Heyvan qəbiristanlığına ehtiyac var

 

Heyvanların Müdafiəsi Cəmiyyətinin rəhbəri Azər Qarayevin dediyinə görə, bu gün ölmüş heyvanların cəsədlərinin basdırılması ilə bağlı paytaxtda anormal vəziyyət yaranıb:

 

"Artıq 10 illərdir ölmüş heyvanların cəsədləri paytaxtın park və bağlarında basdırılır. Əsasən də bu proses metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşən Dədə Qorqud parkında həyata keçirilir. Həmin ərazidə ölmüş heyvanlar necə gəldi torpağa basdırılır. Bu isə mənfi halların baş verməsinə səbəb olur. Məsələn, parka gələnlər antisanitariya vəziyyəti ilə üz-üzə qalırlar. Uşaqların daha çox istirahət ərazisi olan parklarda heyvan cəsədlərinin basdırılması onlar üçün ciddi problemlərlə nəticələnə bilər. Yay aylarında cəsədlərdən gələn üfunət iyi müxtəlif xəstəliklərin yayılmasına da səbəb ola bilər. Həmçinin uşaqlar torpaqda oynamağı sevdiyindən əllərini torpağa vurduqları vaxt cəsədlər basdırıldığı yerdən xəstəliklərə yoluxa bilərlər. Bütün bu problemlərin aradan qaldırılması üçün heyvanlar üçün ayrıca qəbiristanlığın yaradılmasına ehtiyac var. Qeyd edim ki, bu cür qəbiristanlıqlar dünyanın bütün sivil ölkələrində var".  

A.Qarayev hazırda paytaxt ərazində bir çox ailələrin ev heyvanları saxladığını da dedi: "Bununla yanaşı, əksər tənha insanlar pişik, it saxlayır və onları ailələrinin üzvü hesab edirlər. Həmin heyvanlar öləndə isə onların sahibləri heyvanları basdırmağa yer tapa bilmirlər. Hesab edirəm bu cür qəbiristanlığı şəhərin kənar hissələrində təşkil etmək lazımdır. Onu da deyim ki, ümumilikdə paytaxt ərazisindəki heyvanların basdırılması üçün 3 - 4 hektar ərazi ayrılmalıdır. Bunun üçün ev heyvanlarının sahibləri də müəyyən ərazi kirayələyə bilərlər. Ümumiyyətlə, bu gün heyvanlarla bağlı bir sıra problemlər mövcuddur. Bu sıraya sahibsiz heyvanlar problemi, vəhşi və ev heyvanlarının satışının təşkili, onların düzgün qidalandırılması və sairlər daxildir".

 

 

Mirvari

 

Həftə içi.- 2009.- 4 mart.- S. 6.