Uşaqlar arasında xəstəliklər
çoxalıb
Epidemiya yaranma təhlükəsi yoxdur
"Bəzən valideynlər göz çəpliyi
probleminə səthi yanaşaraq buna məhəl qoymurlar"
Son vaxtlar azyaşlı uşaqlar
arasında sürətlə infeksion xəstəliklər
yayılmaqdadır. Körpələrdə boğaz nahiyəsində
hiss olunan xəstəlik sonradan qızdırma ilə
müşayiət edilir. Bu da uşaqların zəifləməsinə,
halsızlığına səbəb olur.
3 gün müşahidə
olunan xəstəlik zamanı mütəxəssislərə
müraciət olunmazsa, uşağın orqanizmində ciddi fəsadlar
yarana bilər. Bu barədə məlumat verən pediatr Cəmilə
Məmmədova bildirdi ki, uşaqlarda müşahidə edilən
halsızlıq halları infeksiyanın orqanizmdə
özünə yer aldığına dəlalət edir:
"Ümumiyyətlə, qeyd etmək istəyirəm son illər
doğulan uşaqlar arasında xəstəliklər olduqca çoxdur.
Öz təcrübəmdən deyə bilərəm ki, uzun
illərdir bu sahədə çalışıram. Ancaq bu illər
ərzində uşaqlar arasında bu qədər problemlərə
rast gəlməmişəm. Oxşar fikirləri həmkarlarım
da sizinlə bölüşə bilər. Bu gün
azyaşlıların əziyyət çəkdiyi daha qlobal
problem isə müxtəlif infeksiyalarla bağlıdır.
Qeyd edim ki, ümumiyyətlə, bu gün övladının
sağlamlığının qayğısına qalmaq istəyən
valideyn müalicəyə hələ ana bətnində
başlamalıdır. Çünki hazırda infeksiyalar
birbaşa döldə özünü büruzə verir,
doğuşdan sonra isə onun mənfi təsirləri
özünü göstərir. Məsələn, hazırda
yeni doğulanların 80 - 90 faizində beyin təzyiqi, göz
çəpləşməsi, asfeksiya, kəllədaxili travma
və bu kimi çatışmazlıqlar qeydə
alınır. Statistik məlumatlar da təsdiqləyir ki,
hazırda pediatra müraciətlərin əksəriyyəti
yenidoğulanların valideynləridir. Bəzi hallarda isə
yanlış aparılan müalicə daha ciddi və mənfi
xəstəliklərin yaranmasına səbəb olur".
Həkimin dediyinə
görə, ölkə ərazisinə yol açan
sözügedən xəstəliklərin müalicəsi
üçün hazırda püxtələşmiş və
təcrübəli mütəxəssislər var: "Belə
ki, əvvəlki illərdə yuxarıda adını
sadaladığımız xəstəliklərin müalicəsi
səhv aparıldığından yenidoğulmuşlar
arasında ölüm hallarının sayı çox idi.
Ancaq hazırkı preparatlar və həkimlərin təcrübəsi
bu kimi hallar törədikdə xəstələrə
yardım göstərməyə imkan verir. Bu gün
uşaqlar arasında daha çox yayılmış xəstəliklərdən
biri də boğaz nahiyəsində qeydə alınır. Bir
çox valideynlər bu xəstəlikdən uşaqları ev
şəraitində müalicə etməyə
çalışırlar. Ancaq valideynlərin diqqətinə
çatdırmaq istəyirəm ki, uşaqda ciddi
nöqsanlarla üzə çıxan bu problem infeksiyanın təsiridir.
Onu da nəzərə almaq lazımdır ki, boğaz xəstəlikləri
əsasən boğazında artıq əti olan uşaqlarda
daha tez-tez təsadüf olunur. Nəzərə almaq
lazımdır ki, 5 yaşlı uşaqların boğaz ətini
kəsdirmək yasaq olduğundan onları yeni üsulla
müalicə etmək məsləhət görülür.
Belə ki, hazırda klinikaların əksəriyyətində
lazer üsulu ilə boğaz əti əridilir və onun
böyüməsinin qarşısı alınır. Bəzən
elə uşaqlarda bu üsulun tətbiqi də müsbət təsir
vermir. Ancaq aparılan təcrübədən də bəllidir
ki, bu gün yüzlərcə uşaq bu ağrılı
prosesdən əməliyyatsız xilas ola bilər".
Mütəxəssis
ayrıca olaraq uşaqlarda göz çəpliyi probleminə
də toxundu. Bildirdi ki, bu problemin yaranması daha çox
nevroloji problemlərlə bağlıdır: "Elə
azyaşlılar var ki, onların problemdən xilası
üçün uzunillik müalicə tələb olunur. Bu
zaman əsasən beyində olan problemlər müalicə
edilməli və sonradan göz nahiyəsində olan problemlərin
müalicəsinə başlanmalıdır. Bəzən
valideynlər göz çəpliyi probleminə səthi
yanaşaraq buna məhəl qoymurlar və uşağın
yaşı artdıqca vəziyyəti sabitləşdirmək
mümkün olmur. Hətta əməliyyata zərurət
yaranır".
Respublikanın baş
pediatrı Nəsib Quliyev isə hazırda uşaqlar arasında
yayılmış xəstəliklərin mövsümi xarakter
daşıdığını dedi: "Payız-qış
mövsümündə və yazqabağı virus xəstəliklərinə
daha çox rast gəlinir. El arasında buna soyuqdəymə xəstəliyi
deyilir. Fəsillərin başlanması ilə bağlı nəinki
uşaqlar arasında, hətta böyüklərdə də xəstəliklər
müşahidə edilir. Xəstəliyi yaradan isə soyuq
faktordur. Havalar tez-tez dəyişdiyindən insanlar nisbətən
nazik geyinməyə başlayır. Ancaq gözlənilmədən
dəyişən hava şəraiti əsasən də
uşaqların tez xəstələnməsinə şərait
yaradır. Valideynlərin diqqətinə çatdırım
ki, bu fəsildə uşaqların immunitetinin möhkəmləndirilməsinə
ciddi fikir versinlər. Onların qida rasionu möhkəmləndirilməlidir.
Əhalinin diqqətinə onu da çatdırım ki,
müxtəlif xəstəliklərin yaranmasına baxmayaraq bu
gün ölkədə epidemioloji durum sabitdir və
böyük narahatlığa ehtiyac yoxdur".
Mirvari
Həftə içi.- 2009.- 3 mart.- S. 6.