Türkiyə əsas hədəfdən yayınır
Nizami Cəfərov:
"
"Azərbaycan heç
vaxt razı olmaz ki, müttəfiqi
sonda onu tək qoysun"
"Azadlıq"
radiosunun Ermənistan xidmətinin Türkiyənin
Ermənistanla münasibətlərini
normallaşdırmaq üçün
Dağlıq Qarabağla
bağlı şərtindən
vaz keçdiyi barədə yaydığı
məlumat Azərbaycan
və Türkiyə ictimaiyyəti ilə yanaşı, rəsmilərin
də aktual mövzusuna çevrilib. Türkiyə rəsmiləri
açıqlamalarında bu
məlumatın həqiqətəuyğun
olmadığını bildirsələr
də, əsas hədəfdən yayınırlar.
Daha çox Azərbaycan ictimaiyyətini
bir sual düşündürür: "İşğal faktı olduğu halda Türkiyə Ermənistanla
sərhədlərini açacaqmı?".
Bu sual Azərbaycanın
müxtəlif dairələrində
bu və ya digər formada
izah edilir. Əksəriyyət isə
qardaş Türkiyənin
Avropa Birliyinə daxil olmaq və
Rusiya ilə münasibətlərini normallaşdırmaqdan
ötrü bu oyunda fəal iştirak edəcəyi ehtimalı üzərində
dayanır. İctimaiyyətin
narahatlığını görən
Azərbaycanın Türkiyədəki
səfirliyi dünən
bu məsələ ilə bağlı açıqlama yayıb.
Sənəddə baş nazir Rəcəb Tayyib Ərdoğan, baş nazirin müavini Cəmil Çiçək və Türkiyə Böyük
Millət Məclisindəki
Türkiyə - Azərbaycan
dostluq qrupunun sədri Mustafa Kabakçının
açıqlamalarında Türkiyənin
Dağlıq Qarabağ
məsələsində tutduğu
mövqe açıq
vurğulanıb. Açıqlamada
o da bildirilib ki, Türkiyə xarici siyasətinin təməl hədəflərindən
biri bütün qonşu ölkələrlə
problemlərin aradan qaldırılmasıdır: "Türkiyə ilə Ermənistan arasında ikitərəfli əlaqələrin
normallaşdırılması məqsədilə aparılan
danışıqlar da
bu çərçivədə
davam edir. Digər tərəfdən
Azərbaycanla Ermənistan
arasında da Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş dialoq prosesi var. Bu proseslərin birində əldə olunacaq irəliləyişin
digər prosesə müsbət təsir göstərəcəyini gözləyə
bilərik". Lakin Türkiyənin heç bir rəsmisi Azərbaycan ictimaiyyətini
daha çox düşündürən "İşğal faktı olduğu halda Türkiyə Ermənistanla
sərhədlərini açacaqmı"
sualına cavab verməkdən yayınıb.
Prezidentin İcra
Aparatı ictimai-siyasi
şöbəsinin müdiri
Əli Həsənov bildirib: "Təəssüf
ki, Türkiyənin Ermənistanla münasibətlər
qurması üçün
Dağlıq Qarabağla
bağlı şərtindən
imtina etməsi ilə bağlı mövzu bir neçə gündür
Azərbaycan mətbuatında
cavabsız şəkildə
birtərəfli qaydada
işıqlandırılır". Şöbə müdirinin
sözlərinə görə,
Azərbaycan ictimaiyyətinin
və mətbuatının
haqlı narahatlığı,
narazılığı mətbuat
səhifələrində görünməkdədir:
"Həm mərhum Turqut Özalın, həm də ondan sonrakı hökumətlər dövründə,
həm də AKP dönəmində cənab
Ərdoğanın bəyanatında
dəfələrlə bildirilib
ki, Ermənistan Azərbaycanın işğal
olunmuş torpaqlarını
azad etməyincə, qaçqın və köçkünlər yurdlarını
qayıtmayınca, Ermənistanla
Azərbaycan arasında
sülh yaranmayınca
işğalçı dövlətlə
heç bir siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələr
qurmayacaq. Biz bu sözə inanırıq
və bu gün də o fikirdəyik ki, belə olaraq da qalıb. Amma nəyə görə bu məsələyə aydınlıq
gətirilmir, bunu Türkiyənin Azərbaycandakı
səfirindən və
digər türkiyəli
dostlarımızdan soruşun".
Ə.Həsənov Azərbaycan
ictimai rəyinin Türkiyənin hakimiyyət
dairələri üçün
əhəmiyyətsiz olmadığına
əminliyini vurğulayıb:
"Biz əbədi müttəfiqlik
haqqında xalqlarımıza
dəfələrlə siyasi
və tarixi bəyanatlar vermişik. Bu
müttəfiqliyi qorumaq
Türkiyənin və
Azərbaycanın rəsmi
və qeyri-rəsmi dairələrinin borcudur".
Ədalət Partiyasının
sədri, millət vəkili İlyas İsmayılov bildirib ki, Türkiyə rəsmilərinə inanmalıyıq:
"Onlar Dağlıq
Qarabağ məsələsində
Azərbaycanın yanında
olduğunu söyləyirlər.
Mənim bu məsələ ilə əlaqədar ayrı informasiyam olmadığından
digər söylənilən
fikir və ehtimallara inanmaq istəmirəm". Deputatın
fikrincə, əgər
Türkiyə Dağlıq
Qarabağ və yaxud da digər
məsələlərdə Azərbaycanın maraqlarına
zidd hərəkət
edərsə, onda yəqin dövlətimizin
ona münasibəti məlum olacaq: "İndi isə hələlik dövlətimiz
bu məsələdə
hər hansı bir addım atmır".
Milli Məclisdə
Azərbaycan - Türkiyə
dostluq qrupunun rəhbəri, professor Nizami
Cəfərov isə bildirib ki, Türkiyənin
Ermənistanla sərhədləri
açması böyük
bir siyasi səhv ola bilər:
"İnanmıram ki,
rəsmi Ankara Dağlıq
Qarabağ problemi həll olunmamış sərhədləri açsın.
Danışıqlar gedir,
qarşılıqlı mübadilələr
var. Sadəcə, mətbuatın
bu reaksiyası ki ortaya çıxıb,
buna kəskin açıqlama vermək lazım idi. Türkiyə bu məsələdə qəti
sözünü deməliydi.
Vurğulamaq lazımdır
ki, Azərbaycanda bu məsələyə çox həssas baxırlar. Odur ki gərək Türkiyənin dövlət
rəhbərliyi, ən
azından xarici işlər naziri belə bir açıqlama
verəydi". N.Cəfərova
növbəti sualımız
səfirliyin dünən
yaydığı açıqlamasında
Türkiyənin bütün
qonşu ölkələrlə
problemlərin aradan qaldırılmasını nəzərdə
tutması ilə bağlı oldu: "Bu o demək deyilmi ki, Ermənistanla iqtisadi əlaqələr qurulacaq, sərhədlər
açılacaq". Millət
vəkili bildirdi:
"Əminəm ki, bu baş verə
bilməz. Türkiyə
cəmiyyətinə və
dövlətinə də
məlumdur ki, əgər Dağlıq Qarabağ məsələsi
çözülmədən rəsmi Ankara Ermənistanla
sərhədlərini açsa,
onda istər-istəməz
Azərbaycanı incitməli
və ya itirməli olacaq. Bir də ermənilər
gərək öz məlum iddialarından əl çəkməlidirlər".
"Rusiyanın Ankaraya
təsiri və Türkiyənin Avropa Birliyinə daxil olması məsələsi
burada rol oynaya bilərmi" sualımızı cavablandıran
N.Cəfərov onların
burada həlledici olmadığını söyləyib.
Onun sözlərinə
görə, Türkiyə
Avropa Birliyinə üzv olmaq üçün türk dünyasına arxa çevirə bilməz:
"Mənə elə
gəlir ki, burada ictimaiyyətin və mətbuatın narahatlığı müşahidə
olunur. Türkiyə cəmiyyətində də
məlum güzəştlərlə
Avropa Birliyinə girə biləcəyi yaxşı qarşılanmır.
Türkiyə öz maraqlarını buna qurban verəcəksə, Avropa Birliyi onun nəyinə lazımdır? Dövlət
Avropa Birliyinə üzv olmur, ora xalqı, cəmiyyəti aparır".
Millət vəkili onu da qeyd
edib ki, gərək Türkiyə
Ermənistana müəyyən
jestlər etməlidir.
Amma bu o demək deyil ki Türkiyə hansısa güzəştlərə
gedə bilər:
"Azərbaycan heç
vaxt razı olmaz ki, hansısa
məsələlərdə əvvəlcədən razılığa
gələn müttəfiqi
sonda onu tək qoysun".
Elnur
Həftə içi.- 2009.- 20 fevral.- S. 1,3.