"Azərbaycan Şərqlə Qərbin qovuşuğunda"

 

Oksfordda keçirilən bu toplantıda ermənilərin işğal siyasəti pislənib

 

Oksfordda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Azərbaycan Diplomatik Akademiyasının və Oksford - Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan Şərqlə Qərbin qovuşuğunda" mövzusunda konfrans keçirilib. Oksford universitetinin bölgə üzrə mütəxəssislərinin, Britaniya ictimaiyyəti nümayəndələrinin, ölkədə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatları təmsilçilərinin qatıldığı konfransda çıxış edən səfir Fəxrəddin Qurbanov Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin bütün sahələrdə genişləndiyini vurğulayıb. O, ölkəmizdə gedən proseslər, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə sülhün yaranması yolunda əsas maneə olduğunu bildirib. Konfransda əsas məruzəçi qismində ADA-dan tanınmış tədqiqatçı-alim Brenda Şaffer və Fuad Əliyev, Böyük Britaniyanın "LİNKS" qeyri-hökumət təşkilatının nümayəndəsi Dennis Sammut və tanınmış jurnalist, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal çıxış ediblər. Onlar Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasətin davam etdirilməsinin zəruriliyini bildirib, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasının bütövlükdə bölgə üçün əsas təhdid olduğunu vurğulayıblar. Azərbaycanın Avropanın enerji təchizatında rolunun getdikcə artdığı, eləcə də həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin bölgədə liderə çevrildiyi xüsusi qeyd edilməlidir.

Yeri gəlmişkən, Dağlıq Qarabağ separatçıları Tomas de Vaalın Qarabağ müharibəsi ilə bağlı müəllifi olduğu "Qara bağ" kitabını hədəfə alıblar. Onlar Tomas de Vaalın bu məsələdə geniş araşdırma apardığını, Azərbaycanın ərazi bütövlüyünün erməni işğalçıları tərəfindən pozulması barədə ortaya qoyduğu faktları inkar etməyə çalışırlar. Eyni zamanda, Tomas de Vaalın bu kitabı yazmaqla Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanmasında maraqlı olduğunu iddia edirlər. Bu barədə Qarabağ separatçılarının "xarici işlər nazirliyinin" internet ünvanında bildirilib.

   

  

Elnur

 

Həftə içi.- 2009.- 25 fevral.- S. 4.