Düşüncənin cuşa gəldiyi yer

 

Əbülfəz Qarayev: "Muzey işinə yanaşma savadsız qurulub"

 

Zəmanəmizin aqil şəxsiyyətlərindən biri deyib: "Muzeylər düşüncəni cuşa gətirməkdən ötrü ən yaxşı yerdir". Azərbaycanın açıq səma altında muzey olması aksiom olsa da, biz bir çox üstünlüklərimiz kimi, bu nemətdən də məqsədyönlü istifadə etməyi hələ də öyrənməmişik.   

Ölkə prezidenti cənab İlham Əliyevin "Bölgələrdə muzey işinin inkişafı haqqında" 22 may 2009-cu il tarixli sərəncamının müddəalarının gerçəkləşdirilməsinə həsr olunmuş tədbir çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin dedikləri də bunu təsdiq etdi. Nazir bildirdi ki, Azərbaycanın rayonlarında fəaliyyət göstərən muzeylər fəaliyyətlərini təkmilləşdirməlidirlər ki, həmin bölgələrə səfər etmiş xarici turistlər milli mədəniyyətin qədim irsi ilə tam həcmdə tanış olmaq imkanı əldə edə bilsinlər. Ə.Qarayev: "Sovet dövründə bizim milli-mədəni dəyərlərimizi öyrənmək imkanımız yox idi. Yalnız müstəqillik dövründə biz bu imkanı əldə etdik. Rayon muzeylərini Bakı muzeylərində olduğu kimi modernləşdirməli və ehtiyat fondlarını zənginləşdirməliyik. Yalnız bu zaman beynəlxalq standartlara uyğun iş prinsipinə nail olmaq mümkündür. Azərbaycan milli ideologiyasına və müasir standartlara uyğun olaraq muzeylərin fəaliyyətinə yeni yanaşma olmalıdır".  

Nazir muzeylərimizdəki ekskursovodların məlumatlılıq səviyyəsinə də toxunaraq bu sahədəki vəziyyətin qətiyyən ürəkaçan olmadığını etiraf edib. Ə.Qarayev: "Çox zaman elə ekskursovodlara rast gəlirik ki, Qız qalasının hansı əsrdə inşa edildiyini bilmir. Bu isə onu göstərir ki, onlar bu vəzifənin icrasına qətiyyən hazır deyillər". Lakin bölgə muzeylərinin problemlərinin bununla bitmədiyini deyən nazir qeyd etdi ki, muzeylərin özləri yaxşı vəziyyətdə olmaya bilərlər. Hazırda onların maddi-texniki bazasının yaxşılaşdırılmasından ötrü lazımi tədbirlər görülür, amma muzeylərin ekspozisiyası haqqındakı material savadlı tərzdə tərtib olunmalıdır. Ə.Qarayev: "Azərbaycan muzeyləri fəaliyyətlərini çox zəif təbliğ edirlər. Buna görə də respublikanın rayonlarına gələn turistlər çox zaman ümumiyyətlə bu və ya digər muzeyin varlığı barədə məlumatsız olurlar. Məhz buna görə də digər ölkələrdə turist səfərinə çıxanlar arasında məxsusi olaraq muzeylərdə keçirilən sərgilərə baş çəkməkdən ötrü yola çıxanlar kifayət qədər olursa, Azərbaycanda onları əsrarəngiz təbiətimiz, dənizimiz cəlb edir". Nazirin qənaətinə görə, muzeylər KİV-lə sıx əlaqə qurmalı, muzeyin fəaliyyəti barədəki internet məlumatlarını mütəmadi yeniləməlidirlər. Lakin təəssüf ki, muzeyləri dünyaya tanıda biləcək bu gözəl imkandan muzey əməkdaşları istifadə etməyi lazım bilmirlər. Milli-mədəni dəyərlərimizdən söz düşmüşkən, nazir bildirdi ki, bu il aşıq sənətinin YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsi yönündə zəruri addımlar atılacaq.

  

  

Samirə

 

Həftə içi.- 2009.- 24 iyun.- S. 7.