"Dağlıq Qarabağa mən getmək istəyirəm"

 

Allahşükür Paşazadə: "Hələlik mənə belə bir təklif verilməyib"

 

"Bu il Azərbaycandan həcc ziyarətinə cəmi 2000 nəfər gedəcək. Onlardan 300-ü avtobusla, 1700 nəfəri isə təyyarə ilə müqəddəs torpağı ziyarət edəcək" - bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə dünən keçirdiyi mətbuat konfransında bildirdi. Onun sözlərinə görə, zəvvarların sayının azaldılmasının səbəblərindən biri Səudiyyə Ərəbistanındakı "donuz qripi", digər səbəb isə Azərbaycanda həccə gedənlərin ziyarətə hazırlıqlı olmaması ilə bağlıdır: "Bəzi ölkələrdə həccə gedənlər onun şərtlərini, hacı olandan sonra həyatlarını necə keçirəcəklərini öyrənirlər.

"...Bizdə isə hamı birbaşa həccə gedir. Həccə gedənlərin bir hissəsi mənəvi cəhətdən ziyarətə hazır olmur, həcc əməllərini düzgün yerinə yetirmir". QMİ sədri onu da qeyd etdi ki, zəvvarların maarifləndirilməsi ilə bağlı onlar tərəfindən kurslar təşkil edilsə , ora heç kim gəlmədi: "Hətta elə zəvvarlar var ki, ilk dəfə həcdə namaz qılmağa başlayırlar. Ona görə dövlətlə məsləhətləşmələr apardıq. Belə qərara gəldik ki, öz potensialımız qədər - yəni hər il 2000 insanı həccə aparaq. Hələlik bu rəqəm dəyişməyəcək".

Onu da bildirək ki, həccə getmək üçün sənəd qəbulu davam edir. 2000 nəfərlik norma bitəndən sonra yerdə qalan şəxslər gələn ilə həccə gedə biləcəklər. Ötən il isə Azərbaycandan həcc ziyarətinə 6000 min zəvvar gedib. QMİ sədri onu da bildirdi ki, əgər "donuz qripi" ilə bağlı hər hansı təhlükə olarsa, həcc ziyarəti tamamilə ləğv oluna bilər: "Amma mən belə bir təhlükəni gözləmirəm. Məlum səbəblə bağlı ziyarətin tam ləğv olunması real deyil. Düzdür, kvotanın azaldılmasında A/H1N1 virusu məsələsinin rolu var. 2000 nəfərin xəstəliyə yoluxmasının qarşısını almaq 6000 nəfərdən daha asandır".

QMİ sədri həccə gedənlərin səfərdən əvvəl peyvənd olunacaqlarını da istisna etmədi. Ziyarətə görə ödəniləcək məbləğ isə dəyişməyəcək. Avtobuslarla həcc ziyarətinə getmək istəyənlər 2050 manat ödəməli olacaqlar. Təyyarə ilə gedənlər üçün isə 2 qiymət var. 4 nəfərlik otaqda qalan zəvvarlar 3500, 2 nəfərlik otaqda qalanlar isə 5000 manat ödəməlidirlər. Azərbaycandan gedənlərin hamısı QMİ-nin xətti ilə yollanacaq. QMİ sədri dünyada iqtisadi böhranın olmasına baxmayaraq, müqəddəs şəhərlərdə qiymətlərin ucuzlaşmadığını, əksinə, bahalaşdığını dedi: "Məsələn, ötən il ziyarət müddətində oteldə qalmaq haqqı 600 dollar idisə, bu il 1000 dollar olub. Buna baxmayaraq biz qiymətləri keçənilki səviyyədə saxlamağa çalışacağıq".

QMİ sədri dedi ki, müstəqilliyin ilk illərində olduqca az sayda 10-15 nəfər həccə gedirdisə, ötən il 5500 zəvvar ziyarətə yollanıb: "Bəzən müxtəlif dairələr başqa-başqa məqsədlərlə adamları həccə aparır. Bu gün Azərbaycandan ziyarətə gedənlərin real potensialı ildə 3 min nəfərdən artıq deyil. Bundan sonra həcc missiyası yalnız QMİ tərəfindən həyata keçiriləcək. Ötən il bizim özəl şirkətlər ziyarətlə bağlı 30-40 min manat cərimələnib".

Daha sonra QMİ sədri jurnalistlərin suallarını cavablandırdı. Bütün Qafqazın şeyxi bildirdi ki, onun Dağlıq Qarabağla bağlı bir prinsipi var: "Bu da Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasıdır. Münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyam". Dağlıq Qarabağa təşkil olunan səfərlərə münasibət bildirən şeyx ona belə bir təklif edilərsə, müsbət yanaşacağını söylədi: "Hələlik mənə belə bir təklif verilməyib. Amma mən bu səfərlərə pis baxmıram. Biz öz torpağımıza gedirik, Qarabağ bizimdir, başqasının deyil. Hesab edirəm belə səfərlərin ancaq xeyri ola bilər. Mən hər vasitəyə əl atmağın tərəfdarıyam, təki içində Qarabağı qaytarmaq olsun". QMİ sədri hələ 1988-ci ildən başlayaraq Ermənistan katolikosu ilə görüşlər keçirdiyini xatırlatdı: "Bizim görüşlərdə hətta müəyyən sənədlər imzalandı. Gələcəkdə belə təkliflər olarsa, baxacağıq. Ola bilər bu yaxınlarda Rusiya patriarxı bizim növbəti görüşümüzü təşkil etsin. Gələn ilin aprelində Bakıda MDB Dinlərarası Məşvərət Şurasının toplantısı keçiriləcək. Mənim adımdan Ermənistan katolikosu Qareginə dəvət göndəriləcək. Əgər o istəyəcəksə, gəlib iştirak edə bilər". A.Paşazadə həmçinin iyulun 21-də Moskvaya gedəcəyini dedi: "Orada YUNESKO yanında Dini Məşvərət Şurası təsis ediləcək. Həmin toplantıda dünyanın yüksəktitullu dini liderləri iştirak edəcəklər. Həmin yaradılacaq qurumda müsəlman dünyasını Səudiyyə Ərəbistanı Krallığı, İordaniya Azərbaycan təmsil edəcək. Azərbaycanın bu qurumda öz nümayəndəliyi olacaq. Ümumiyyətlə, bu qurum mədəni, dini məsələlərlə bağlı məsləhətlər verəcək".

  

 

Elnur

 

Həftə içi.-2009.- 15 iyul.- S. 1-2.