Ombudsman illik hesabat verdi

 

Son 1 ildə aparata ünvanlanan 8600 müraciətinin 51,2 faizinə sübut olmadığından baxılmayıb

 

Dünən Milli Məclisin növbəti toplantısı keçirildi. 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibətilə spiker Oqtay Əsədovun təbrikindən sonra cari məsələlər ətrafında müzakirələr başladı. İlk olaraq çıxış edən millət vəkili Cəmil Həsənli bildirdi ki, Nərimanov rayonu ərazisindəki Böyük Şor qəsəbəsində 50 ev su altında qalıb: "Məsələ qaldırılanda deyirlər bu evlər qanunsuz tikilib. Lakin orada bir çox insanlar keçən əsrin 60 - 70-ci illərindən məskunlaşıblar. Hər dəfə gəlib 1 - 2 görürlər. Lakin yenidən su qalxır. Bu problem artıq 3 ildir mövcuddur". C.Həsənli onu da vurğuladı ki, yenə həmin rayonda 17 saylı tibb məntəqəsinə naməlum şəxslər hücum edərək 5 otağı dağıdıblar.

Avadanlıqlar qalsa da, əhaliyə tibbi yardım göstərilə bilmir. Millət vəkili spikerdən bu məsələlərin həllində yardım göstərməsini istədi.

Deputat Əli Məsimli isə ona Şəkidən bir qrup müəllimin müraciət etdiyini dedi. Bildirdi ki, müəllimlər əməkhaqlarının aşağı olması məvaciblərinin gecikdiyini deyirlər: "Bu il büdcədən təhsilə ayrılan vəsaitin həcmi 1,4 milyard manatdır. Bu, çox böyük rəqəmdir. Biz təhsil haqqında yeni qanun layihəsini qəbul edərək müəllimlərin məvaciblərini artırmalıyıq. Bu, 400 minlik təhsil işçiləri üçün böyük hədiyyə olardı". Millət vəkili məvaciblərin gecikməsini isə süni amillər texniki problemlərlə əlaqələndirdi.

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istədi. Bu təklifdən sonra Müsavat deputat qrupu digər müxalifətçi deputatlar ayağa qalxdılar. Digərləri arasında müəyyən tərəddüd olsa da, spikerin ayağa qalxmasından sonra parlament səviyyəsində M.Rəsulzadənin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Spiker O.Əsədov isə vurğuladı ki, M.Rəsulzadə ADR-in yaradıcılarındandır bu addım ona qarşı hörmətin əlamətidir: "Ona görə bu addımın başqa istiqamətə yozulması düz deyil". Millət vəkili Sabir Rüstəmxanlı isə Bakıətrafı kəndlərdəki vəziyyətlərdən danışdı. Dedi ki, Dərnəgüldən sonra kəndlərarası yollar tamamilə bərbad vəziyyətdədir. Ona görə Abşeron kəndləri ilə bağlı xüsusi qərarlar verilməlidir.

Deputat xidmət xərclərindən danışdı: "Almaniyada telefon xidmətləri bizdən 10 dəfə ucuzdur. Belə çıxır ki, biz onlardan yaxşı yaşayırıq. Bu qiymətlərə yenidən baxılmalıdır".

Deputat Fazil Mustafa isə hicab məsələsinə toxundu. Dedi ki, "Təhsil haqqında" qanunun müzakirəsi zamanı parlament tərəfindən bu məsələ açıq buraxıldı. Onun həlli müvafiq strukturlara tapşırıldı. Lakin bu gün orta məktəblərdə hicablı şagirdlərə qarşı qeyri-qanuni yollarla mübarizə aparılır.

Parlament bunu yoluna qoymalıdır. Spiker isə bu mövqe ilə razılaşmadı. Vurğuladı ki, "Təhsil haqqında" qanunun müzakirəsi zamanı bu məsələ təhsil müəssisələri müvafiq qurumların öhdəsinə buraxıldığı üçün onlar özləri problemi həll etməlidir. Digər tərəfdən isə artıq vahid məktəb formalarının tətbiqi bu kimi qanunlar da qəbul olunub.

Cari məsələlərin müzakirəsi yekunlaşdıqdan sonra ombudsman Elmira Süleymanovanın illik məruzəsi dinlənildi. Qeyd edək ki, bu, E.Süleymanovanın parlamentdəki sonuncu hesabatı idi. O bildirdi ki, 2008-ci ildə rəhbərlik etdiyi aparata 8600 müraciət daxil olub. Onların 86,6 faizini şikayətlər təşkil edib. Bu şikayətlərin 51,2 faizi sübut dəlillər olmadığı üçün baxılmamış saxlanılıb. Həmçinin keçən il ərzində 3 nəfərin polis məntəqəsində işgəncələrə məruz qalması nəticəsində ölmələrinə dair məlumatlar da yerində araşdırılıb. Lakin araşdırmalar zamanı məlum olub ki, bu faktlardan 2-si intihar, digəri isə polis məntəqəsinə gətirilərkən yolda ürəyinin qəfil dayanması hadisələridir. E.Süleymanova həmçinin bildirdi ki, xarici radiostansiyaların fəaliyyətinin milli tezliklərdə dayandırılmasının ardından onların bərpası ilə bağlı Teleradio Şurasına müraciət ünvanlayıb. Həmçinin həbsdə olan jurnalistlərin durumu, Sumqayıt Dövlət Universitetində hicabla bağlı yaranmış problemlər ombudsmanın diqqətində olub.

Ombudsman Aparatının 31 əməkdaşı müşahidəçi kimi prezident seçkiləri zamanı bir çox rayonlarda seçki prosesini izləyib. Bu seçkilərlə bağlı ombudsmana hansısa şikayətlər edilməyib. Keçənilki şikayətlərin isə 5333-ü yerli icra strukturları, 1200-ü məhkəmə, 651-i prokurorluq, 388-i isə polis orqanları ilə bağlı idi. Polislə bağlı şikayətlər zamanı 113 təsdiqlənmiş fakt üzrə 154 polis əməkdaşı barəsində ciddi inzibati tənbeh tədbirləri həyata keçirilib. 4 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 17 nəfər polis orqanlarından kənarlaşdırılıb. 19 nəfər isə tutduğu vəzifələrdən azad olunub.

Budəfəki hesabat millət vəkilləri tərəfindən müsbət qarşılandı. Deputat Aydın Mirzəzadə bildirdi ki, ombudsmanın 7 illik fəaliyyətində Azərbaycan reallıqları, xarici ölkələrin təcrübələri, ölkədəki demokratik inkişaf digər amillər nəzərə alınıb. A.Mirzəzadə bütün bunlarla yanaşı, hesabatın dövlət mətbuat orqanlarında nəşrini təklif etdi. Onun sözlərinə görə, telekanallarda bu hesabatla bağlı silsilə verilişlər yayımlanmalıdır. Həmçinin Ombudsman Aparatının bölgədəki nümayəndəliklərinin fəaliyyəti barədə geniş məlumatlar verilməlidir.

Deputat Mübariz Qurbanlı isə Ombudsman Aparatına ünvanlanan şikayətlərin sayının azalmasına diqqət çəkdi. Bildirdi ki, bunun əsas səbəbi son illər ölkədə aparılan sosial-iqtisadi, həmçinin hüquqi islahatlardır. Belə ki, artıq yerlərdə insanların şikayətləri, problemləri dinlənilir məhkəmələr tərəfindən ədalətli qərarlar çıxarılır.

Millət vəkili Əli Məsimli isə keçən illərlə müqayisədə əhalinin ombudsmana ünvanladıqları müraciətlərin sayının artmasının müsbət məqam olduğunu dedi. Onun sözlərinə görə, bu, insanların sözügedən aparata inamının artmasını göstərir.

Çıxışlar yekunlaşdıqdan sonra hesabat qəbul olundu. Lakin bu dəfə maraqlı olay yaşandı. Müxalifətdən olan bir qrup deputat səsverməyə qatılmadı. Səbəbini isə onlara söz verilməməsi ilə əlaqələndirdilər.

 

 

Azad Əliyev,

parlament müxbiri

 

Həftə içi.- 2009.- 7-10 mart.- S. 1; 2.