"Qayıdış proqramı"
artıq hazırdır
Əli Həsənov:
"Hansı dövlət,
hansı təşkilat
cəhd göstərirsə
ki Qarabağ unudulsun, çox böyük səhv edir"
"20 ildən
artıqdır Azərbaycanda
qaçqın vəziyyətində
yaşayan soydaşlarımız
çətinliyə dözürlər.
Məcburi köçkünlər
isə 16 ildən çoxdur ağır durumda yaşayırlar. Onlar hər şeylərini - evlərini,
yaxınlarını itiriblər.
Amma gələcəyə
olan inamlarını, ümidlərini itirmirlər.
Bilirlər ki, işğal olunan ərazilər azad ediləcək, Qarabağ problemi həllini tapacaq. Çünki onlar prezidentə inanırlar".
Bunu baş nazirin
müavini, Qaçqın
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin rəhbəri
Əli Həsənov iyunun 18-də Ümumdünya
Qaçqınlar gününə
həsr olunmuş tədbirdəki çıxışında
dedi. Komitə sədri qeyd etdi ki,
son vaxtlar bəzi beynəlxalq təşkilatlar, hətta
bəzi ölkələr
Azərbaycanda qaçqın
və məcburi köçkün probleminin
unudulmasına səy göstərir: "Amma bunlar əbəs cəhdlərdir. Hansı dövlət, hansı təşkilat cəhd edirsə ki bu problem unudulsun,
çox böyük səhv edir. Azərbaycan prezidenti bu vəzifəyə başlayandan qarşısına
qoyduğu bütün
problemlərin həllinə
nail olub. Hələ ki həllini tapmayan yeganə problem Dağlıq Qarabağ münaqişəsi və
məcburi köçkünlərin
doğma yurd-yuvasına qaytarılması
məsələsidir. Azərbaycan
prezidenti və hökuməti bu münaqişənin beynəlxalq
hüquq normaları çərçivəsində həllinə dəstək
verdiyini dəfələrlə
elan edib. Azərbaycan bu məsələdə heç
bir güzəştə
getməyəcək və
biz dövlətimizin ərazi bütövlüyünü
təmin edəcəyik".
Ə.Həsənov Avropa Şurasının Parlament
Assambleyasının miqrasiya,
qaçqınlar və
əhali üzrə məruzəçisi Con Qrinveyin
hazırladığı məruzədə
Azərbaycandakı qaçqın
və məcburi köçkünlərin sayının
600 min nəfər göstərilməsi
ilə bağlı məsələyə də
münasibət bildirdi:
"Təəssüf ki,
1999-cu ildə Azərbaycandakı
qaçqınlara vətəndaşlıq
statusu verəndən sonra onların adları BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığının siyahısından çıxarılıb.
Onlar israr edirlər ki, bu qaçqınlar artıq vətəndaşlıq
alıblar, yerləşdiriliblər
və Azərbaycan hökuməti onları təmin edib. Hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün
var. Onlardan 250 mini 1988 - 92-ci illərdə
Ermənistandan qovulmuş
azərbaycanlılar, 50 mini
1992-ci ildə Özbəkistandan
Fərqanə hadisələri
zamanı qovulmuş Ahıska türkləridir.
Təxminən 600 minə
qədər isə işğal olunmuş Azərbaycan torpaqlarından
zorla çıxarılmış
məcburi köçkünlərdir.
Bundan başqa, 100 min nəfər sərhəd zonalarından
və cəbhə xəttində yerləşən
ərazilərdən ev-eşiyini
tərk edənlərdir".
Qaçqın və məcburi
köçkün probleminin
Azərbaycanda bir nömrəli məsələ
olduğunu deyən Ə.Həsənov xatırlatdı
ki, Neft Fondu yaradılarkən Ermənistandan qovulmuş qaçqınların siyasi
statuslarının öz
doğma torpaqlarına
qayıdanadək sabit
saxlanacağı qeyd olunur. Onun sözlərinə görə,
Azərbaycanın hökumət
nümayəndələri də
bunu dəfələrlə
söyləyiblər: "Ermənistandan
qovulmuş insanlarımız
qaçqın statusuna
malikdirlər. Düzdür,
onların imtiyazları
ləğv olunub, çünki onlar məskunlaşıblar. Lakin
bu o demək
deyil ki onlar öz statuslarını
itiriblər. Xeyr, qaçqın statusu Ermənistandan qovulmuş insanlar öz doğma yurdlarına qayıdana qədər saxlanılır".
Ə.Həsənovun sözlərinə görə, 2001-ci ildə
yaradılmış Dövlət
Neft Fonduna daxil olan ilk vəsaitlər məhz qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllinə yönəlib.
Bu günə qədər bu məqsədlə 720 milyon
dollar vəsait xərclənib. Bu vəsait hesabına 61 qəsəbə, 1 milyon kvadratmetrlik 17 min mənzil tikilib, bu mənzillərə 80 min qaçqın və məcburi köçkün köçürülüb.
Tikilən qəsəbələrdə
hər cür infrastruktur yaradılıb,
114 məktəb, xəstəxanalar,
tibb məntəqələri,
hamamlar tikilib.
Komitə sədri son 16 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin
həlli üçün
2 milyard dollar vəsait
xərcləndiyini dedi:
"Beynəlxalq təşkilatlar
isə bu müddət ərzində
azərbaycanlı qaçqın
və məcburi köçkünlərin problemlərinə
753 milyon dollar vəsait
sərf ediblər. Bu vəsaitin
200 milyon dolları BMT-nin qurumlarının,
360 milyonu ABŞ dövlətinə
məxsus qeyri-hökumət təşkilatlarının
proqramlarının, qalanları
isə Avropa, ərəb ölkələri,
Türkiyə, İran
kimi dövlətlərin
payına düşür.
Bu illər ərzində Azərbaycan
hökumətinə qaçqın
və məcburi köçkünlərlə bağlı
göstərdiyi birbaşa
yardıma görə
İtaliya və Yunanıstan dövlətləri
fərqlənib".
Ə.Həsənov onu da vurğuladı ki, Azərbaycan hökuməti məcburi köçkünlərin "Qayıdış
proqramı"nı artıq hazırlayıb. Ölkədə fəaliyyət
göstərən səfirliklər,
beynəlxalq təşkilatlar
və dövlət qurumlarının nümayəndələri
də bu proqramın hazırlanmasına
cəlb olunub: "Əgər sülh müqaviləsi imzalanacaqsa,
bu proqram mərhələ-mərhələ
həyata keçiriləcək. İndiyədək
məcburi köçkünlərlə
bağlı həyata
keçirilən proqramlar
sosialyönümlü olub.
Bundan sonra reallaşacaq proqramlar isə daha çox
inkişaf, reabilitasiya
yönümlü, məcburi
köçkünlərin iş
vərdişlərinin bərpasına
yönəlmiş proqramlar
olacaq. Bu insanlar artıq 16 ildir yardımlarla yaşayıblar. Lakin indi biz bu
insanları qayıdışa
hazırlamalıyıq. Bu
məqsədlə bütün
beynəlxalq təşkilatları
bu işə cəlb etmişik".
Naibə
Həftə içi.- 2009.- 19 iyun.- S.5.