"Süni monopoliyaya son qoyulmalıdır"

 

Hadı Rəcəbli bunun üçün Rəqabət Məcəlləsinin qəbulunu zəruri sayır

 

"Sosial Məcəllənin hazırlanması ilə bağlı məsələ çoxdan bizim komissiyanın gündəmində var. Eyni zamanda başqa - səhiyyə ilə bağlı qanunvericilik aktlarını özündə ehtiva edən məcəllənin hazırlanmasını da nəzərdə tuturuq" - bu fikirləri sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli səsləndirdi.   

 Onun sözlərinə görə, bu məcəllələrin hazırlanması böyük vaxt tələb etdiyi üçün onların Milli Məclisin 3-cü çağırış sessiyaları dövründə müzakirəyə çıxarılması qəbulu inandırıcı deyil: "Buna baxmayaraq hesab edirik hər iki məcəlləyə ehtiyac var". H.Rəcəbli 2 ildən artıq müddətdə ətrafında ciddi müzakirələr aparılan, lakin hələ qəbul olunmayan Rəqabət Məcəlləsi barədə danışdı. Bildirdi ki, bu məcəllənin qəbuluna ehtiyac var. Artıq Rəqabət Məcəlləsi 2 oxunuşdan keçərək üçüncü oxunuşa tövsiyə edilib: "İnanıram ki, biz bu məcəllənin 3-cü oxunuşda bütövlükdə qəbuluna nail ola biləcəyik. Eyni zamanda onun qəbulu ölkədə bəziləri tərəfindən yaradılan süni monopoliya elementlərinin aradan qaldırılmasına müsbət təsir göstərəcək". Millət vəkilinin sözlərinə görə, süni monopoliya elementləri Azərbaycanda görülən bütün mütərəqqi işlərə ləkə gətirir. Komissiya sədri bu kimi hallarla mübarizə aparıldığını onun nəticə verdiyini dedi: "Bunun obyektiv tərəfləri var. Məsələn, ölkədə sement zavodu birdir. Yalnız o özü bazara diktə edə bilir. Bundan başqa, Azərbaycanda metallurgiya ilə bağlı bir müəssisə mövcuddur. Ona görə gərək bazarı bir qədər genişləndirmək, bu məhsulların ona daxil olmasına daha əlverişli şərait yaratmaq lazımdır ki, bu istiqamətdə hansısa problemlər yaşanmasın. Süni inhisarçılıq, monopoliya elementləri ortaya çıxmasın qiymətlər süni artırılıb-azaldılmasın". Komissiya sədri vurğuladı ki, bütövlükdə məsələlər Azərbaycanda real gəlirlərin sabit qalmasına yönəldilməlidir. Onun sözlərinə görə, real gəlirin sabit qalması üçün "Ərzaq təhlükəsizliyi haqqında" qanunun qəbuluna zəruri ehtiyac var. Parlamentin aqrar-siyasət komissiyası tərəfindən bu yöndə müvafiq qanunvericilik aktının hazırlanması planlaşdırılır. Digər tərəfdən Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncam da var. İstər bu sərəncam, istərsə hazırlanması planlaşdırılan qanunvericilik aktı bu məsələdə müsbət rol oynaya bilər: "Ümumiyyətlə, qanunlarımız gərək o qədər dəqiq olsun ki, məmur özbaşınalığına yer qalmasın. Bizim bəlalarımızdan biri elə məmur özbaşınalığıdır. Buna qarşı gərək hamımız - mətbuat, bütün ictimai-siyasi qüvvələr, bütövlükdə ictimaiyyət ciddi mübarizə aparsın. Məmurlar da digər kateqoriyalardan olan insanlar kimi qanunlara birmənalı riayət etməlidirlər". H.Rəcəbli qanunların qəbulunda uzunmüddətli fasilələrin yaranmasına da toxundu. Bildirdi ki, bir sıra qanunların, məcəllələrin qəbulu qədər uzansa, bir o qədər xeyirlidir: "Biz ümumilikdə bu digər qanunlarda hansı müddəalar işləmirsə, onları 1-2 ildən sonra yenidən təkrarən işləməli dəyişməliyik".   

Komissiya sədri "Gəlir deklarasiyası haqqında" qanunvericilik aktının hazırlanması ilə bağlı səsləndirilən fikirlərə toxundu. Onun sözlərinə görə, vaxtilə Türkiyə prezidenti olmuş Turqut Özal dünya türklərini ölkənin turizm sahəsinə maliyyə yatırmağa çağırdı. Həmin çağırışda bu sahəyə yatırılan maliyyədən gəlir deklarasiyasının tələb olunmayacağı, vergilərdən müəyyən müddətə azad ediləcəklərinə dair məqamlar əksini tapdı. Məhz hazırkı Türkiyənin iqtisadi inkişafı o vaxtdan başladı: "Biz isə bu təcrübədən yararlanmaq əvəzinə deyirik ki, gəlir deklarasiyanızı təqdim edin. Bu zaman, təbii ki, müəyyən işlər görmək istəyən insanlar vəsaitlərini bura yatırmaqdan daha çox, elə Türkiyəyə, Qazaxıstana yatırmağa üstünlük verəcəklər. Fikrimcə, bu yolla getsək, düz olmaz. Çalışmalıyıq Azərbaycanda qazanılan bütün pullar ölkədə yeni yerlərinin açılmasına yönəlsin. Bazar qiymətlərinin aşağı salınmasına, istehsalın artımına istiqamətlənsin bu vəsaitlərin heç biri ölkədən kənara çıxarılmasın".

   

 

Azad Əliyev

 

Həftə içi.- 2009.- 11 mart.- S. 3.