"Dost" layihəsinin
birinci hissəsi sona yetdi
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2009-cu ilin "Uşaq ili" elan olunması ilə əlaqədar olaraq həyata keçirilən "Dost" layihəsinin 1-ci hissəsi Suraxanıda yerləşən 7 saylı uşaq internat evində sona yetdi.
Bu layihə "Ana.az" layihəsi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və müğənni Arzum tərəfindən hazırlanmışdır. Əsas məqsəd valideyn himayəsindən məhrum olmuş və qüsurlu yeniyetmələrin cəmiyyətə inteqrasiya edilməsidir. Qeyd edək ki, layihənin digər məqsədlərindən biri də 1 yeniyetmənin gələcəyinə təkan vermək və televiziya məkanında müğənni Arzumla birgə duet musiqi ifa etməkdir. Tədbiri giriş sözü ilə açan AGAT sədri Gülsel Səfərova və "Ana.az"ın rəhbəri Aytac Kərimova sözügedən layihə barədə məlumat verib uşaqları salamladılar. Müğənni Arzum isə öz musiqi töhfələri ilə uşaqları şənləndirdi, istedadlı uşaqlara musiqi ifa etmək imkanı yaratdı.
Layihənin 2-ci hissəsinin avqust ayında başlanması planlaşdırılır. Layihənin 1-ci hissəsində seçilmiş uşaqlar 2-ci hissədə də Arzumla bərabər televiziyada cıxış üçün məşqlərə başlayacaqlar. Sonda bu layihənin təşkilatçıları xeyriyyə tədbirində əməyi olan və dəstək göstərən hər kəsə öz minnətdarlıqlarını bildirdilər.
Həftə içi.- 2009.- 10 iyun.- S. 7.