Müasir İncəsənət Muzeyi "görünməyəcək"

 

Xəzər Dəniz Donanmasının bazası yerləşən ərazidə Müasir İncəsənət Muzeyi inşa ediləcək. Muzey binasının layihəsinin müəllifi Jan Nuvel Barselonada Torre Aqbar adlı möhtəşəm "göydələn"in və Parisdəki Ke Branli Dünya Mədəniyyəti Muzeyinin layihələrini işləyən memardır. Bakıdakı Müasir İncəsənət Muzeyinin binasının layihəsini təqdim edəndən sonra Jan Nuvel jurnalistlərin suallarını cavablandırdı. Müsyö Nuvel bildirdi ki, Bakının müasir identifikasiyası baxımından bu, son dərəcə vacib layihədir. J.Nuvel: "Bakının çox maraqlı coğrafi mövqeyi var. Malik olduğunuz qədim tarix və zəngin mədəni irsdən muzeyin yaradılması zamanı istifadə etmək lazımdır. Bakıdakı kiçik eyvanları olan qədim binalar və gözoxşayan buxta məni valeh edib. Düşünürəm ki, elə bu ərazidə inşa ediləcək Müasir İncəsənət Muzeyi şəhərin ən müasir rəmzlərindən biri kimi özünü təsdiq edəcək". J.Nuvel dedi ki, muzey binasının konsepsiyasını hazırlayarkən neftlə bağlı simvollardan istifadə edib. Layihə müəllifi nəzərdə tutub ki, muzeyin binası qızılı rəngdə olacaq, axşamlar isə xüsusi işıqlandırma sistemi ilə işıqlandırılacaq. Muzey binasının tikintisi 2-3 il çəkəcək. J.Nuvel: "Layihə çox irimiqyaslıdır. Muzeyin nəzdində bir neçə qalereya, teatr, kinozal, restoran fəaliyyət göstərəcək. İdeyaya görə, bu, sadəcə, muzey yox, geniş infrastrukturlu məhəllə olaraq ərsəyə gəlməlidir. Mən istəyirəm Xəzərin sahilində, Bakı şəhərində özəl memarlıq dünyası yaradım". Dosye: J.Nuvel 1945-ci ildə Fransanın Sarla şəhərində dünyaya gəlib. 1966-1972-ci illərdə Zərif Sənətlər Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra bir sıra memarlarla müştərək layihələr işləyib. 1994-cü ildən müstəqil fəaliyyət göstərir. Buna qədər isə o, 1982-ci ildə Parisdəki Ərəb Dünyası İnstitutunun binasının layihəsinin müəllifi kimi müsabiqədə qalib gəlib. Jan Nuvelin layihəsi üzrə inşa edilmiş bu bina və Kartye Fondunun binası Fransanı yenidən dünya memarlığının ilk pillələrinə qaldırıb. Fransız hay-tekinin ən tanınmış nümayəndəsi olan J.Nuvelin layihələri üzrə tikilmiş binalar praktikliyi və ən əsası ətraf mühit fonunda optik "görünməzliyi" ilə seçilir.

  

  

Samirə

 

Həftə içi.- 2009.- 27 fevral.- S. 6.