Referendumla bağlı xaricdə 32 seçki məntəqəsi yaradılıb

 

Martın 18-də Azərbaycanda keçiriləcək referendumla bağlı xaricdə 32 seçki məntəqəsi yaradılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov bildirib. Onun sözlərinə görə, həmin seçki məntəqələri Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində açılıb. Artıq xaricdəki seçki məntəqələrində səs verəcək seçici siyahıları müəyyənləşib, seçki bülletenləri çatdırılıb. N.Məmmədov bildirib ki, xaricdə yerləşən 32 seçki məntəqəsi 4 dairə seçki komissiyasına - 15 saylı Yasamal I, 16 saylı Yasamal II, 17 saylı Yasamal III və 29 saylı Səbail seçki dairələrinə tabedir. MSK üzvü Tofiq Hüseynov isə bildirib ki, referendumla bağlı seçki bülletenlərinin dairə seçki komissiyalarına (DSK) paylanması prosesi başa çatmaq üzrədir. Onun sözlərinə görə, yalnız Bakı şəhərində yerləşən seçki komissiyalarına seçki bülletənləri verilməyib. MSK üzvü bildirib ki, bülletenlərin paylanması prosesi fevralın 17-dən başlayıb. İlk olaraq xarici ölkələrdə yerləşən seçki məntəqələrinə və ucqar rayonlardakı seçki komissiyalarına bülletenlər göndərilib. MSK üzvü bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə, komissiya səsvermə gününə ən azı 5 gün qalmış bülletenləri DSK-lara, DSK-lar isə səsverməyə 3 gün qalmış bülletenləri məntəqə seçki komissiyalarına verməlidir. Qeyd edək ki, referendumla bağlı ölkə üzrə seçicilərin ümumi sayından 3 faiz artıq - 4 milyon 949 min 18 bülleten çap olunub. Bülletenlərdə referenduma çıxarılmış konstitusiyanın 29 maddəsinə nəzərdə tutulan 49 dəyişiklik öz əksini tapıb. Hər bir əlavə və dəyişikliyin qarşısında "hə" və "yox" qrafaları var.

 

 

Elnur

 

Həftə içi.- 2009.- 5 mart.- S. 2.