"Bizdə siyasi məhbus məsələsi bağlanıb"

 

Sabir Hacıyev: "AŞ PA Azərbaycanla Ermənistan arasında balans yaratmağa çalışır"

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası yaxınlaşdıqca ölkədəki bəzi hüquq müdafiəçiləri müxalif qüvvələr siyasi məhbus məsələsi ilə bağlı yeni məruzəçinin təyini məsələsini gündəmə gətirir bunun reallaşacağına inandıqlarını deyirlər.

 

Lakin AŞ PA-dakı müxalifəti təmsil edən nümayəndə heyətinin üzvlərinin məsələyə baxışı fərqlidir. Qurumdakı nümayəndə heyətimizin üzvü, millət vəkili Sabir Hacıyevin sözlərinə görə, Avropa Şurası həmişə insan hüquqları ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır. Məsələn, son vaxtlar Ermənistanda, Gürcüstanda keçirilən seçkilərə təşkilat böyük diqqət göstərir. Rusiyada da insan hüquqlarının pozulması ilə bağlı məsələlər Avropa Şurasının diqqət mərkəzindədir: "AŞ PA-nın qış sessiyasının açılışından əvvəl təşkilatın bürosunda Azərbaycanda siyasi məhbuslarla bağlı məsələyə yenidən qayıdılıb. Amma hələlik Azərbaycana siyasi məhbus məsələsi üzrə məruzəçi təyin olunmayıb. Məncə, bu məsələyə AŞ PA-nın Hüquq Komitəsində baxıla bilər. Amma nəticə olacaq, hələ bəlli deyil. Düzdür, vaxtilə Azərbaycan bununla bağlı öz üzərinə öhdəliklər götürüb. Amma həmin öhdəliklər artıq yerinə yetirilib məsələ qapanıb". S.Hacıyev onu da vurğuladı ki, indi bu məsələnin yenidən gündəmə gətirilməsi Azərbaycanda siyasi məhbus probleminin mövcudluğundan çox, Avropa Şurasının Azərbaycanla bağlı hansısa problemi qabartmaq istəyi ilə bağlıdır. AŞ PA bununla bir növ Azərbaycanla Ermənistan arasında balans yaratmağa çalışır: "Assambleyanın dalbadal bir neçə iclasında Ermənistandakı vəziyyətlə bağlı məsələlər müzakirə olunur. Azərbaycanda isə ciddi bir problem olmadığından ölkəmizlə bağlı müzakirələr aparılmır. Hətta keçən ilin oktyabrında keçirilən prezident seçkiləri ilə bağlı da müzakirə aparmağa bir əsas olmadı. Çünki seçkilər bütün beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmişdi. İndiyədək AŞ PA-nın təcrübəsində belə hal olmamışdı ki, monitorinq altındakı hansısa ölkədə keçirilən seçkilərin nəticəsini müzakirə etməyə ehtiyac qalmasın. Amma Azərbaycan buna nail oldu. Ümumiyyətlə, mən Azərbaycana siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin edilməsini aktual hesab etmirəm". Millət vəkilinin sözlərinə görə, əgər bu məsələyə baxılacaqsa, ümumilikdə siyasi məhbuslarla bağlı prinsiplər müəyyənləşdirilməlidir. Ən azından məruzəçi bütün Cənubi Qafqaz respublikaları üzrə təyin olunmalıdır. Belə olarsa, nümayəndə heyəti bunu normal qarşılayacaq. Amma qonşu dövlətlərdə daha ağır vəziyyətin müşahidə olunduğu bir halda siyasi məhbus məsələsi ilə bağlı yalnız Azərbaycanın adını hallandırmaq ədalətsizlikdir. Bu məsələnin gündəmə gətirilməsi Azərbaycanı "istəməyən" müəyyən qüvvələrin əməli ola bilər. S.Hacıyev onu da vurğuladı ki, Azərbaycanda həbs olunanların hər biri ilə bağlı konkret cinayət işləri var. Onları ümumiləşdirmək, cinayət işlərində siyasi motiv axtarmaq düzgün deyil: "Bizdə belə bir ənənə formalaşıb ki, cinayətləri insanların peşəsinə görə təsnifləndirirlər. Bu, düzgün deyil. Əgər hansısa cinayət işində qeyri-obyektiv istintaq aparılıbsa, insanlar daha yuxarı məhkəmə instansiyalarına müraciət etməlidirlər. Burada da ədalət təmin olunmasa, vətəndaşlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Avropa Məhkəməsinin çıxardığı bütün qərarları icra edir". Nümayəndə heyəti üzvünün sözlərinə görə, AŞ-nin məsələyə bu cür yanaşması təşkilatın prinsiplərinə uyğun gəlmir. Vətəndaş haqqında qanuni qüvvəyə minmiş hökm varsa, həmin hökmə hörmətlə yanaşmaq lazımdır: "Avropa İnsan Haqları Məhkəməsinin rəyi olmadan AŞ PA-nın hansısa deputatının Azərbaycanda siyasi məhbusların mövcudluğu ilə bağlı fikir söyləməyə haqqı yoxdur. Bu məsələlərə bir az ehtiyatla yanaşmaq lazımdır".

 

 

Azad Əliyev

 

Həftə içi.- 2009.- 25 fevral.- S. 3.