Azərbaycan 154 ölkə arasında 86-cı yerdədir

 

İKT-nin inkişaf səviyyəsinə görə

 

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) dünyanın 154 ölkəsinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində inkişaf səviyyəsinin 5 illik araşdırılmasına dair hesabat təqdim edib. Araşdırma 2002-ci ildən 2007-ci ilədək olan dövrü əhatələyir. Hesabatda Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı, Çin, Vyetnam, Lüksemburq və Rumıniya ilə yanaşı, İKT baxımından ən sürətli inkişaf edən iqtisadiyyata malik ölkələr qeyd olunub. Bu ölkələr son 5 il ərzində İKT sektoruna dair göstəriciləri maksimal artıra biliblər. Belə ki, Azərbaycan ümumi reytinqdə 2,71 bal toplayaraq 2002-ci ilə dair siyahıdakı 100-cü yerdən 14 pillə yüksələrək 86-cı mövqedə təqdim olunub. BTİ-nin hesabatında xüsusi qeyd olunub ki, Azərbaycan 86-cı pillədə 2002-ci ildə İKT göstəricilərinin aşağı səviyyədə olduğuna və 5 il ərzində bu sahə üzrə nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə etdiyinə görə yer alıb. Bundan əlavə, indeksdə 5 il ərzində Azərbaycanda mobil rabitənin və internetin tətbiqinin dəfələrlə artması vurğulanır. Ölkədə həyata keçirilmiş islahatlar İKT sahəsinin gələcək inkişafı üçün əlverişli şərait yaradıb. Hesabatda həmçinin Azərbaycan hökumətinin İKT-ni neft sektorundan sonra iqtisadiyyatın ikinci sahəsinə çevirmək niyyəti də qeyd olunur. Azərbaycanda İKT sektoru təkcə 2007-ci ildə 170 milyon dollar məbləğində yerli investisiya cəlb edə bilib. Bildirək ki, indeks 11 göstəricini qlobal, regional və milli səviyyədə miqyaslı təhlil üçün vasitə kimi istifadə oluna bilən vahid meyarda birləşdirir. Bu göstəricilər informasiya-kommunikasiya texnologiyalarına çıxış, onların istifadə edilməsi, eləcə də texnologiyalara dair praktiki biliklərlə bağlıdır, yəni kompüteri olan evlərin, internet-istifadəçilərinin sayı və kompüter savadlılığının səviyyəsi. İKT sektorunda daha yüksək nailiyyətlər əldə etmiş ölkələr Şimalı Avropa ölkələridir. Digər regionlardan bu sıraya Cənubi Koreya daxildir. İKT-nin inkişafına dair BTİ-nin yeni indeksinin lideri İsveçdir. İsveçdən sonra indeksdə Danimarka, Niderland, İslandiya və Norveç yer alıb. Azərbaycanın 154 ölkə arasında 86-cı pillədə yer almasına baxmayaraq ölkədə İKT sahəsində reallaşdırılan proqramlar, BTİ mütəxəssislərinin verdiyi rəylər, Azərbaycanda bu sahənin artım tempinin dünya orta artım tempindən daha sürətlə irəliləməsindən və ölkənin BTİ-nin gələcək reytinqində daha yüksək mövqedə yer tutması üçün bütün şəraitlərin olmasından xəbər verir. Qeyd edək ki, son illər Azərbaycanın İKT sahəsində orta illik artım tempi təxminən 32-35 faiz olub. Digər beynəlxalq qurum - Davos İqtisadi Forumunun rəyinə görə isə Azərbaycan dünya ölkələri arasında 67-ci yeri tutaraq MDB ölkələri sırasında lider olub. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, yanvarda Azərbaycanda İKT sektorunun müəssisələrində məhsul istehsalı və xidmətlər 62,3 milyon manat təşkil edib və ya 6,8 faiz artıb. Artım ötürücü cihazların istehsalında 2,8 dəfə, səsi və təsviri qəbul etmək, yazmaq və göstərmək üçün cihaz istehsalında 3,7 dəfə, elektrik-məişət mallarının və radio-televiziya aparatlarının topdansatışında 2,1 dəfə, elektrik rabitəsində 7,8 faiz, kompüter avadanlığının topdansatış və proqram təminatında 57,6 faiz olub.

 

   

Sevil

 

Həftə içi.- 2009.- 5 mart.- S. 5.