Elmar Hüseynovun qətlindən 4 il ötdü

 

Arif Babayev: "900-ə yaxın müxtəlif istintaq hərəkəti həyata keçirilib"

 

Qatillər azadlıqdadır

 

Ötən gün "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 4-cü ili tamamlandı. Bununla əlaqədar mərhum jurnalistin yaxınları və həmkarları onun II Fəxri xiyabandakı məzarını ziyarət etdilər.

E.Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin blokunda odlu silahla öldürülüb. Ona 7 güllə vurulub. Hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin - Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovun adlarını açıqlayıb. Onlar hələ ki yaxalanmayıblar. Qətldən az sonra - 2005-ci il martın sonlarında Turqay Bayramov adlı şəxs saxlanılıb. O, şübhəli bilinən T.Əliyevlə T.Xubanova saxta sənədlərlə telefon nömrəsi almaqda təqsirləndirilib və 2 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci ilin martında cəzasını başa vuraraq azadlığa çıxıb.

Yeri gəlmişkən, çoxsaylı qətllərə görə ömürlük azadlıqdan məhrum edilən Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov öz məhkəməsində E.Hüseynovu onun dəstəsinin qətlə yetirdiyini və cinayətin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə icra olunduğunu bildirsə də, hələ bu məsələyə aydınlıq gəlməyib.

Mərhum jurnalistin məzarını ziyarət etdiklərini dilə gətirən Elmar Hüseynov Fondunun rəhbəri Şahbaz Xuduoğlu diqqətə çatdırdı ki, bundan başqa tədbirlərin keçirilməsi planlaşdırılmayıb. E.Hüseynova heykəl qoyulması məsələsinin hansı mərhələdə olması ilə bağlı sualı cavablandıran Ş.Xuduoğlu vurğuladı ki, imza toplamaqla bu planı reallaşdırmaq mümkün deyil: "Ona heykəl qoyulması ilə bağlı imzatoplama kampaniyası başlanmışdı. Mən bunun əleyhinəyəm. Hamı istəyər heykəl qoyulsun. Bu isə dövlətin səlahiyyətindədir. Elmar Hüseynovla bağlı müsabiqə bitib". Müsabiqə ilə bağlı yeni layihələrin keçirilib-keçirilməyəcəyinə gəlincə isə Ş.Xuduoğlu diqqətə çatdırdı ki, hələ ortalıqda real iş yoxdur.

Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev isə bildirdi ki, E.Hüseynovun qətlinin açılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun sözlərinə görə, istintaq qrupu tərəfindən görülən işlərin həcmi çox böyükdür: "Ötən dövr ərzində 900-ə yaxın müxtəlif istintaq hərəkəti həyata keçirilib, həmçinin 600-dən artıq şahid dindirilib, 155-dən artıq baxış, axtarış, 50-dən artıq tanınma aparılıb, 20 ekspertiza keçirilib, 100-dən artıq sorğu və məktub göndərilib və digər çoxsaylı zəruri əməliyyat tədbiri görülüb". A.Babayev həmçinin əlavə etdi ki, bundan başqa, sözügedən sahədə istintaq qrupu tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı Gürcüstanın Baş Prokurorluğuna 6 vəsatət göndərilib, istintaq qrupu 4 dəfə həmin ölkəyə ezam olunub: "Cinayəti törətmiş şəxslər bəllidir. Bunlar barələrində beynəlxalq axtarış elan olunmuş Tahir Xubanov və Teymuraz Əliyevdir. Həmin şəxslərin tutularaq Azərbaycana təhvil verilməsi üçün Gürcüstan Baş Prokurorluğuna müraciətlər edilib. Amma Gürcüstan tərəfi həmin şəxsləri Azərbaycana verməkdən boyun qaçırır. Hazırda Tahir Xubanov və Teymuraz Əliyev barəsində İnterpol vasitəsilə dünyanın 180-dən artıq ölkəsində qırmızı xətt üzrə beynəlxalq axtarış aparılır".

 

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2009.- 3 mart.- S. 3.