"Xocalı soyqırımı" kitabı təqdim olundu

 

"Burada faciə onun qurbanlarının özləri tərəfindən anladılır"

 

Dünən millət vəkili Həvva Məmmədovanın "Xocalı soyqırımı" adlı kitabının təqdimatı keçirildi. Müəllif vurğuladı ki, Xocalı XX əsrdə 3 dəfə ermənilər tərəfindən yerlə-yeksan edilib.

Sonuncu dəfə 1992-ci ilin 26 fevralında baş verən soyqırım isə dünyanın 38 ölkəsindən olan 47 əcnəbi jurnalistin gözü qarşısında baş verib: "Faciədən 17 il keçməsinə baxmayaraq, hələ də dünyanın heç bir ölkəsində bu faciə soyqırım kimi tanınmayıb. Bu, dünyadakı hər bir azərbaycanlının qarşısında bir nömrəli vəzifə kimi dayanmalıdır". H.Məmmədova vurğuladı ki, kitab bir neçə dəfə nəşr olunsa da, sonuncu variantda Xocalıda əsir düşmüş azərbaycanlıların başına gələnlər onların öz dillərindən verilməklə daha da zənginləşdirilib ingilis dilində çap edilib.   

Kitabın redaktoru, millət vəkili Qənirə Paşayeva isə bildirdi ki, Azərbaycanın milli faciələrini özündə əks etdirən bu cür kitablar çox nəşr olunmalıdır. Lakin kitabların sayı çox, içindəki məlumatlar keyfiyyətsiz olduqda bu amil özümüzə qarşı işləyəcək. Millət vəkili bu kitabın gələcəkdə digər xarici dillərdə nəşrinin nəzərdə tutulduğunu da dedi: "Kitabın başlıca üstünlüklərindən biri Xocalı faciəsinin onun qurbanları vasitəsilə təsvir olunmasıdır. Bizim başımıza gələnləri xaricilər kitabı oxuyandan sonra daha yaxşı anlayacaqlar. Kitabda həmçinin Xocalıda qətlə yetirilənlərin hamısının adları göstərilib. Həkimlərdən alınmış arayışlar dərc olunub". Q.Paşayeva imkanlı şəxsləri bu cür kitabların nəşrinə maliyyə yardımları ayırmağa da çağırdı. Onun sözlərinə görə, "Xocalı soyqırımı" kitabı internetdəki "Vikipedia" ensiklopediyasına da yerləşdiriləcək. Bu məsələdə Amerika - Azərbaycan Cəmiyyəti yaxından yardım göstərəcək.    

Həmin təşkilatın Azərbaycandakı nümayəndəsi Kəmalə Paşayeva isə bildirdi ki, AAŞ-ın vasitəçiliyi ilə ABŞ-da 10 gün davam edəcək Xocalı kampaniyası keçiriləcək: "İlk tədbirimiz fevralın 20-də Kaliforniynın San-Fransisko şəhərində - Börnli Universitetində təşkil olunacaq. Buradakı konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsi barədə çəkilmiş film sərgi nümayiş etdiriləcək. Bu tədbirlərə 3 millət vəkilimiz digər rəsmilər qatılacaq". K.Paşayevanın sözlərinə görə, tədbirdə professor Tomas Qolts da iştirak edəcək. Belə ki, bu şəxs Xocalı soyqırımı baş verəndə orada olub. Daha sonra isə Çikaqo Hüüstonda tədbirlər təşkil olunacaq. Vaşinqtonda Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək. Nyu-Yorkda da 2 tədbirin keçirilməsi planlaşdırılır. İlk olaraq BMT-nin binası qarşısında dinc aksiyanın keçirilməsi, gün ərzində Xocalıda qətlə yetirilənlərin xatirəsinə şam yandırılması planlaşdırılır. Fevralın 28- isə müxtəlif diaspor təşkilatlarının iştirakı ilə daha bir seminar keçiriləcək.   

Daha sonra digər planlaşdırılan işlər barədə də danışan millət vəkili Həvva Məmmədova vurğuladı ki, Xocalıdan əvvəl ermənilər Qarabağda 15 kəndi dağıdıblar, müxtəlif faciələr yaşanıb: "Artıq bu faciələrin də ayrı-ayrılıqda çatdırılması, bu istiqamətdə təbliğat işlərinə start verilməsinin vaxtı çatıb". Q.Paşayeva isə vurğuladı ki, ABŞ-dakı tədbirlər çərçivəsində Qubadakı soyqırım abidəsinin təbliği nəzərdə tutulub. Belə ki, oradakı tədbirlər çərçivəsində Qubada tək azərbaycanlılar yox, eləcə yəhudilərin qətlə yetirilməsinə dair məlumatlar ABŞ-dakı müxtəlif lobbi təşkilatlarının diqqətinə çatdırılacaq.

 

 

 Azad Əliyev

 

Həftə içi.- 2009.- 18 fevral.- S. 2.