"Səməd Vurğunla
gözəl münasibətlərim
var idi"
Bakılı "Pokrov darvazaları"nın müəllifi
nələr söylədi?
Ənənəmizə sadiq qalaraq oxucularımızı milliyyətindən
asılı olmayaraq dahi, görkəmli, ya da ən
azı yüksək dərəcədə peşəkar
olan bakılılarla tanış etməkdəyik.
Budəfəki həmyerlimiz
məşhur yazıçı-dramaturq Leonid Genrixoviç Zorindir.
Zorin o yazıçı-dramaturqlardandır ki, ötən əsrin ortalarında qələmə aldığı
pyeslər bu gün də yerli-yataqlı olmaqdan xali deyillər. Onun pyesi əsasında çəkilmiş
"Pokrov darvazaları"
televiziya filmi isə ən çox tamaşaçı
toplayan filmlərdəndir.
Xeyli dərəcədə
avtobioqrafik film olan "Pokrov darvazaları"ndakı replikalar artıq bir neçə on ildir dillər
əzbəridir. Son zamanlar isə Zorin nəsr və hətta poeziyada da özünü
uğurla sınamaqdadır.
Ədibin bu günlərdə "polit.ru"
saytına verdiyi müsahibə zamanı jurnalist söhbətə belə başlayıb:
- Son zamanlar fikir vermişəm ki, uzun illər Moskvada fəaliyyət göstərən çox
tanınmış şəxsiyyətlərin
əksəriyyəti əslən
bakılıdırlar. Belə bir
təsəvvür yaranır
ki, bu şəhər
son dərəcə fəal intellektual həyatla yaşayan məkanlardan olub. Çox qabarıq Moskva səciyyəsinə
malik olan "Pokrov darvazaları"nın yaradıcısı
olan siz də o şəhərdən
gəlmisiniz, elə ilk təhsilinizi də orda almısınız. Və yalnız sonra moskvalı olmusunuz.
- Bəli, mən bakılıyam. Həm də artıq
60 ildən çoxdur
ki moskvalıyam.
- Bakı haqqındakı xatirələriniz nədən
ibarətdir? Onlar həyat yolunda
sizə kömək ediblərmi?
- Təbii ki. Axı bunlar uşaqlıq və gənclik dövrü ilə bağlı olan xatirələrdir. Onlar isə
ömrün sonuna kimi insanın xatirəsindən silinmir,
ilk təəssürat parlaqlığını
itirmir. Ekzüperinin təbirincə desək,
"bizim hamımızın
vətəni uşaqlıq
çağlarıdır". Bu, çox düzgün
formuldur. Bir çox
mənada məhz uşaqlıq dövrü
yazıçının sonrakı
mövqe və üslubunu müəyyənləşdirir.
- Ədəbi yaradıcılığa
çox erkən yaşlarında başlamısınız.
İlk əsərini
10 yaşında qələmə
alan oğlana
Qorkinin özü diqqət ayırmışdı.
- Mən heç də vunderkind olmamışam. Aleksey Maksimoviç də öz məqaləsində
bunu qeyd etmişdi. Mən çox adi
uşaq olmuşam.
Amma yazmağa doğrudan da çox erkən
başlamışam. İlk poetik
misraları 4 yaşında
yazmışdım.
- Özünüz yazmışdınız?
- Bəli, özüm. Əvvəlcə rəhmətlik atam
yazırdı, sonra isə özüm. İlk kitabım isə 9 yaşım olanda işıq üzü görüb.
- Bəs bu necə
oldu?
- Bakı - cənub şəhəri olduğu
üçün izzəti-nəfsə
aid məsələlər diqqətdən
yayına bilməzdi. Yeniyetmə oğlanın poetik parçalar yazmağa başlamasından xəbər
tutan nəşriyyat əməkdaşları kitabımı
çap etdirmək qərarına gəldilər.
Baxmayaraq
ki, mən yazdıqlarımı heç
kimə göstərməmişdim.
Amma onda həyat daha evsayağı, lokal idi. Bakı böyük, əhalisi çox olan şəhər olmasına
baxmayaraq, hamı bir-birini tanıyırdı.
Mən artıq yaxşı xatırlamıram, haqqımda
necə xəbər tutdular. Amma bir də gördüm ki, Moskvaya yollayırlar.
- Sizin atanız barədəki xatirələriniz
çox təsirlidir.
Görünür, bir-birinizi yaxşı
anlayırdınız.
- Bəli. İş elə gətirdi
ki, mən Bakını çox tez tərk etməli
oldum. Əlbəttə, bu, onun həyatında dramatik məqam idi. Amma o, çox yaxşı başa düşürdü ki, Bakıda qalmağımın
özümə xeyri çox az
olacaq. Mənim böyük Azərbaycan
şairi Səməd Vurğunla çox gözəl münasibətlərim
var idi. O, yaxşı şair olmaqdan savayı, həm də çox maraqlı insan idi. Bir
dəfə o, mənə
çox sadə bir həqiqəti anlatdı: "Lyonya, əgər mən Yevlaxda yaşasaydım, doğrudanmı, Bakıya
gəlməzdim?" O tamamilə
haqlı idi. Bakıda qalsaydım, fəaliyyətim
Azərbaycan şair və yazıçılarını
tərcümə etmək,
bir də müəllimliklə məşğul
olmaqla məhdudlaşacaqdı.
- Siz Azərbaycan
dilini bilirdiniz?
- Bir az. Gəncliyimdə futbolla əməlli-başlı
məşğul olurdum.
Bakı çoxmillətli şəhər
olduğu üçün
bizim futbol komandamızda beş-altı
millətdən olan uşaqlar var idi. Buna görə
də onların dilini öyrənməyim qaçılmaz idi. Mən Azərbaycan dilində yazıb-oxumağı, ünsiyyət
qurmağı pis bacarmırdım. Bu dil mənim üçün yad deyildi. Təəssüf,
onun sirlərinə mükəmməl şəkildə
bələd ola
bilmədim.
Moskvanın Qorki adına Ədəbiyyat
İnstitutunun qiyabi şöbəsini Zorin hələ Bakıda yaşayarkən bitirmişdi.
Onun ilk kiçikhəcmli pyesinin premyerası da Bakıda baş tutmuşdu. Zorinin
"Gənclik", "Yudif",
"Qonaq", "Tunc
nənə", "Varşava
melodiyası", "Çar
ovu", "Sərgərdan",
"Günün qəzəbi"
və digər pyesləri rejissorların uzun illər həvəslə müraciət
etdikləri dram əsərlərindəndir.
Samirə
Həftə içi.- 2009.- 12 iyun.- S. 7.