Bülbülə gölü çirklənmədən qorunacaq

 

"Azərsu" ASC mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmzadədən aldığımız məlumata görə, su təchizatının kanalizasiya sisteminin yaxşılaşdırılması yeniləşdirilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir. Müsahibimiz xatırlatdı ki, ötən il regionlarda 126,1 km uzunluğunda su xətti, 16,9 km uzunluğunda kanalizasiya xətti çəkilib, həcmi 50 kubmetr olan 1 ədəd su anbarı, 2 kanalizasiya nasos stansiyası, 3 suqəbuledici qurğu, 4 istehsalat binası tikilib, 7 subartezian quyusu qazılıb. Bundan başqa, gücü sutkada 5 min kubmetr olan 1 ədəd təmizləyici qurğu kompleksi tikilir. Onun dediyinə görə, Tovuz rayonunda içməli suya olan tələbatın yaxşılaşdırılması məqsədilə Tovuz - Zəyəmçay magistral su kəməri sistemində diametri 530 mm olan 20 km uzunluğunda su xətti çəkilsə , layihə üzrə işlər davam etdirilir: "Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 - 2010-cu illər üçün kompleks tədbirlər planı"na əsasən, Abşeron yarımadasının Xəzər dənizinin ekoloji durumunun yaxşılaşdırılması ilə bağlı işlənmiş müvafiq layihələr üzrə tikinti-quraşdırma işləri davam etdirilir. Təkcə ötən il bu proqram üzrə 23,4 km uzunluğunda kanalizasiya xətti çəkilib. Sutkalıq gücü 200 min kubmetr olan təmizləyici qurğular kompleksinin tikintisi üzrə işlər davam etdirilir. Bülbülə gölünə axan çirkab sularının qarşısının alınması üçün müxtəlif diametrli uzunluğu 12,1 km olan təzyiqli kanalizasiya kollektoru quraşdırılıb. Hövsan açıq kanalının qapalı tipdə yenidən qurulması məqsədilə diametri 2 min mm, uzunluğu 4,6 km olan kanalizasiya kollektoru quraşdırılıb. Hər iki layihə üzrə işlər davam etdirilir".

      

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 4 mart.- S. 6.