"Ermənilər qeyri-konstruktiv mövqedədirlər"

 

Bahar Muradova: "Əgər işğal edilmiş ərazilərin azad olunması tələbi qoyulursa, yerinə yetirilməlidir"

 

"Mövqelər o qədər fərqlidir ki, hansısa güzəşt tapmaq çox çətindir"

 

ATƏT Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi məruzəçisi Qoran Lenmarker Azərbaycanda da maraq oyadan Cənubi Qafqaz ölkələrinin parlamentariləri tərəfindən platformanın yaradılması təklifini irəli sürdü.  

Məsələyə münasibətini açıqlayan Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradovanın sözlərinə görə, ATƏT PA tərəfindən ilk dəfə deyil ki belə təklif irəli sürülür: "Həmin təklifin mahiyyəti ondan ibarətdir ki, bölgənin 3 dövlətinin deputatları öz aralarında mövcud problemlərin həllini araşdıracaq, bununla da münaqişələrin həllinə yardım göstərəcək. Eyni anda xalqları da buna hazırlayacaq". Bununla belə, B.Muradova Q.Lenmarkerin deputatlar arasında mütəmadi görüşlərin müsbət nəticələrinə dair fikirlərinin tam əsaslandırılmadığı qənaətindədir. Vitse-spikerin sözlərinə görə, azərbaycanlı və erməni deputatlar arasında görüşlər çox olub. Lakin erməni tərəfin qeyri-konstruktiv mövqe tutması sonrakı görüşləri mənasız edib: "Hələ tərəflərin sona qədər problemləri sakit şəkildə müzakirə edərək minimum ayrı-ayrı istiqamətlərdə ümumi nəzər nöqtəsinə çatmaq cəhdləri olmayıb. Hər iki tərəf öz mövqeyini - həqiqətini ortaya qoyur. Bu mövqelər o qədər fərqlidir ki, hansısa güzəşt tapmaq çox çətindir. Qoran Lenmarker Bakıda olarkən tərəflərin heç birinin "100 faizlik müsbət nəticəyə" ümid etmədiyini açıqladı. Bu cür fikirlərin erməni tərəfinə ünvanlanması daha məntiqlidir. Bizim üçün 100 faizlik müsbət nəticə ərazi bütövlüyümüzün tanınması və bərpası zamanı olacaq. Əgər işğal olunmuş ərazilərin azad olunması tələbi qoyulursa, yerinə yetirilməlidir. Bizim tərəfimizdən güzəştlər bütün baş verənlərdən sonra qarşı tərəflə sülh danışıqlarına getməyimizdir. Bizim tərəfimizdən daha hansı güzəştlər ola bilər? Biz sülh danışıqlarına razılıq vermişik. Eyni zamanda bizim tərəfdən başqa planla bağlı addımların atılması üçün beynəlxalq hüquqda heç bir məhdudiyyət yoxdur". B.Muradovanın sözlərinə görə, Azərbaycan işğal olunmuş ərazilərin azad olunması üçün digər yolu da seçmək iradəsinə malikdir. Lakin hələlik bütün səylər münaqişənin sülh yolu ilə həllinə yönəlib. Bu mövqe ATƏT PA-nın sessiyası çərçivəsində bir daha ortaya qoyuldu. Ermənistan tərəfi isə bunun əksinə bəyanatlar versə də, müvafiq cavablarını alıb. Lakin yenə də sessiyanın münaqişənin mahiyyəti ilə bağlı az məlumata malik iştirakçılarını çaşdırmağa çalışaraq özlərinin qeyri-konstruktiv mövqelərində qalırlar. Bununla yanaşı, Gürcüstanda yaşanan avqust hadisələrindən sonra ATƏT PA və digər beynəlxalq təşkilatlar bu münaqişələrə diqqəti artırıb: "Hesab etmək olar ki, Qoran Lenmarkerin dediyi kimi, bu il münaqişənin həllində qızıl imkan yaransın. Təbii ki, bu şansın necə istifadə olunacağını söyləmək çətindir. Ən əsası Azərbaycan - Ermənistan münaqişəsinin gündəlikdə qalmasıdır və ATƏT bu problemin həlli istiqamətində səylərini artıracaq". B.Muradova sessiya çərçivəsində italiyalı deputatların üçtərəfli görüş keçirmək təklifinə də toxunub. Bildirib ki, ATƏT PA və Minsk Qrupunun üzvü kimi İtaliyanın bu addımı tərəfləri bir-birinə yaxınlaşdırmaq və münaqişənin həllinə öz töhfəsini vermək kimi qiymətləndirilməlidir: "Cəhdlər artır, ancaq təəssüf ki, nəticələr hələ ki yoxdur".

 

 

Azad Əliyev

 

Həftə içi.- 2009.- 3 mart.- S. 2.