Milli Teatr günü qeyd edildi
Azərbaycan teatrı dünən 136 yaşını qeyd etdi. 1873-cü il martın 10-u tarixində görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin təşəbbüsləri sayəsində M.F.Axundovun "Lənkəran xanının vəziri" tamaşasının oynanılması ilə peşəkar teatr ənənələrimizin doğuluşu baş verdi.
Bakı Realni Məktəbinin şagirdlərinin hazırladıqları bu tamaşa "Nicat" klubunda təqdim edilmişdi. Sonrakı dövrdə mədəniyyət və incəsənət sahəsində Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Hüseyn Ərəblinski və digər sənət fədailərinin şəxsi təşəbbüsləri, yorulmaz zəhməti sayəsində Azərbaycan teatrı öz simasını qazanmağa başladı. Özünün dramaturgiyası, aktyor və aktrisaları ilə birlikdə milli teatr məktəbimiz məcazi və müstəqim mənada təşəkkül tapdı. Teatr Texnikumu, M.Əliyev adına İncəsənət İnstitutu (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.), Tənqid-təbliğ və Tədris teatr-studiyalarının divarları arasından böyük, peşəkar səhnəyə Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Mehdi Məmmədov, Hökümə Qurbanova, Həsənağa Turabov, Şəfiqə Məmmədova, Adil İsgəndərov, Tofiq Kazımov və bu kimi möhtəşəm simalar çıxdılar. Bir qismi Moskvada da təhsil alan, oranın son dərəcə teatral mühitində "bişib" vətəninə dönən bu sənətkarların və adlarını çəkmədiyimiz aktyor və rejissorların əksəriyyətinin istedad və bacarığı keçmiş SSRİ və hətta dünya miqyasında tanınmağa layiq idi və tanınırdı da.
Dünən Teatr Xadimləri İttifaqında (TXİ) Milli Teatr günü münasibətilə təntənəli tədbir keçirildi. Hazırda respublikada 40-a yaxın teatr fəaliyyət göstərir. Tədbir iştirakçıları bu teatrların demək olar hamısının ən uğurlu tamaşalarının afişalarından ibarət sərgi ilə tanış oldular. Tədbirdə çıxış edən TXİ-nin sədri Azər Paşa Nemətov, teatrşünas İlham Rəhimli, rejissor Ağakişi Kazımov və digərləri həmkarlarını və teatr sənətinə biganə olmayan hər kəsi təbrik etdilər.
Çıxışçılar qeyd etdilər ki, Azərbaycanda teatr sənəti indi yeni inkişaf dövrünə qədəm qoyub. Bu isə məsuliyyət hissinin artması deməkdir. Tədbirdə teatr həyatından lətifəyə çevrilmiş əhvalatlar da söylənildi.
Samirə
Həftə içi.- 2009.- 11mart.- S. 7.