"Dəli Kür" – 40
Məşhur filmin haqqında az danışılan
aktyoru
Şedevrləri əvəzolunmazlar yaradır
Bu il kinomuzun klassik
nümunələrindən biri olan Hüseyn Seyidzadənin
İsmayıl Şıxlının eyniadlı romanı
üzrə çəkdiyi "Dəli Kür" ekran əsərinin
40 illik yubileyidir.
Sovet senzurasının
ixtisarlarına baxmayaraq, "Dəli Kür" filmi
romanın ədəbiyyatımızda tutduğu yerə
kölgə salmadan, əksinə, əlavə dolğunluq bəxş
edərək kino yaradıcılığının və
istehsalının şedevri kimi özünü təsdiq edib.
Filmdə rus Əhməd obrazını canlandıran Eldar Əliyev
(1936 - 1984) haqqında az danışılan sənətkarlardandır.
Geniş tamaşaçı kütləsi onu həm də
"Yenilməz batalyon" (həbsxanadan qaçan), "Mən
ki gözəl deyildim" (Çingiz), "1001-ci qastrol"
(kinorejissor), "Mezozoy əhvalatı" (Arif), "Sən
niyə susursan?" (müfəttiş), "Eto sladkoye slovo -
svoboda" (leytenant Kurilyov) filmlərində
yaratdığı müxtəlif xarakterli rollardan
tanıyır. Kinoya gəlişi isə teatrdan, S.Vurğun
adına Rus Dram Teatrının rejissoru olduğu yoldan
başlayıb. Eldar Əliyevin ailə üzvləri və həmkarları
xatirələrini böyük həvəslə "Həftə
içi"nin müxbirinə danışdılar. Həyat
yoldaşı Tamara xanım Əliyeva: "Eldarın əsl
adı Elbert idi. Amma danışırdı ki, heç
uşaq vaxtı da onu belə çağırmayıblar. Onun
atası Həsən Əliyev "Azərbaycanfilm"
kinostudiyasının dublyaj redaksiyasında
çalışırdı. Qardaşı Fuad isə İncəsənət
İnstitutunun qrim işi üzrə müəllimi idi. Musiqi təhsilləri
olmasa da, ikisi də gitarada çalmağı
bacarırdı".
Qeyd edək ki, Fuad Əliyevin
qızı Dinarə Əliyeva indi artıq təqdimata
çox az ehtiyacı olan vokalçı kimi özünü
təsdiq edib. Teatrımızın və kinomuzun görkəmli
simalarından biri Yusif Vəliyev də bu ailənin yaxın
qohumu idi.
Eldar Əliyevin incəsənətə
birbaşa gəlməməsi şəxsi həyatında ən
xoş məqamlar və qəti qərar qəbul etmək
bacarığını sübut etməsi ilə əlamətdar
olub. O, 1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı
Pedaqoji İnstitutunu bitirəndən sonra 20 nömrəli orta
məktəbdə müəllim işləyib. Tamara Əliyeva:
"Eldar Pedaqoji İnstitutda oxuyanda mən orda müəllim
işləyirdim. Aramızda beş yaş fərq var idi. Yəqin
təsəvvür etmək çətin deyil ki, müəllimə
ilə tələbənin məhəbbətinə görə
qulaqlarımız necə söz-söhbətlər
eşidirdi. Özü də o zaman... Amma Eldar çox
vurğun, çox da ciddi idi".
Pedaqoji fəaliyyəti
çox yaxşı alınsa da, teatr aləmi
günü-gündən onu özünə daha coşqunluqla
çəkirmiş. Beləliklə, 1966-cı ildə M.Əliyev
adına İncəsənət İnstitutunun teatr
rejissorluğu fakültəsini bitirdikdən sonra Rus Dram
Teatrında fəaliyyətə başlayıb. İlk işi
"İnkoqnito" tamaşası olub. Ş.Qurbanov adına
Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya
Teatrında quruluşları olub. Bolqar dramaturgiyası
festivalında Panço Pançevin "Skazka o
çetıryox bliznetsax" pyesinin Komissarjevskaya adına
Leninqrad Dram Teatrının səhnəsində tamaşaya
qoyulmasında iştirak edib.
T.Əliyeva:
"Sözü-söhbəti teatra aid olurdu. Düzdür,
kinonun da öz yeri var idi. Hətta son vaxtlar ssenari də
yazırdı. Yarımçıq qaldı. Amma teatr ona daha
yaxın idi. Premyeraqabağı çox həyəcanlı
olurdu. Bir neçə gecə yatmırdı, siqareti-siqaretə
calayırdı".
Kürəkəni Mahmud
bəy: "Quruluş verdiyi hər bir tamaşaya görə
keçirdiyi məsuliyyət hissi çox böyük idi.
Sifarişli səhnə əsərlərinə görə isə
daha çox narahat olurdu. Onun Eldar Ryazanovla Emil Braginskinin qələmə
aldıqları "Rodstvenniki" əsərinə verdiyi
quruluş, "Samıy poslednıy den" tamaşaları
böyük uğur qazanmışdı, Moskvadan gələn
qonaqlar da yüksək fikirdə idilər".
Qızı Leyla
xanım: "İndi Rus Dram Teatrı birinci növbədə
tamaşaçıları cəlb etməyi
düşünür. Amma o vaxt belə deyildi..."
Mahmud bəy: "Elə
bu uğurlardan sonra da Jalakyaviçus onu "Eto sladkoye slovo -
svoboda" filmində çəkilməyə dəvət
etdi. Sonralar da Pribaltikaya işləməyə dəvət
edirdi. Kolumbiya kinematoqrafçılarından da dəvət
almışdı".
Leyla xanım:
"Heç bir ölkədə çox qala bilmirdi.
Qayıdanda danışırdı ki, hər şey çox
yaxşı, çox gözəl idi - işləmək şəraiti,
ümumi atmosfer... Amma elə bütün günü fikirləşirdim
ki, bircə indi Bakıda, evimdə olaydım. Teatrda son rejissor
işləri Hüseyn Cavidin "Şeyx Sənan" və
Çervinskinin "Sçastye moye" əsərləri
üzərində olub".
Eldar Əliyev sənət
aləmində Eldəniz Zeynalov, Ceyhun Mirzəyev, Aleksandr
Şarovski, Lyudmila Duxovnaya ilə dostluq edirdi. Hazırda Rus
Dram Teatrının baş rejissoru olan A.Şarovski bizə
bunları danışdı: "Eldarla mənim uzun illər
möhkəm dostluğumuz olub. Mən o vaxtlar Gənc
Tamaşaçılar Teatrında işləyirdim. "Rus
drama"sında tamaşaya qoyulan Səməd Vurğunun
"Fərhad və Şirin" dramında Fərhad rolunda
çıxış etməyə dəvət
olunmağımın təşəbbüskarı məhz
Eldar idi. O, çox yüksək dərəcədə insani
keyfiyyətlərlə zəngin adam idi. İnsan və dost
kimi əvəzi yox idi. Mən bu günəcən ikinci belə
bir adama rast gəlməmişəm. Onun qəfil, bədbəxt
təsadüf nəticəsində vəfatından sonra bu hiss
daha da kəskinləşdi. Bütün bu illəri əziz,
böyük dostum Eldara necə ehtiyac duyduğumu sözlə
demək çətindir".
Ailə üzvləri ilə
söhbətimizdən: "Çox ünsiyyətcil, insanpərvər,
incə yumor hissinə, cilalı rəftar mədəniyyətinə,
çox səmimi, açıq xarakterə malik olduğuna
görə hamı ona vurğun idi. Həyat belədi ki, gərək
özün-özünə yol açasan. Eldar müəllimin
insanlığı ilə sənətkarlığı eyni dərəcədə
yüksək səviyyədə idi. Elə buna görə də
az şeyə nail ola bildi. Həm ömür vəfa eləmədi,
həm də insanlığı mane olurdu. O kimisə - az və
ya çox dərəcədə, fərqi yoxdu - güdaza
verib, özünə yol açmağı heç vaxt
bacarmazdı. Təbii ki, əhvalında həmişə
inciklik sezilirdi".
Leyla xanım:
"Kiçik bacım Eldarə ilə (Leyla xanım
böyük oğluna atasının adını verib - S.) mənim
həmişə yaxşı görünməyimizi istəyirdi.
Atam çox mülayim xasiyyətli olduğu üçün
onunla tam sərbəst idik. Yadıma gəlir ki, biz balaca olanda
Fikrət Əmirovun "Sevil" operasından Balaşın
ariyasını bizim üçün oxuyardı. Klod
Leluşun "Kişi və qadın" filminə
yazılmış musiqini, bir də Rəşid Behbudovun sənətini
çox sevirdi. Bilmirəm, həyatdan cavan yaşında
getdiyindəndir bəlkə, amma mənə həmişə
elə gəlir ki, atam ahıl yaşlarına çatsaydı
belə, doğurduğu təəssürat uşaq
saflığında, gənc coşqunluğunda qalan insanın
təəssüratını dəyişməyəcəkdi.
Bu dünyanın adamı deyildi. Çox işıqlı idi.
İçərisində günəş var idi elə
bil"...
Samirə
Həftə içi.- 2009.- 5 mart.- S. 7.