bir
tərəfdən postsovet
məkanında mövcud
olan ən uzun münaqişədir, digər yandan isə hansısa irəliləyişlər baş
verir. Sankt-Peterburqda
erməni həmkarınızla
görüşdünüz, Moskva bəyannaməsi imzalanıb...
- Razıyam,
müəyyən irəliləyişlər
var. Mən hətta deyərdim münaqişənin
sülh yolu ilə çözülə
biləcəyinə dair
bəzi ümidlər
də mövcuddur.
1994-cü ildə atəşkəs
haqda razılaşmanın
əldə olunmasından
artıq demək olar 15 il
keçir. Bizim bu dövr ərzində atəşkəsə
sadiq qalmağımız
konstruktiv mövqeyimizi
sübut edən əsas arqumentdir. Çünki əks halda
münaqişəni başqa
yolla həll edərdik. Nə vaxt ki biz danışıqlar
prosesinin mənasız
olduğunu anlayacağıq,
yəqin həmin an problemin başqa
vasitələrlə həlli
yollarının axtarılmasına
başlanacaq. Hazırda düşünürük
danışıqlar prosesi
tam iflasa uğramayıb.
Azərbaycan danışıqlar prosesini intensivləşdirməyə
və perspektivləri
özü üçün
dəqiq aydınlaşdırmağa
çalışır. Biz həmişə demişik ki, münaqişə yalnız
mərhələli şəkildə
həll oluna bilər. Birinci mərhələdə Azərbaycanın işğal
altındakı torpaqları
azad edilməlidir.
Bu, Dağlıq Qarabağ ətrafındakı
7 rayondur. Daha sonra
həmin rayonlara qaçqınlarımız və
daxili köçkünlərimiz
qayıtmalı, bu ərazidə yaşayacaq əhalinin təhlükəsizliyinə
beynəlxalq zəmanət
olmalıdır. Növbəti mərhələdə isə
Dağlıq Qarabağın
hüquqi statusu müəyyənləşdirilməlidir.
Bu status isə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində,
heç zaman indiki qədər monoetnik olmayan Dağlıq Qarabağ əhalisi üçün
yüksək muxtariyyətin
verilməsi ilə həllini tapa bilər. Hesab edirik danışıqlar
prosesinin bugünkü
formatı bu yanaşmaları özündə
əks etdirir. Bu
gün Ermənistana yeni şəxs rəhbərlik edir və İrəvanın bu məsələyə daha konstruktiv yanaşacağına ümidlər
var. Ermənistanla danışıqlar
prosesi bu yaxınlarda Azərbaycan və Ermənistan arasında imzalanan və münaqişənin
beynəlxalq hüquq norma və
prinsipləri, beynəlxalq
təşkilatlar çərçivəsində
qəbul edilmiş qərar və sənədlər əsasında
nizamlanmasını nəzərdə
tutur. Təbii ki, burada söhbət BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi,
BMT Baş Assambleyasının
qətnaməsi, Lissabon
sammitinin qərarından
gedir. ATƏT və bütün bu sənədlər münaqişənin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllini nəzərdə
tutur. Moskva bəyannaməsində də münaqişənin
bütün mərhələlərinin
beynəlxalq zəmanətlə
tamamlanacağı qeyd
olunur. Həmçinin bu da bizim mövqeyimizi təsdiqləyir.
- Siz Moskvada təhsil
almısınız, gənclik
illərinizin bir hissəsini orada keçirmisiniz. Bu yaş
həddi isə həyatın ən xoş dövrüdür.
Sizi Moskva ilə nə bağlayır?
- Əlbəttə, həmin
illər mənim yaddaşımda həmişəlik
qalacaq. Moskvada təhsil aldığım
vaxtlarda mən çox sayda dost-tanış qazanmışam.
Moskvada 15 il
yaşamışam və
deyə bilərəm
ki, mənim Rusiya siyasətinin nüansları, rus insanının ürəyi
ilə bağlı problemim yoxdur.
Cahangir Həsənli
Həftə içi.- 2009.- 14-16 fevral.- S. 1-2.