Bakı səfərin reallaşmasında maraqlıdır

 

"Lakin Qarabağa başqa marşrutla getmək müstəqilliyimizə yuxarıdan-aşağı baxmaq deməkdir"

 

"İstəyirik, O""Hara da gəlsin, amma bizim dediyimiz - qanunun dediyi çərçivədə"

 

"Biz Avropa Şurası Parlament Assambleyasının Cənubi Qafqazda mədəniyyətin, mədəni irsin araşdırılması ilə bağlı məruzəçisi Edvard O""Haranın bölgəyə səfərinin baş tutmasında Azərbaycan tərəfi olaraq çox maraqlıyıq" - bu fikirləri dünən millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov səsləndirdi. Onun sözlərinə görə, bu qurumun Mədəniyyət, Elm, Təhsil Məsələləri Komitəsində "Cənubi Qafqazda mədəniyyətin vəziyyəti" məsələsi 2001-ci ildən başlayaraq müzakirə hədəfidir. Bir ara hətta O""Hara Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərə gəlməkdən də imtina etmişdi: "Bununla bağlı o zaman da bildirdim ki, ya O""Hara tələsib, ya da sözügedən şəxs hansısa şəxsi, korporativ maraqlardan çıxış edib. Elə əvvəldən də biz onun tərəfdarı olmuşuq ki, bu səfər kompleks halında bir araşdırmanı əhatələməlidir". R.Hüseynov onu da vurğuladı ki, məruzəçi tək Azərbaycanın - daha doğrusu, ermənilərin işğalı altındakı ərazilərdəki abidələri deyil, Ermənistanda olan qədim azərbaycanlılara məxsus abidələri də araşdırmalıdır.   

Bununla yanaşı, o, eləcə də Gürcüstan ərazisində olan Azərbaycan abidələrini də təftiş etməlidir. R.Hüseynov bu səfərlə bağlı yaşanan problemlərin səbəblərini də açıqladı. Bildirdi ki, Ermənistan tərəfi Naxçıvanda Culfa qəbiristanlığının araşdırılmasında təkid edir: "Biz isə deyirik ki, Azərbaycanın istənilən yerində, istənilən ərazisində istənilən məsələni gedib araşdırın. Ancaq əvvəlcə işğala məruz qalan ərazilər - Dağlıq Qarabağ, bu bölgədən kənardakı 7 rayon, oradakı qəbiristanlıqlar, qədim abidələr araşdırılaraq təftiş olunmalıdır. Eyni zamanda deyirik və israr edirik ki, əgər Dağlıq Qarabağa getmək istəyirsinizsə, bu, Ermənistan yox, Azərbaycan ərazisindən həyata keçirilməlidir. Digər marşrutla Dağlıq Qarabağa səfər etmək Azərbaycan tərəfindən məqbul sayılmır". Millət vəkili dedi ki, Dağlıq Qarabağa, ona bitişik işğal altında olan digər ərazilərə başqa bir marşrutla getmək Azərbaycanın müstəqilliyinə yuxarıdan-aşağı baxmaq deməkdir. Bunlar adi prinsiplər, adi şərtlərdir: "Odur ki əgər cənab O""Hara indi bu səfərin baş tutmamasının günahını bizim üzərimizə atırsa, bunun səbəbini bizdə axtarırsa, bu, heç cür düzgün mövqe, düzgün yanaşma deyil. Avropa Şurası kimi çox mötəbər bir təşkilat var. Azərbaycanla Ermənistan da bu təşkilatın bərabərhüquqlu üzvüdür və bu baxımdan bu məsələni həmin qurum özü müəyyənləşdirməli, həll etməlidir". Deputat həmçinin bildirdi ki, Avropa Şurası daim Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü tanıdığını bəyan edib. Ermənistanın da təcavüzkar olduğunu öz sənədlərində göstərib. Ona görə Avropa Şurası formatı əvvəldən elə müəyyən edib ki, bu üç Qafqaz ölkəsinə səfər məhz eyni vaxtda olmalıdır. Bu baxımdan indi burada sağa-sola çəkmək, hansısa bəhanələrlə vəziyyətdən çıxmaq heç cür qəbul olunan deyil. O""Hara da olmasa, digər bir missiyanın bu bölgəyə səfəri mütləq baş tutacaq. R.Hüseynovun sözlərinə görə, Avropa Şurasının baş katibi Terri Devisin özünün müəyyən etdiyi bir missiya var ki, onun da səfərinin gerçəkləşməsi istiqamətində artıq müvafiq addımlar atılır: "Düşünürəm ki, bəlkə də tərkibinə çoxlu sayda müxtəlif sahələri bilən mədəniyyət mütəxəssisləri daxil ediləcək missiyanın səfərinin baş tutması daha məqsədəuyğundur. İstəyirik O""Hara da gəlsin, amma bizim dediyimiz - qanunun dediyi çərçivədə. O formatda Azərbaycana da, Ermənistana da, Gürcüstana da gəlib-getsin. Yaxud Gürcüstanı kənara qoyaraq bura gəlirsə, işğal altındakı ərazilərə, o cümlədən Naxçıvana baş çəkirsə, mütləq Ermənistan ərazisindəki Azərbaycan mədəni irsini də araşdırmalıdır".

 

 

Azad Əliyev

 

Həftə içi.- 2009.- 19 fevral.- 1,3.