Deputatlarımız erməni həmkarları ilə görüşdülər
Dünən Vyanada ATƏT
Parlament Assambleyasının
qış sessiyası
öz işinə başlayıb. Sessiyadan əvvəl isə qurumun Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr
üzrə məruzəçisi
Qoran Lenmarkerin təşəbbüsü ilə
3 Cənubi Qafqaz dövlətinin parlamentarilərinin
birgə görüşü
təşkil olunub.
ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimovun sözlərinə görə, görüşdə Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələr ətrafında müzakirələr olub. Qarabağ münaqişəsinin həlli üçün ölkə prezidentlərinin siyasi iradə nümayiş etdirməsinin zəruriliyi vurğulanıb. Millət vəkili vurğuladı ki, Q.Lenmarker bölgəyə son səfəri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, xüsusi məruzəçi Qarabağ münaqişəsi ilə bağlı ölkə başçıları və xarici işlər nazirləri səviyyəsində keçirilən görüşləri yüksək qiymətləndirsə də, deputatların bu mövzuda danışıqlar aparmasının əhəmiyyətli olduğunu söyləyib. Q.Lenmarker bir daha münaqişənin həlli ilə bağlı vaxtilə yaranmış qızıl imkanların 2009-cu ildə də mövcud olduğunu vurğulayıb.
Həmçinin bu problemin çözümü istiqamətində xalqların yaxınlaşmasının da zəruriliyini önə çəkib.
Görüşdə çıxış edən millət vəkili Azay Quliyev bir daha Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini xatırladıb. Bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunmalı, məcburi köçkünlər və qaçqınlar torpaqlarına dönməli, Dağlıq Qarabağın təhlükəsizliyinə təminat verilməlidir. Millət vəkili Rusiyanın bu yaxınlarda Ermənistana 800 milyon dollar dəyərində hərbi silahlar ötürməsinin də münaqişənin həllinə böyük maneə yaratdığını önə çəkib. Ermənistan nümayəndəsi isə "Dağlıq Qarabağ xalqının gələcək taleyi barədə düşünməyin vacibliyini" qeyd edib. A.Quliyev isə bu fikrə münasibət bildirərək deyib ki, "Dağlıq Qarabağ xalqı" məfhumu heç bir reallığa söykənməyən yanlış ifadədir. Həmin ərazidə yalnız Azərbaycan və erməni icmaları olub. Ermənistanın hərbi təcavüzü nəticəsində bölgənin demoqrafik strukturu pozulub. Azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq Dağlıq Qarabağdan qovulublar. Hazırda orada 1 nəfər də olsun azərbaycanlı yaşamır. Dağlıq Qarabağın statusuna gəldikdə isə bildirilib ki, Azərbaycan beynəlxalq hüquqda tanınmış ərazi bütövlüyü və sərhədləri çərçivəsində bura ən yüksək özünüidarə statusunu verməyə hazırdır. Toplantıda Cənubi Qafqaz ölkələri parlament nümayəndələrinin Gürcüstanda mütəmadi məsləhətləşmələrinin keçirilməsi təklifi də irəli sürülüb.
Millət vəkillərinin məlumatına
görə, Qarabağ
münaqişəsi ilə
bağlı məsələ
dünən ATƏT PA-nın
siyasi məsələlər
və təhlükəsizlik
komitəsinin iclasında
da müzakirə edilib. E.İbrahimov vurğulayıb
ki, qurumun sessiyasının açılışında
ATƏT PA, NATO PA, Avstriya parlamentinin
rəhbərləri, hazırda
qurumun sədri olan Yunanıstanın xarici işlər naziri də çıxış ediblər.
ATƏT PA-nın siyasi
məsələlər və
təhlükəsizlik komitəsinin
iclasında Qarabağla
bağlı müzakirələrə
isə nümayəndə
heyətimizin üzvləri
A.Quliyevlə Bahar Muradova qatılıblar. Komitənin iclasında Q.Lenmarker də münaqişə ilə bağlı məlumat verib.
Azad Əliyev
Həftə içi.- 2009.- 20 fevral.- S.1,4.