Rusiya - Azərbaycan münasibətləri möhkəmlənir

 

Fuad Axundov: "Bu, Avropanın özü üçün də vacibdir"

 

"Bakı və Moskva aralarındakı strateji tərəfdaşlığa yeni məzmun verməyə çalışırlar". Bu sözləri Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin bölmə müdiri Fuad Axundov Rusiya prezident administrasiyasının rəhbəri Sergey Narışkinin Bakıya səfərinin yekunlarına münasibət bildirərkən qeyd edib.

F.Axundov qeyd edib ki, prezidentin Moskva Dövlət Universitetinin (MDU) Bakıda filialının açılması ilə bağlı 15 yanvar 2008-ci ildə verdiyi sərəncam Azərbaycan - Rusiya münasibətlərinin inkişafına təkan verib. Onun sözlərinə görə, bu addım iki dövlət arasında elm və təhsil sahəsində əməkdaşlığa böyük töhfədir: "Hələlik MDU-nun Bakı filialında kimya, tətbiqi riyaziyyat və filologiya fakültələri fəaliyyət göstərir. Onu da bildirmək istəyirəm ki, ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlıq birtərəfli həyata keçirilmir. Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənddə fəaliyyət göstərən filialında 500 tələbə təhsil alır. Bundan başqa, Rusiyanın bir neçə ali təhsil müəssisəsində Azərbaycan dili, ədəbiyyatı və incəsənəti kafedralarının açılması da planlaşdırılıb". F.Axundovun fikrincə, bu sahədə Azərbaycanın rəsmi orqanları daha maraqlı olmalıdırlar. Bundan başqa, bu filial yüksəkixtisaslı kadrlar hazırlamaqla iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə təkan vermiş olacaq. F.Axundovun sözlərinə görə, MDU-nun Bakı filialının açılması sırf simvolik xarakter daşıyır. O, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin, humanitar əlaqələrin mövcudluğunun bariz nümunəsidir. O da xatırlanıb ki, 1919-cu ildə Azərbaycan Dövlət Universitetinin yaradılmasında da rusiyalı alimlərin böyük rolu olub. Yüzillərdir azərbaycanlılar və ruslar bir-birlərini başa düşmək, öyrənmək, bir-birlərinə hörmət etmək ənənəsini bu günə qədər qoruyub-saxlayıblar.

O, S.Narışkinin "Azərbaycan Rusiyanın bölgədə əsas iqtisadi və siyasi tərəfdaşıdır" fikrinə də münasibət bildirib: "Mən bunu ikitərəfli və regional aspektə bölə bilərəm. Fikrimcə, bir tərəfdən burada ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin səmimi qiymətləndirilməsi var. İqtisadi-ticari əlaqələrin inkişafı, çoxsahəli humanitar əməkdaşlıq, ən yüksək səviyyədə etibarlı siyasi dialoq, beynəlxalq arenada qarşılıqlı əməkdaşlıq və s. bütün bunlar bu gün Bakı ilə Moskva arasında strateji əməkdaşlığın göstəricilərindəndir. İkincisi, regional əməkdaşlıq - bu, siyasi sabitlik, təhlükəsizlikdir ki, Rusiya Qafqaz, Xəzər bölgəsi və Yaxın Şərqdə bu kimi məsələlərə çox həssaslıqla yanaşır". F.Axundovun sözlərinə görə, Rusiya - Azərbaycan münasibətlərinin genişlənməsi Avropanın özü üçün də vacibdir.

  

 

Elnur

 

Həftə içi.- 2009.- 4 mart.- S. 3.