"Ədalət"dən Lenmarkerə etiraz

 

İlyas İsmayılov: "Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır"

 

 Ədalət Partiyası konstitusiyaya əlavə dəyişikliklərlə bağlı partiya üzvlərinin referendumda iştirakına qadağa qoyulmasını qanunsuzluq hesab edir. Partiyanın sədri, millət vəkili İlyas İsmayılov bildirib ki, səsvermə gizli keçirilir.

Hər bir partiya üzvü öz rəyinə uyğun olaraq bu prosesdə iştirak etməlidir. Onu da qeyd edək ki, referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib. Dairə seçki komissiyalarında 124 təşəbbüs qrupu qeydiyyatdan keçib. Onun sözlərinə görə, bəzi partiya sədrlərinin bu prosesdə iştirak etməmək və partiya üzvlərini də buna çağırması düzgün addım deyil. "Hər bir adam dəyişikliklərə münasibətini səsvermə günü gizli şəkildə bildirməlidir. Konstitusiya dəyişikliklərinin əleyhinə olmağı əvvəlcədən bəyan etmək yanlış addımdir" - Ədalət Partiyasının sədri əlavə edib.

İ.İsmayılov təbliğat kampaniyası zamanı partiyanın referendumla bağlı təsis edilən hər hansı təşviqat qrupu ilə əməkdaşlıq etməyəcəyini, amma hər kəsin prosesdə sərbəst qərar qəbul etmək haqqı olduğunu deyib. Onu da qeyd edək ki, İ.İsmayılovun rəhbərlik etdiyi partiya ATƏT-in Parlament Assambleyasının Gürcüstan və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib. "Azərbaycanda səfərdə olan xüsusi nümayəndə Qoran Lenmarker münaqişənin bu il həlli üçün imkanların yarandığını vurğulayaraq tərəflərə beynəlxalq hüququn iki prinsipi - ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi əsasında balans tapılmasını tövsiyə edib. Biz bu fikirləri terrorçu-separatçılara açıq dəstək kimi qiymətləndiririk" deyə partiyadan bildirilib. O da vurğulanıb ki, beynəlxalq hüququn xalqların öz müqəddəratını təyinetmə prinsipi Dağlıq Qarabağda yaşayan ermənilərə şamil oluna bilməz: "Çünki ermənilər bir xalq kimi öz müqəddəratlarını təyin edərək Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağda yaşayan ermənilər isə ayrıca götürülmüş xalq yox, erməni millətinə mənsub Azərbaycan vətəndaşlarıdır" - sənəddə qeyd olunub. Ədalət Partiyası hesab edir ki, bu vətəndaşlar Ermənistanın açıq-aşkar hərbi-siyasi yardımıyla Azərbaycan dövlətinə qarşı qiyam qaldıraraq Ermənistanda və Qarabağda etnik təmizləmə siyasəti apararaq Azərbaycan ərazilərini işğal ediblər. "Bu faktlar dəfələrlə ATƏT-in və BMT-nin müvafiq hesabat və qətnamələrində də öz əksini tapıb" - bəyanatda bildirilir. Ədalət Partiyası hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xalqların öz müqəddəratını təyin etməsi prinsipinin əsas götürülməsi gələcəkdə nəinki Azərbaycanda, ümumiyyətlə dünyanın bir çox ölkələrində separatizmi daha da gücləndirə bilər. "Qoran Lenmarkerin məntiqi ilə yanaşsaq, ABŞ və Avropada onlarca erməni dövləti yaranmalı, İspaniyada basklara, Kvebekdə fransızlara özlərinin dövlətini yaratmaq imkanı verilməlidir" - sənəddə deyilir.

    

 

Elnur

 

Həftə içi.- 2009.- 14-16 fevral.- S. 3.