"Yəhudilər
Türkiyəni incidən
addım atmayacaqlar"
Tomris Azəri: "Onlar ermənilərin kim
olduqlarını gözəl bilirlər"
Apreldə ABŞ
Konqresində qondarma "erməni soyqırımı" məsələsinin
yenidən qaldırılacağı gözlənilir. Azərbaycan
və türk diasporlarının birlikdə fəaliyyət
göstərməsi zəruridir.
Xatırladaq ki,
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın
İsrail prezidenti Şimon Pereslə söz davasına
çıxması narazılıq yaradıb... Bunların
Türkiyə, İsrail və Azərbaycan diasporları
arasında narazılıqlar yaradıb-yaratmaması maraq
doğurur. Bütün bunlara "Həftə içi"nə
müasahibəsində Amerika Azərbaycanlıları Cəmiyyətinin
sədri Tomris Azəri aydınlıq gətirdi.
- Təbii ki, biz bir millət,
iki dövlətik. Bu prinsip fəaliyyətimizdə həmişə
rəhbər tutulur. Amerika Azərbaycanlıları Cəmiyyəti
qurulandan bəri - 52 il həmişə Türkiyə diasporu
ilə birgə işləyib və indi də birlikdə fəaliyyət
göstəririk. Mən Amerikada fəaliyyət göstərən
iki böyük türk qurumunun - Türk Amerikan Assambleyası
və Türk Amerika Federasiyasının vitse-prezidentiyəm. Bütün hallarda və ən çətin anlarda bir-birimizin yanında olmuşuq.
- Birgə iş
üçün hansı planlar var? Yeni layihələr
hazırlanıbmı?
- Birgə olaraq məktub
kampaniyaları, konqresmen və senatorları ziyarət edirik.
Başqa etnik qrup olan cəmiyyətlərdə olur, onların
rəhbərləri və fəalları ilə fikir
mübadiləsi aparırıq.
- Türkiyənin
baş naziri Ərdoğanla İsrail prezidenti Peres arasında
Davosda yaşanan qalmaqaldan sonra yəhudi konqresmenlər və
diaspor təşkilatlarının mövqeyində dəyişikliklər
varmı?
- Təbii ki, İsrail hökuməti
və xalqı Davosda yaşanan hadisədən çox incidilər.
Amma bu inciklik uzun davam
edə bilməz, əksinə, keçici bir məsələdir. Buradakı konqresmenlər
bəlkə də öz-özlüyündə həmin
məsələylə bağlı
Türkiyəyə qarşı
mənfi fikirlərə
düşdülər. Amma Amerika Konqresində olan hər bir
konqresmen öncə amerikalıdır. Ona görə
də Amerikanın mənfəətini düşünürlər.
Təbii
ki yəhudi əsilli konqresmenlər həm də İsrailin mənafeyini də fikirləşlər.
Bir şeyi unutmamalıyıq
ki, Amerika və İsrail üçün Türkiyə
çox önəmli
məmləkətdir. Siyasi maraqlar diaspor fəaliyyətində də
önəmli rola malikdir. Bu faktor
onu deməyə əsas verir ki, yəhudi əsilli konqresmenlər və diaspor təşkilatları Türkiyəni
incidən addım atmayacaqlar.
- Bu məsələdən
sonra erməni və yəhudi diasporları arasında
yaxınlaşma müşahidə olundumu?
- Məncə, xeyr.
Çünki yəhudilər ermənilərin kim olduğunu
gözəl bilirlər.
- Hazırda yəhudi və
Azərbaycan diasporları arasında əlaqələr necədir
və münasibətlərin inkişafı üçün
hansı addımlar atılır?
- Yəhudi diaspor və
cəmiyyətləri dostlarımızdır və həmişə
də belə olacaq. Bu ilin sentyabrında Amerika Azərbaycanlıları Cəmiyyətinin
çox böyük konfransı keçiriləcək. Bu toplantıda
bütün yəhudi
icmasını birləşdirərək,
bizlərin kim
olduqlarını, birgə
faliyyət göstərməyimizin
zəruriliyini göstərəcəyik.
- Xocalı
soyqırımı ilə bağlı hansı addımlar
atılıb və ya atılacaq?
- Xocalı qətliamı
barədə Amerika Azərbaycanlıları Şurası
Amerika Azərbaycanlıları Cəmiyyəti ilə birlikdə
"Xocalıya ədalət" adı altında Amrika
miqyasında bir çox tədbirlər keçirəcəyik.
Nyu-York, Los-Anceles,
San-Fransisko, Texasda tədbirlərimiz baş tutacaq. Nyu-Yorkda 2 tədbirimiz var. Fevralın 27-də BMT-nin binası qarşısında
böyük aksiya təşkil ediləcək.
Aksiyanın şüarı "Xocalıya ədalət istəyirik!" olacaq.
Bu barədə BMT-nin baş katibinə
məktub verəcəyik.
Bununla bağlı Amerikanın və BMT-nin bütün mediasına xəbərdarlıq olunub.
Fevralın 28-də isə böyük
bir konfrans gerçəkləşdiriləcək. Tomas Qoltz gözləri
ilə gördüyünü
türkiyəli, amerikalı,
yəhudi dostlarımıza
və digər qonaqlarımıza danışacaq.
- Digər Azərbaycan və türk
diaspor təşkilatları ilə koordinasiya olunmaq problemi həllini
tapdımı?
- Cəmiyyət olaraq
belə bir problemimiz yox idi. Amma onu da deməliyəm ki,
güclü diasporumuz olmasına nə qədər
çalışsaq da, içimizdə bir o qədər bunun
reallaşmasını istəməyənlər çoxdur.
- Təşkilatınızın
qərargah problemi çözüldümü?
- Xeyr. Qərargahımız
arzuolunmaz səviyyədədir. Cəmiyyətimiz,
ata-babalarımız 52 il Azərbaycanın heç dünya xəritəsində
yeri olmayanda da Amerikada
onun adını yaşadıb, üçrəngli
bayrağını qaldırdılar.
Azərbaycan deməyi, vətəni
sevməyi onlar bizə öyrətdilər.
Biz burada heç
nə gözləmədən
işləmək, Azərbaycanın
adını yüksəltmək
istəyirik. Bu yolda əlimizdən gələni əsirgəməyəcəyik.
Əli Zülfüqaroğlu
Həftə
içi.- 2009.- 25 fevral.- S. 4.