"Gənc alimlərə meydan verin"
Dünən Dövlət
İqtisad Universitetində gənc tədqiqatçıların
XIII elmi konfransı keçirildi. Azərbaycanın 20 ali məktəbindən
300-dək gənc tədqiqatçı-alim, universitet
rektorları, prorektorların iştirak etdiyi konfransda
çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycanda
elm sahəsinin zəif inkişafından danışdı.
Nazir qeyd etdi ki, Azərbaycanda bütün sahələr
üzrə inkişaf olmasına baxmayaraq, elmin inkişaf səviyyəsi
qaneedici deyil. Xüsusən gənc tədqiqatçılar
beynəlxalq elmi yarışmalara qoşulmur və bu, Təhsil
Nazirliyini çox narahat edir.
M.Mərdanov bu məsələ
ilə bağlı ona dəfələrlə irad
tutulduğunu da gizlətmədi: "Ali məktəblərdə
elmi konfranslar keçirilmir. Mən rektorlara, professorlara, dosentlərə,
dekanlara, xüsusən də elmi işlər üzrə
prorektorlara müraciət edirəm: gənc alimlərə
meydan verin. Çünki ölkənin inkişafı həmin
gənclərdən asılıdır. Mənə bu
yaxınlarda universitetlərin birinin elmi işlər üzrə
prorektorunu təqdim etdilər. O, 75 yaşlı bədən tərbiyəsi
müəllimidir. Universitetlərdə elmi işlərə rəhbərliyi
belə adamlara tapşırmaq olmaz". Təhsil naziri gəncləri
bilik və bacarıqlarına uyğun haqlarını tələb
etməyə də çağırıb. O, gəncləri əmin
edib ki, onlar mübarizə aparsalar, elmi sahələrdə
uğur qazana biləcəklər, haqq öz yerini tutacaq.
Tədbirdə
çıxış edən İqtisad Universitetinin rektoru
Şəmsəddin Hacıyev isə təhsil nazirinin
özünütənqid ruhunda çıxış etdiyini
xatırlatdı. Bildirdi ki, son 15 ildə elmin inkişafında
çox ciddi nəticələr əldə edilib. O da etiraf
etdi ki, elmi tədqiqat aparanların yaş tərkibində Azərbaycan
elminin qocaldığı görünür: "Elmdə
yaşlı nəsil tövsiyələr verməli, əsas tədqiqatları
isə gənclər aparmalıdır. Əminəm ki,
bugünkü konfransda aparılan diskussiyalar bu məqsədə
xidmət edəcək".
Daha sonra Bakı Dövlət
Universitetinin rektoru - millət vəkili Abel Məhərrəmov
gənclərin elm sahəsində üzləşdiyi problemlərdən,
beynəlxalq tədbirlərdə iştiraklarından və
tutduqları mövqelərdən danışıb. Konfrans gənc
tədqiqatçıların məruzələri ilə davam
edib.
Naibə
Həftə içi.- 2009.- 7-10 mart.- S. 6.