Bu gün Od çərşənbəsidir

 

Ocağınızdan pay verməyin

 

"Təncim elminə görə, həftənin çərşənbə günləri ağır günlər hesab olunur. Çünki bu günün səyyarəsi Bəhram, yəni Mars səyyarəsidir ki, bu da anlaşılmazlıq, ziddiyyət simvoludur"

 Novruz çərşənbələrindən birini - Su çərşənbəsini artıq geridə qoymuşuq. Bu gün Od çərşənbəsidir və hər birinin olduğu kimi, bu çərşənbənin də özünəməxsus qaydaları var. Ən əsası digər Novruz çərşənbələrində olduğu kimi, Od çərşənbəsində də tonqal yandırmaq mütləqdir. İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında "İkinci çərşənbə" və ya "Üsgü çərşənbə" də deyilir. Od çərşənbəsi qədimdə xalqımızın günəşə, odu qoruyub-saxlamağın vacibliyinə inamı ilə bağlıdır. Od çərşənbəsində odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edərdilər. Odla bağlı da bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar, tapmacalar bu günə qədər yaşamaqdadır. Məsələn, inanca görə, Od çərşənbəsində ocaqdan od verməzlər. Yaxud da "odu söyən qara günə qalar" kimi deyimlər sınaqdan çıxmış fikirlər sayılır.

Çərşənbələr barəsində astroloq Firudin Qurbansoyun fikirlərini öyrəndik. Astroloq bizimlə söhbətində bildirdi ki, çərşənbə axşamlarında tonqal qalanması, göyə yanar fişənglər, lopa atılması ululardanqalma qədim el adətidir: "Tonqal qalamaq, oddan atdanmaq, lopa fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlıdır. İşığın, günəşin gücünə inanan qədim insan odun, alovun köməyi ilə mənfi səciyyəli yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Onlar məhz bunun üçün tonqal qalayırdılar. Burada bütün məqamlarda od günəşin rəmzi kimi düşünülürdü. Çillədən - qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin, yazın çağırılması mərasimidir. Bu aktın icrası zamanı "ağırlığım, uğurluğum odda yansın" söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda - mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır".

F.Qurbansoy hesab edir ki, əslində çərşənbələr "axır" yox, "ağır" çərşənbələrdir: "Təncim elminə görə, həftənin çərşənbə günləri ağır günlər hesab olunur. Çünki bu günün səyyarəsi Bəhram, yəni Mars səyyarəsidir ki, bu da anlaşılmazlıq, ziddiyyət simvoludur. Ümumiyyətlə, çərşənbə günlərində insanlar bir-birilə münasibətdə aqressiv olurlar. Bir-birinə kompromisə getməyi bacarmırlar. Çalışırlar bir-birinin sözünü kəssinlər və öz həqiqətlərini sübut etsinlər. Dava-dalaş çox olur. İnsanlar bu günlərdə bir-birilə mehriban olsun deyə, ulularımız Yeni il öncəsi 4 çərşənbəni seçərək bayram kimi qarşılayıblar. Bu günlər ağır olduğu üçün onları xüsusi qeyd edirlər ki, üzümüzə gələn Novruz uğurlu olsun. Həmin günlər isə insanlar "ağırlığım-uğurluğum odda yansın" deyərək tonqal üstündən tullanırlar. Ümumiyyətlə, təbabətdə odla müalicə olunmaq kimi bir üsul da mövcuddur". Astroloq insanların ilaxır çərşənbələrinin ünsürləri ilə sıx bağlılığını dedi: "Bu ünsürlərin ikisi bir-birinə dostdur, ikisi düşmən. Havayla od, torpaqla su dostdur, eyni zamanda bunların ikisi digər ikisi ilə bir-birinə düşməndir".

 

 

Naibə

 

Həftə içi.- 2009.- 3 mart.- S. 1; 6.