Xaçmazda meşələr qanunsuz qırılır

 

Ödəniş azaldığından elektrik şəbəkəsinin və qaz istismarı idarəsinin fəaliyyəti zəifləyib

 

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin adıçəkilən məkandakı meşələrin qanunsuz qırılması ilə bağlı açıqlamalarını qəzetimizdə dərc etmişik. Xatırladaq ki, onun açıqlamasına görə, yerli əhalinin yanacaqla təminatında Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (YMMBM) 1725 kubmetr quru odun tədarük edib və onu məktəblərə, uşaq bağçalarına, xəstəxanalara və ayrı-ayrı vətəndaşlara satıb. 1,5 hektar tinglik, 100 hektar yeni meşə salınıb: "Lakin meşələrin qorunması istiqamətində hələ çox işlər görülməlidir. Meşələrin qanunsuz qırılmasının qarşısı tamam alınmalı, belə hallara qətiyyən yol verilməməlidir". YMMBM-in direktoru Budaq Əliyev deyilənləri təsdiqləyərək təəssüflə bildirib ki, uzun illər ərzində ölkəmizə yanacaq mənbəyi kimi baxıldığından meşələrimizə böyük zərbə dəyib.

Nəticədə bir çox yerlərdə meşələr seyrəlib, su ehtiyatları azalıb, sel və eroziya təhlükəsi artıb. Son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin qırılmasına qarşı çox ciddi mübarizə aparır: "Bəzi yaşayış məntəqələri, təhsil və məktəbəqədər tərbiyə müəssisələri qış dövründə yanacaq kimi hələ də odundan bəhrələnir. Lakin bu məqsədlə müstəsna hal kimi yalnız meşələrdəki tör-töküntüdən və sanitar qırıntılar zamanı tədarük edilən odundan istifadə edilir. Səylərimizə baxmayaraq, ayrı-ayrı yaşayış məntəqələrində hələ də meşələrə qanunsuz müdaxilə hallarına təsadüf olunur. Ötən il Xaçmazda meşələrə qanunsuz müdaxiləyə görə 73 akt və protokol tərtiblənib. Rayonun inzibati orqanları 38 halda meşə oğruları barədə cinayət işi açıblar. Qanun pozuntusuna yol verənlər 6400 manat cərimə ödəyiblər. Meşələrin əhəmiyyəti ilə bağlı yerli əhali arasında mütəmadi və geniş miqyasda maarifləndirmə işinin aparılmasına ehtiyac var. Bundan başqa, alternativ yanacaq mənbələrindən istifadə genişləndirilməlidir. Yalnız bundan sonra meşələrə yanacaq mənbəyi kimi baxılmasına son qoyula bilər".

 

 "İdarəmiz ciddi sıxıntı yaşayır"

 

Xatırladaq ki, Xaçmaz rayon Qaz İstismarı İdarəsi (XRQİİ) il ərzində həyata keçirilmiş tədbirlər nəticəsində qaz təchizatı sahəsində müəyyən müsbət nəticələr əldə etsə də, RİH başçısı bu sahədə də kifayət qədər nöqsanların hələ də qaldığını vurğulayıb: "Verilən təbii qazın dəyərinin yığılması sahəsində ciddi irəliləyişin olmaması əsas problemlərdən biridir. Əhaliyə verilən təbii qazın yığımı 2007-ci ildə 56,3 faiz olduğu halda, ötən il 50,3 faiz təşkil edib. Bu rəqəm bizi heç cür qane edə bilməz".

Xaçmaz RQİİ-nin rəisi Azad Yaqubov da deyilənlərlə razılaşaraq bildirib ki, Xaçmaz və Xudat şəhərlərindən əlavə, rayonun 32 kəndinə qaz verilir. Rayon üzrə təbii qazdan istifadə edən abonentlərin sayı 18.900 nəfərə çatdırılıb. Sayğacların quraşdırılması başa çatan Ağyazı, Buduq və Qədəşoba kəndlərinə də yaxın günlərdə qaz veriləcək. Hazırda Nərəcan və Qımıl kəndlərində qaz sayğaclarının quraşdırılmasına başlanılıb: "Hülövlü və Üçgünqışlaq kəndlərində qaz kəmərlərində və paylayıcı şkaflarda təmir işləri aparılır. Biz köhnəlmiş xətlərin təzələnməsi ilə məşğuluq. Amma bütün bunlara baxmayaraq əksər abonentlər istifadə etdikləri "mavi yanacağ"ın haqqını vaxtında ödəmədiyindən çox ciddi sıxıntı yaşayırıq. Təkcə 2008-ci ildə əhaliyə satılan qazın dəyərinin cəmi 54 faizi ödənilib. Dekabr ayında isə ödəniş 50,5 faiz olub. Qazpulunu ödəmədiklərindən son zamanlar Xaçmaz şəhərindəki H.Aslanov və Ü.Hacıbəyov küçələrinin sakinlərinə, həmçinin Müşfiq, Qaraçı və Xaspoladova kəndlərinə qaz verilişi dayandırılıb".

 

59 enerji oğurluğu aşkarlanıb

 

Xatırladaq ki, Ş.Xanbabayevin açıqlamasına görə, il ərzində 5,1 milyon manatlıq 123,8 milyon kilovat-saat enerji alınıb. Əhali sektorundan verilən enerjiyə görə 3,3 milyon manat, yəni 65,7 faiz vəsait yığılıb: "Bu rəqəm 2007-ci ildəki 38,5 faizlə müqayisədə xeyli artıq olsa da, yenə də qaneedici deyil. Xaçmaz Elektrik Şəbəkəsinin (XEŞ) rəhbərliyi bu istiqamətdə radikal addımlar atmalı, yığım faizinin maksimum həddə çatdırılması üçün bütün imkanlarını reallaşdırmalıdır. Yeni salınmış yaşayış massivlərinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması sahəsində də məqsədyönlü və təsirli tədbirlər görülməlidir".

XEŞ rəisi Qismət Əsgərov da tənqidlərlə razılaşaraq deyib ki, 176 yaşayış məntəqəsində 36.400 abonent var. Rayon üzrə sayğaclaşdırma işi 97,6 faizə çatıb. Bir sıra yerlərdə açıq xətlər qapalı sip kabellərlə əvəzlənib. Əksər evlərin sayğacları həyət və evlərdən bayıra çıxarılıb: "Bu, enerjinin uçotunun düzgün aparılması və oğurluq hallarının qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Bununla belə, təkcə dekabr ayında ayrı-ayrı şəxslər tərəfindən enerji oğurluğuna yol verildiyinə dair 59 fakt aşkarlanıb və aktlaşdırılıb. Gördüyümüz işlər və bir sıra yaşayış məntəqələrinin qazlaşdırılması nəticəsində əvvəlki dövrlərlə müqayisədə elektrik enerjisi sərfi nəzərəçarpacaq dərəcədə azalıb. Təkcə ötən ilin sentyabrında orta aylıq yığım 92,4 və əhali sektorundan yığım isə 84,2 faiz olduğu halda, noyabr və dekabr aylarında xeyli azalıb. Bütün bunlar da normal fəaliyyətimizə mənfi təsirini göstərir".

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 3 mart.- S. 1; 5.