"Qarabağ rüzgarları" oxucularını gözləyir

 

Azərbaycan Yazıçılar Birliyinin "Bayatı" kitab mağazasında Rəsul Rza mükafatı laureatı, şair Rəfael Tağızadənin "Qarabağ rüzgarları" adlı kitabının imza günü qeyd olundu.

Tədbir "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Adil Mirseyid, Qulu Ağsəs və başqa dəvət olunanların iştirakı ilə keçdi. Çıxış edənlər kitabdakı şeirlərə və poemalara münasibətlərini bildirib müəllifi təbrik etdilar.

Kitab üzərində dizayner Məhəmməd Zaman, tərtibçi Xəyalə və korrektor Ətlas Alıqızı işləyib. Kitab 500 tirayla nəşr olunub. Kitaba "Qarabağ qaziləri " İctimai Birliyinin sədri Etimad Əsədov, sair Vaqif Bəhmənli, tənqidçi Vaqif Yusifli, Adil Mirseyid və başqaları rəy veriblər. Vaqif Bəhmənli bu kitabda yazılan şeir və poemalarda Qarabağın bugünkü vəziyyətinin məharətli şəkildə ifadə olunduğunu yazır, o, şairin itirilmiş Qarabağın, boş qalan yurdların ağrısının obrazlı şəkildə əks etdirdiyini qeyd etdi.

Vaxtilə şair Famil Mehdinin kitaba yazılı şəkildə verdiyi rəydə Rafael Tağızadənin Qarabağ şairi kimi bu faciənin aradan qaldırılmasının yollarını axtaran ziyalılarımızdan olduğu fikri də burada qeyd olunub.

Tənqidçi V.Yusifli isə şairin "Qarabağ rüzgarları" adlı kitabının bundan əvvəl - 2004-cü ildə nəşr olunan "Qapı" və digər kitablarında bugünkü Qarabağın bədii salnaməsini yazdığını qeyd etdi. Adil Mirseyid kitaba yazdığı essedə Rafael Tağızadənin "Qapı"sından görünən Qarabağın iyirminci yüzilin ən böyük rəssamlarından biri Pablo Pikassonun məşhur "Hernika" tablosuna bənzədiyini bildirib. Tənqidçi V.Yusifli isə Rafael müəllim əsərlərindən heç birinin "Qarabağnamə" adlandırmasa da , bu şeir və poemaların ədəbiyyat tarixinə bu cür daxil olduğunu hesab etdiyini qeyd etdi.

Yığıncaqdan sonra müxbirimizlə söhbətində Rafael Tağızadə Qarabağ mövzusuna toxunaraq qonşu xalqların bir-biri ilə hansı münasibətdə olmalarına baxmayaraq, həmişə qonşu kimi yaşamaq məcburiyyətində olduqlarını xatırlatdı. Heç bir qonşu olan və bir ölkədə yaşayan xalqlar istəməz ki, münasibətlərdə hansısa konfliktlər olsun. Çox təəssüf ki, biz bu şəraitdə yaşamaq məcburiyyətindəyik. Zaman-zaman bizimlə ermənilər arasında xoş əhval-ruhiyyə olub. Ancaq bu məsələlərin kökündə həmişə problemlər olub. Sadəcə, azərbaycanlılarda kin hissinin zəifliyi tarix boyu ermənilər tərəfindən aldığımız zərbələri bizə unutdurub. İndiki dövr üçün mədəniyyət xadimlərinin, elm adamlarının, ümumiyyətlə, ictimai xadimlərin xalq diplomatiyası hesab edərək Qarabağa getməsinin, məsələlərin bu səviyyədə həllinə çalışmasının doğru yol olmadığını və burada ancaq siyasi addımların atılmasını düzgün yol hesab etdiyini dedi.

  

      

Nəcəfova Arifə

 

Həftə içi.- 2009.- 11-13 iyul.- S. 7.