Qeyri-yaşayış sahələrinin icarəyə
verilməsi sürətləndirilir
Kiçik dövlət müəssisələrinin
özəlləşdirilməsindən 44,3 milyon manat büdcəyə
köçürülüb
Dövlət əmlakının
istifadəsində səmərəliliyin
artırılması, daşınmaz dövlət əmlakı
və qeyri-yaşayış sahələrinin icarəyə
verilməsi, habelə özəlləşdirilməsinin
sürətləndirilməsi, dövlət büdcəsinə
daxilolmaların daha da yüksəldilməsi, bu sahədə
şəffaflığın təmin edilməsi istiqamətində
son 5 il ərzində ardıcıl tədbirlər həyata
keçirilib.
Bunun nəticəsi olaraq
11.500-ə yaxın kiçik dövlət müəssisə
və obyekti özəlləşdirilib, daşınmaz
dövlət əmlakının icarəyə verilməsinə
dair 6000-dən çox müqavilə bağlanıb. Eyni
zamanda, dövlət büdcəsinin gəlirlər hissəsini
təşkil edən daşınmaz dövlət əmlakının
icarəyə verilməsindən və özəlləşdirilməsindən
dövlət büdcəsinə daxilolmaların daha da
artırılması istiqamətində tədbirlər
görülüb. Ötən 5 il ərzində kiçik
dövlət müəssisələrinin özəlləşdirilməsindən
44,3 milyon, icarəyə verilməsindən isə 16,3 milyon
manat vəsait dövlət büdcəsinə
köçürülüb.
Mövcud qanunvericiliyə
əsasən, daşınmaz əmlak və yaşayış
binalarında yerləşən dövlət mülkiyyətində
olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi,
onların hüquqi statusu, icarəyə və xüsusi
mülkiyyətə verilməsi, o cümlədən təyinatının
dəyişdirilməsi "Dövlət əmlakının
özəlləşdirilməsi haqqında" qanun və digər
normativ-hüquqi aktlarla tənzimlənir. Qüvvədə
olan qanunvericiliyin tələblərinə görə, belə
əmlaklar üzərində sərəncam vermək
hüququ müstəsna olaraq Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsinə
(DƏİEDK) məxsusdur.
Bu baxımdan DƏİEDK
tərəfindən daşınmaz dövlət əmlakının
istifadəsi və qorunub-saxlanılmasının səmərəliliyinin
artırılması, bu sahədə nəzarətin gücləndirilməsi,
kiçik müəssisə və obyektlərin özəlləşdirilməsinin
sürətləndirilməsi istiqamətində zəruri tədbirlər
görülür. Bu məqsədlə dövlət əmlakının
istifadə vəziyyətinin öyrənilməsi,
daşınmaz əmlak, habelə yaşayış
binalarında yerləşən qeyri-yaşayış sahələrinin
qeydiyyatının və uçotunun aparılması, bu sahədə
əhatəliliyin və sistemliliyin təmin olunması,
daşınmaz əmlak obyektləri barədə informasiya təminatının
yaxşılaşdırılması məqsədilə
dövlət mülkiyyətində olan daşınmaz əmlak
barədə sistemləşdirilmiş məlumat bankı da
yaradılıb. Bununla yanaşı, ölkə prezidentinin
"İcarəyə verilmiş dövlət əmlakından
səmərəli istifadə olunması tədbirləri
haqqında" 6 sentyabr 1997-ci il tarixli fərmanına əsasən
DƏİDK tərəfindən icarə müqaviləsi
olmadan daşınmaz dövlət əmlakının istifadəsinin
qarşısının alınması, icarəyə
verilmiş qeyri-yaşayış sahələrinin səmərəli
istifadə olunması, bağlanmış icarə müqaviləsi
şərtlərinə əməl edilməsi və icarə
haqlarının vaxtında, tam həcmdə dövlət
büdcəsinə ödənilməsi ilə bağlı zəruri
tədbirlər də həyata keçirilir.
Dövlət əmlakından
təyinatı üzrə istifadə olunmasına nəzarət
edilməsi, daşınmaz dövlət əmlakı və
yaşayış binalarında yerləşən
qeyri-yaşayış sahələrindən əsassız
istifadə hallarının qarşısının
alınması, zəbt olunmuş obyektlərin
aşkarlanması, belə obyektlərin qanunvericiliyə
uyğun istifadəsinin təmin olunması və özəlləşdirilməsinin
sürətləndirilməsi məqsədilə monitorinqlər
keçirilir. Belə ki, aparılan monitorinqlər nəticəsində
3000-ə yaxın dövlət əmlakı və
yaşayış binalarında yerləşən
qeyri-yaşayış sahələrindən əsassız
istifadə halları müəyyənləşdirilib. Əsassız
istifadə edilən dövlət əmlakı, o cümlədən
yaşayış binalarında yerləşən
qeyri-yaşayış sahələrinin istifadəsi ilə
bağlı qanunvericiliyin tələblərinə uyğun
olaraq icarə müqavilələrinin bağlanılmasına,
onların özəlləşdirilməyə cəlb edilməsinə
və nəticə etibarilə dövlət büdcəsinə
daxilolmaların daha da artırılması istiqamətində
tədbirlər görülüb. Komitə tərəfindən
daşınmaz dövlət əmlakı üzərində
bağlanmış icarə müqavilələri üzrə
hüquqi və fiziki şəxslər tərəfindən
icarə haqlarının dövlət büdcəsinə
ödənilməsi sisteminin təkmilləşdirilməsi,
icarə haqlarının tam həcmdə
yığılması istiqamətində qanunauyğun tədbirlər
görülüb və icarə haqlarının nağd
qaydada ödənilməsinin azaldılması, şəffaflığın
və operativliyin təmin olunması məqsədilə avtomatlaşdırılmış
ödəniş sisteminə keçid təmin olunub. Bu sistem
vasitəsilə müxtəlif hüquqi və fiziki şəxslər
tərəfindən 15 minə yaxın ödəniş həyata
keçirilib. Bu da icarəçilər tərəfindən
icarə haqlarının ödənilməsində yeni sistemə
getdikcə daha çox prioritet verilməsi deməkdir.
Eyni zamanda dövlətə
məxsus qeyri-yaşayış sahələri dövlət
orqanlarının və təşkilatlarının yerləşdirilməsi,
fəaliyyətinin təmin olunması üçün istifadə
edilir. Bu məqsədlə ötən 5 il ərzində 200-ə
yaxın təşkilat 140 kvadratmetr bina sahəsi ilə təmin
olunub.
Sevil
Həftə içi.- 2009.- 26 fevral.- S. 5.