Sığortaçılar böhran yaşamır...
Deyilənə görə, onlar sərfəli manevr
edirlər
Qısamüddətli
böhranlar şirkətlərə
mənfi təsir göstərə bilməz. Çünki
şirkətlər öz
hesablarına yaşamaq iqtidarındadırlar. Öz işini
normal quran şirkətin heç bir qorxusu yoxdur
Dünyada baş verən maliyyə
böhranı ölkənin sığorta şirkətlərinə
köklü şəkildə təsir göstərməsə
də, bəzi şirkətlərə müəyyən mənada
zərər vurub.
"MBASK"ın rəhbəri
Cəmil Məlikovun verdiyi məlumata əsasən, şirkətin
biznesinin böyük bir hissəsi bank sektoru ilə
bağlı idi. Ona görə də maliyyə böhranı,
müəyyən mənada da olsa, mənfi təsirini göstərməkdədir:
"Ümumiyyətlə, bank sektoru ilə əlaqələri
olan sığorta şirkətlərinin hamısı problemlər
yaşayır. Ancaq bir sıra digər üsullardan istifadə
etməklə zərərin qarşısını
almışıq və bank sektoru ilə biznes əlaqələrinə
son qoymuşuq. Qeyd edim ki, Azərbaycanda sığortanın əsas
sektoru avtomobil, səhiyyə və daşınmaz əmlak
hesab edilir. Bu gün daha çox sığortalanan isə
avtomobillərdir. Lakin son vaxtlar avtomobillərin alınmasında
kreditlərə üstünlük verildiyindən bu
sığorta növündə banklar əsas rol oynayır.
Maliyyə böhranı ilə əlaqədar avtomobillərə
ayrılan kreditlər dayandırılıb və bütün
bu amillər sığortalanmanın bu sahəsinə
birbaşa təsir göstərib".
Mütəxəssis
ölkədəki həyat sığortalanmasına da öz
münasibətini bildirdi: "Ölkədə həyat
sığortası cəmi 0,6 faiz təşkil edir. Yəni
ümumilikdə sığorta biznesinə daxil olan 180 milyon
manatın cəmi 1 milyonu bu sığortanın payına
düşür. Ona görə də ölkədə bu
sığortanın olmasından danışmaq hələ
tezdir. Hesab edirəm bu sahənin inkişafı
üçün ciddi tədbirlər görülməsinə
ehtiyac var. Ümumiyyətlə, böhran dövründə hələ
ki heç bir şirkət fəaliyyətini
dayandırmayıb. Qeyd edim ki, qısamüddətli
böhranlar şirkətlərə mənfi təsir göstərə
bilməz. Çünki şirkətlər öz
hesablarına yaşamaq iqtidarındadırlar. Öz işini
normal quran şirkətin heç bir qorxusu yoxdur. Ancaq bizdə
olan məlumata görə, bəzi şirkətlər
işçilərini işdən çıxarıb və ya
qeyri-müəyyən müddətlik istirahətə göndərib.
Onu da deyim ki, maliyyə böhranı dövründə
şirkətlər elə xidmətlər göstərməlidirlər
ki, onlara olan maraq azalmasın. Biz də öz işimizi bu
istiqamətdə davam etdiririk. Məsələn, elə
sığorta paketləri hazırlanır ki, onlar əhalinin
bütün təbəqələrinin marağına səbəb
ola bilsin. Eyni zamanda onların qiyməti də əvvəlkilərlə
müqayisədə xeyli aşağı olacaq".
C.Məlikov yeni
sığorta paketi ilə bağlı da məlumat verdi:
"MBASK" sığorta şirkəti "Sərfəli
sığorta" proqramı çərçivəsində
müştərilər üçün "Rahat" və
"Dəyər" adlı təkliflər paketləri
hazırlayıb. Bu xidmətlər Azərbaycan sığorta
bazarında ilk dəfə tətbiq olunur. Həmin paketlər
vasitəsilə müştərilər cəmi 50 manata və
ya 150 manata avtomobil və mənzilini birlikdə
sığortalaya bilərlər".
Mirvari
Həftə içi.- 2009.- 26 fevral.- S. 5.