Yunanıstan təbii qazı Bakıdan almaq niyyətindədir

 

Dora Bakoyanni: "Amma Türkiyənin mövqeyi narahatlıq yaradır"

 

"Yunanıstan gələcəkdə təbii qazı tək Rusiyadan yox, həm də Azərbaycandan almaq niyyətindədir" - bu fikirləri Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni səsləndirib. Onun sözlərinə görə, bu, ölkəsinin enerji mənbələrinin diversifikasiyası ilə bağlı strategiyasına uyğun gəlir.

D.Bakoyanni deyib: "Biz Rusiya ilə möhkəm strateji əməkdaşlıq əlaqələri qurmaqla yanaşı, Azərbaycandan gələn boru kəmərinə də vəsait yatırırıq". Bu ölkənin baş diplomatı Afinanı sözügedən məsələdə narahat edən məqamları da açıqlayıb. Bakoyanninin sözlərinə görə, Yunanıstanı Türkiyənin mövqeyi narahat edir. Belə ki, Ankara öncə Azərbaycan qazının Yunanıstana nəqlində tranziti həyata keçirmək niyyətini açıqlasa da, hazırda bu məsələdə aydınlıq yoxdur. Sonradan isə Ankara ilə bu istiqamətdə aparılan danışıqlar müsbət nəticələr verməyib. ABŞ-a səfəri barədə də danışan xarici işlər naziri bildirib ki, Vaşinqtondakı həmkarlarını Azərbaycan prezidenti İlham Əliyevin ölkəsinə səfəri zamanı aparılan danışıqların detalları barədə məlumatlandırıb. Sözügedən məsələ ilə bağlı Yunanıstanın Azərbaycandakı səfiri də bir neçə gün əvvəlki açıqlamasında Afina ilə Bakı arasında azəri qazının Avropaya nəqli ilə bağlı tranzit müqavilənin olmadığını bildirdi. Son məlumatlara görə isə yaxın vaxtlarda bu istiqamətdə iki ölkə arasında ekspertlər səviyyəsində danışıqlara başlanılacaq. Yunanıstan tərəfi bu danışıqların müsbət nəticələnəcəyinə ümidlidir. Türkiyənin mövqeyinə gəldikdə isə Ankara ilə Bakı arasında da bu istiqamətdə danışıqlar aparılır. Diplomatik mənbələrə istinadən verilən xəbərlərdə vurğulanır ki, Ankara Azərbaycan qazını bütünlüklə özü alıb Avropa dövlətlərinə satmaq istəyir. Lakin Bakı özünün qazını birbaşa Avropa bazarlarına çıxarmaqda maraqlıdır. Bu məsələnin hələlik açıq qaldığı vurğulanır.

Yaxın bir neçə ildə isə Yunanıstan Rusiya qazından asılılığını 80 faizdən 45 faizə endirməyi planlaşdırır. Bu məsələdə əsas önəm verilən mənbə isə Azərbaycandır. Yunanıstan mətbuatı yazır ki, son bir neçə gündə Afina tərəfdən enerji məsələləri ilə bağlı ardıcıl gələn açıqlamalar prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinin yekunları ilə bağlıdır. Belə ki, Azərbaycan Yunanıstana daha artıq qaz ixrac etməyə hazır olduğunu ən yüksək səviyyədə bildirib. Digər bir məlumatda isə vurğulanır ki, keçən həftə Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutan "Türkiyə - Yunanıstan - İtaliya" (TYİ) boru xəttinin ikinci mərhələsinin tikintisi ilə bağlı danışıqlar aparılıb. Bu kəmər Azərbaycanı Qərbi Avropa ilə birləşdirəcək və Avropa Birliyini "mavi yanacaq"la təmin edən əsas beş marşrutdan birinə çevriləcək. Bu marşrut Türkiyə, İtaliya və Yunanıstanı Xəzər hövzəsi, Yaxın Şərq və Şimali Afrikadan gələn "mavi yanacağ"ın böyük tranzit dəhlizinə çevirəcək. Hazırda fəaliyyət göstərən və Yunanıstanla Türkiyəni birləşdirən boru xəttinin uzunluğu isə 295 kilometrdir. Qeyd edək ki, "TYİ"nin tikintisinə 2013-cü ildə başlanılması planlaşdırılır. Bu kəmər vasitəsilə ildə 11,7 milyard kubmetr qaz nəql olunacaq. Bu həcmdən 8 milyardını İtaliya, 2 milyardını isə Yunanıstan alacaq. Layihənin dəyərinin 2 milyard avro olduğu bildirilir.

 

 

Azad Əliyev

 

Həftə içi.- 2009.- 3 mart.- S. 2.