"Biz Bakıya minnətdarıq"
Metaksas İohannis: "Hamıya məlumdur ki, Azərbaycan
separatçı qüvvələri dəstəkləmir"
Bir neçə gün əvvəl
prezident İlham Əliyevin Yunanıstana ilk rəsmi dövlət
səfəri reallaşdı. Həmin vaxt iki ölkə
üçün mühüm əhəmiyyət
daşıyan bir sıra sazişlər də imzalandı. Digər
tərəfdən Afina bu il Qarabağ münaqişəsinin həllində
vasitəçilik edən ATƏT-in sədridir.
Bütün bu məsələlərlə
bağlı suallarımızı isə Yunanıstanın
ölkəmizdəki səfiri Metaksas İohannis
cavablandırır:
- Azərbaycan
prezidentinin Yunanıstana səfərini ölkələrarası
münasibətlərin inkişafı baxımından
çox mühüm sayırıq. Bu səfər 2004-cü
ildə Yunanıstanın əvvəlki prezidentinin Azərbaycana
gəlişinə cavab idi. Dövlətlərarası
sazişlərin qarşılıqlı əlaqələrimizə
daha da təkan verəcəyinə inanırıq. Səfər
çərçivəsində reallaşdırılan
biznes-forum və oradakı görüşlər ticarət və
iqtisadi əlaqələrin yüksək səviyyəyə
çatdırılması üçün baza rolunu oynaya bilər.
- Yunanıstan ATƏT sədri
olaraq Dağlıq Qarabağ probleminin həlli istiqamətində
hansı addımları atacaq?
- Qafqaz ATƏT sədrliyi
üçün xüsusi yeri olan bölgədir.
Azərbaycanın da
münaqişə ilə bağlı mövqeyini nəzərə
alaraq bildirmək istərdim ki, ATƏT sədrliyini həyata
keçirən Yunanıstan bütünlüklə Minsk
Qrupuna öz dəstəyini ifadə edir. Məhz onların, eləcə
də həmsədrlərin beynəlxalq vasitələrlə
bu münaqişənin sülh yolu ilə həlli
üçün atdığı addımları dəstəkləyirik.
- Xarici işlər
nazirinin Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən bəyanatının
ardından Yunanıstandakı ermənilər ona etiraz bildirdilər.
Bu, Afinanın Qarabağla bağlı mövqeyini dəyişə
bilərmi?
- Yunanıstan bu bölgə
üzrə öz standart siyasətini həyata keçirir. Bu
isə 10 illərlə yaranmış siyasi mövqedən ibarətdir.
Həmin mövqe isə beynəlxalq hüququn prinsiplərinə,
eləcə də BMT qərarlarına dəstək verilməkdən
ibarətdir. Biz xarici siyasətimizi kiminsə maraqlarına
uyğun nizamlaya bilmərik. Eyni zamanda Yunanıstan ATƏT-ə
sədrlik edir. Bu müddətdə quruma üzv ölkələrə
yanaşmada fərqin qoyulması da düzgün olmazdı. Biz
ölkələri bir-birinə qarşı qoyaraq az və
çox diqqət ayırmaq siyasəti yürüdə bilmərik.
Xüsusilə də münaqişələrin həlli kimi
vacib bir məsələnin gündəmdə olduğu bir
vaxtda. Biz ümidvarıq ki, ən qısa müddətdə
Dağlıq Qarabağ münaqişəsinin həllinə
nail ola biləcəyik.
- Rəsmi Bakının
Kipr məsələsində mövqeyi sizi qane edir?
- Hamıya məlumdur
ki, Azərbaycan separatçı qüvvələri dəstəkləmir.
Bu məsələdə Bakı prinsipial mövqedədir. Biz
buna görə Azərbaycana minnətdarıq. Kipr probleminin həllində
Minsk Qrupu kimi bir qurum yoxdur. Münaqişənin həlli
prosesi BMT vasitəsilə həyata keçirilir. Keçən
ay məhz BMT-nin vasitəçiliyi ilə adanın iki
icmasının rəhbərliyi görüşərək
problemin sülh yolu ilə həlli üçün yollar
axtardılar.
- Yunanıstan 2003-cü
ildə Azərbaycana hərbi əməkdaşlıq sahəsində
saziş təklif etmişdi. Bu məsələ indi də
gündəmdədir?
- Yunanıstan hər
zaman Azərbaycanla istənilən səpkidə müqavilələrin
müzakirə olunmasında, başa
çatdırılmasında maraqlıdır və bunu istəyir.
Bir neçə il əvvəl azərbaycanlı zabitlər tərəfdaşlıq
naminə proqramın tərkib hissəsi olaraq Yunanıstanda
keçirilən treninqlərə
çağırılmışdılar. Bu qəbildən
olan tədbirlərdə artıq azərbaycanlı zabitlər
iştirak ediblər. Bu müqavilə indi də masa üzərindədir
və müzakirə oluna bilər.
- Bəzi qüvvələr
tərəfindən Kipr və Qarabağ problemi çox vaxt
eyniləşdirilir. Bununla bağlı siz nə
düşünürsünüz?
- Hər iki
münaqişənin həlli ilə bağlı tarixin müəyyən
dövrlərinə nəzər yetirsək, ayrı-ayrı vaxtlarda
onlar arasında oxşarlıqlar və fərqliliklərin
olduğunu söyləyə bilərik. Ancaq istənilən
halda hər iki münaqişənin elementləri onların
sülh yolu və dinc vasitələrlə həllinin
vacibliyini göstərir. İstənilən münaqişənin
həllində beynəlxalq hüququn prinsipləri və BMT
Baş Assambleyasının qərarları rəhbər
tutulmalıdır. Kipr eyni zamanda Avropa İttifaqının da
üzvüdür. Buna görə də biz Aİ-nin də
qanunlarına hörmətlə yanaşmalıyıq. Beynəlxalq
ictimaiyyət çalışmalıdır ki, münaqişə
tərəflərinə problemi sülh yolu ilə həll etmək
üçün töhfəsini verə bilsin.
- Yunanıstan Azərbaycandan
qaz idxalını artırmağı düşünür?
- Keçən il
Yunanıstan Azərbaycandan formal olaraq şifahi şəkildə
1 milyard kubmetr qazın alınması ilə bağlı təkliflə
çıxış etdi. Bu rəqəm ildə 3 milyard
kubmetrə qədər çata bilər. Ancaq Azərbaycanın
istehsalı buna imkan verməlidir. Biz anlayırıq ki, Azərbaycanın
bu sahədə yeganə müştərisi deyilik. Qazın
Yunanıstana gətirilməsinə gəldikdə isə
hazırda Afina "mavi yanacağı" birbaşa Azərbaycandan
almır. Ancaq məsələnin bu səviyyəyə
çatdırılması bizim üçün əsasdır.
Ümidvarıq ki, yaxın vaxtlarda bu istiqamətdə
danışıqlar davam etdiriləcək.
- Ölkələrimiz
arasında birbaşa hava reysinin açılması gözlənilir?
- Yunanıstanın
hazırda yeganə milli hava nəqliyyatı olan şirkətin
özəlləşdirilməsi ilə bağlı proses
gedir. Bizdə onlar tərəfindən belə bir marşrutun
açılacağına dair məlumat yoxdur. Eyni zamanda
"AzAL"dan da bizə hansısa marşrutların
açılması ilə bağlı məlumat verilməyib.
Lakin qarşı tərəf üçün
"AzAL"ı Afinada görmək çox xoş
olardı. Onlar bu imkanları öyrənmək üzərində
işləyirlər.
Azad Əliyev
Həftə içi.- 2009.- 26 fevral.- S. 1; 3.