"Qarabağ problemini tərəflər özləri çözməlidir"

 

Sergey Lavrov: "Rusiya münaqişə tərəflərinə xaricdən hər hansı reseptlərin qəbul etdirilməsinin əleyhinədir"

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Trend"ə müsahibəsində Moskva ilə Bakı arasında siyasi-iqtisadi münasibətlər, Ermənistana verilən 800 milyon dollarlıq silah qalmaqalı, "Nabukko" qaz kəmərinin taleyi və s. məsələlərə toxunub. Nazir müsahibəyə Bakıya səfəri zamanı müzakirə mövzusu olacaq mövzulara aydınlıq gətirməklə başladı.  

- Mənim vəzifəm Rusiya və Azərbaycan arasında 2008-ci il iyulun 3-də imzalanan dostluq və strateyi tərəfdaşlıq bəyannaməsinin yerinə yetirilməsi üzrə ilkin nəticələrə yekun vurmaq və qarşıdakı dövrdə həmin sənədin müddəalarının reallaşdırılması üzrə konkret addımları planlaşdırmaqdan ibarətdir. Ümid edirəm Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə planlaşdırılan görüş zamanı hazırkı vəziyyət və ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinə dair Azərbaycan prezidentinin fikirlərini eşidəcəyəm. Bakıda həmkarım - xarici işlər naziri Elmar Məmmədyarov ilə siyasi əməkdaşlıq, iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələr də daxil olmaqla gündəlikdə duran əsas ikitərəfli məsələlərin bütün tərəfləri üzrə ətraflı danışıqlar aparmağa köklənmişəm. Təbii ki, danışıqların daha məzmunlu hissəsini xarici siyasət təşkil edəcək.   

 Rusiya və Azərbaycanın həm qonşu dövlət, həm də fəal regional oyunçu kimi müzakirə etməli çox mövzuları var. Onların arasında, əlbəttə, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, Xəzərdə təhlükəsizliyin təmin edilməsi üzrə çoxtərəfli mexanizm və Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələləri də daxil olmaqla Xəzərə dair işlər var. Fikrimizcə, bu məsələlərdə daha sürətlə irəliləmək mümkündür. Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi və əməkdaşlığın qurulması üzrə bir sıra ölkələrin təşəbbüslərini müzakirə etmək niyyətindəyik. Şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ətraflı fikir mübadiləsi aparılacaq. Azərbaycanlı tərəfdaşlarımızdan bu kök salmış münaqişənin həlli məsələsində dost Azərbaycan və Ermənistana yardım üzrə ATƏT-in Minsk Qrupunda həmsədrlik çərçivəsində Rusiyanın gələcək addımları ilə bağlı istəkləri eşitməyimizə çox şad olardıq. Nəhayət, beynəlxalq gündəlik. Bizim BMT və digər beynəlxalq strukturlardakı xarici siyasət idarələrimizin fəaliyyətinin əlaqələndirilməsinin dərinləşdirilməsi üçün əlavə olaraq nəyi etməyin mümkün olduğunu nəzərdən keçirəcəyik.  

- Fikrinizcə, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla müxtəlif regional siyasi məsələlər üzrə ölkələrimizin mövqeyi nə dərəcədə yaxındır? Prezidentlər tərəfindən imzalanan Moskva bəyannaməsi bu ərazi münaqişəsinin nizamlanmasına nə dərəcədə yardım göstərə bilər?  

 - Qafqazdakı vəziyyətə, Qafqazın sülh və əmin-amalıq bölgəsinə çevrilməsinə dair Rusiya və Azərbaycanın baxışlarının ümumiliyi artıq qeyd etdiyim 2008-ci il 3 iyul tarixli dostluq və strateyi tərəfdaşlıq bəyannaməsində qeyd olunub. Hər iki ölkə aralarında hərtərəfli əməkdaşlq, bu regionda yerləşən dövlətlərin sabit inkişafı yolunda mövcud olan maneələrdən narahatlıq hiss edir. Bu, hər şeydən əvvəl Dağlıq Qarabağ ətrafındakı münaqişə ilə bağlıdır. Rusiyanın, o cümlədən prezident Medvedyevin onun nizamlanması üzrə mövqeyi dəfələrlə səsləndirilib. Təkrar edirəm, biz münaqişə iştirakçılarının xaricdən hər hansı bir istiqamətə yönəldilməsinə qarşı çıxış edirik. Biz bu problemin nizamlanması məsələsində əsas məsuliyyətin azərbaycanlılar və ermənilərin üzərinə düşməsi mövqeyindən çıxış edirik. Rusiya münaqişəyə cəlb edilən bütün tərəfləri qane edəcək güzəşt razılaşmanı dəstəkləməyə hazırdır, razılaşma əldə olunacağı təqdirdə isə nizamlanmanın zamini qismində çıxış edəcək. Fikrimizcə, problemin Cənubi Qafqazda sabitlik və əmin-amanlığın bərpa olunmasına imkan yaradacaq həlli həyata vəsiqə qazanacaq, münaqişədən sonrakı dövr isə regionda tarixən formalaşan geosiyasi qüvvələr balansının saxlanılmasına imkan yaradacaq, onun beynəlxalq siyasi və hərbi rəqabət arenasına çevrilməsinə gətirib-çıxarmayacaq. İndi isə ötən il noyabrın 2-də prezidentlər Medvedyev, İlham Əliyev və Sarkisyan arasında imzalanan bəyannamənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nə dərəcədə təsir göstərə biləcəyi barədə. Mən artıq deməliyəm ki, bu sənəd hər şeydən əvvəl Azərbaycan və Ermənistan liderlərinin niyyətlərini təsdiq etmələri və siyasi nizamlanma üzrə razılaşmanın başa çatdırılması məqsədi ilə yüksəksəviyyəli ikitərəfli görüşlərin davam etdirilməsinə hazır olmaları baxımından mühüm əhəmiyyət kəsb edir. 2008-ci il 2 noyabr tarixli üçtərəfli görüşün ATƏT-in Xarici İşlər Nazirləri Şurasının həmin ilin dekabrında keçirilən iclasında güclü dəstək qazanması təsadüf deyil, bununla yanaşı, ATƏT-in Minsk Qrupunun üç həmsədri - Rusiya, ABŞ və Fransa bu iclasda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə Moskva bəyannaməsinin müddəalarının inkişafında tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə əlavə təkliflər veriblər.  

 - Azərbaycan parlamentində KTMT çərçivəsində yaradılan birgə silahlı qüvvələrin Bakıya qarşı yönələ biləcəyi ilə bağlı narahatlıqlar var. Bu qüvvələrin əsas təyinatı nədən ibarətdir?  

- Belə başa düşürəm bu sualın verilməsi Kollektiv Təhlükəsizlik haqda Müqavilə Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının cari il fevralın 4-də keçirilən növbədənkənar sessiyasında KTMT-nin Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) yaradılması barədə qəbul etdiyi qərar ilə bağlıdır. Dərhal qeyd edim ki, bu mövzu ilə bağlı hər hansı bir narahatlıq əsassızdır. Yaradılan qüvvəllər, misal üçün, NATO-nun təcili reaksiya qüvvələrindən fərqli olaraq öz fəaliyyətini yalnız KTMT-yə daxil olan dövlətlərin ərazilərində həyata keçirəcək. Onların tətbiqi barədə qərar yekdilliklə təşkilata üzv ölkələrin prezidentləri tərəfindən qəbul olunur. KTMT KORQ-un fəaliyyətinə hərbi təcavüzün dəf edilməsi, beynəlxalq terror və ekstremizmin zorakı təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotrafik ilə mübarizə üzrə xüsusi əməliyyatların aparılması, həmçinin təbii və texnogen mahiyyətli fövqəladə halların nəticələrinin aradan qaldırılması daxildir. Məhz bu vəzifələrin yerinə yetirilməsi məqsədi ilə kollektiv qüvvələrin tərkibinə silahlı qüvvələrin xətti ilə mobil qoşun bölmələri, Daxili İşlər və Təhlükəsizlik, həmçinin Fövqəladə Hallar nazirliklərinin xüsusi təyinatlı bölmələri daxil ediləcək.   

- Kremlin 2008-ci ildə Ermənistana silah-sursatın tədarük olunmadığını bildirən cavab notasına baxmayaraq, Azərbaycan tərəfi kifayət qədər yüksək səviyyədə bu məsələni qaldırmağı davam etdirir. Hətta parlamentdə hələ də bununla bağlı kəskin bəyanatlar səsləndirilir. Bu amil ikitərəfli münasibətlərə necə təsir göstərə bilər və bu, Rusiyanı təkrarən bu informasiyanı daha detallı araşdırmağa təhrik edə bilərmi?   

- Biz bu suala artıq dəfələrlə cavab vermişik - Rusiya 2009-cu il yanvarın 8-də Azərbaycanın elektron KİV-də bəyan olunduğu kimi, Gümrüdəki 102 salı hərbi bazasından Ermənistana silah və hərbi texnika verməyib. Təəssüf ki, bu nəşrlər Azərbaycanda öz ünvanlarını tapan təxribat mahiyyətli informasiyalardan başqa bir şey deyil. Düşünmürəm hər hansı bir əlavə araşdırmaya ehtiyac var, çünki Rusiyanın diplomatik kanallar vasitəsilə elan etdiyi bütün bəyanatlar faktlara əsaslanır və Rusiya hərbi rəhbərliyində bu mövzu ilə bağlı heç bir şübhə qalmayıb. Bakı ilə Yerevan arasındakı münasibətlərdə mürəkkəb vəziyyəti nəzərə alaraq Azərbaycan tərəfinin bu mövzuya diqqətlə yanaşması bizə aydındır. Eyni zamanda əminik ki, Rusiya və Azərbaycan bu saxta məlumatların strateyi tərəfdaşlığın genişləndirilməsinə mane olmayacaq dərəcədə qarşılıqlı etibara malikdir.  

- Həcmi 2 mlrd. dolları ötən ikitərəfli ticari-iqtisadi əməkdaşlığın bu və ya digər mövqeyi dünya iqtisadi-maliyyə böhranı kontekstində hansısa düzəlişlərə məruz qalmayacaq ki?..  

- Həqiqətən ötən il ölkələrimiz arasında mal dövriyyəsi 2,4 mlrd. ABŞ dollarını ötüb. Ümumilikdə son 3 il ərzində onun həcmi 2 dəfə artıb. Bu, iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yaxşı əsasının olmasına sübutdur və qarşılıqlı ticarətin xammal mahiyyətindən tədricən çıxmağa imkan yaradır. Yaranan ikitərəfli mal dövriyyəsi strukturu birgə səylərlə qlobal iqtisadi böhranın mənfi nəticələrini də minimuma endirməyə imkan yaradır. Bunun üçün artıq bu gün qarşılıqlı ticarət strukturunda keyfiyyətli dəyişikliklərin möhkəmləndirilməsi, yüksək əlavə dəyərə malik malların, xüsusilə də maşınqayırma məhsullarının payının artrılması üzrə tədbirlərin görülməsi zəruridir. Bundan əlavə, Azərbaycan ilə hazırda hazırlanan birgə iri eneryi layihələrinin reallaşdırılmasını nəzərdə tuturuq. Bu, sözsüz, bütün maraqlı təşkilatlar və təsərrüfat subyektlərindən iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fəal tədbirlər tələb edir. Bizim ekspertlərimiz Rusiyanın Azərbaycana mal ixracında iri tədarükçü olaraq qalacağına əmindirlər. Rusiyalı sahibkarlar bundan sonra da respublikada öz bizneslərini inkişaf etdirməyə hazır olduqlarını bildirirlər. Bu il Rusiya ilə Azərbaycan arasındakı mal dövriyyəsinin 2008-ci ildə qeydə alınan səviyyədə qorunub-saxlanacağı proqnozlaşdırılır. Əlavə edim ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyi çərçivəsində həyata keçirilən antiböhran tədbirlərə qoşulması istiqamətində maneə yoxdur.  

- Hazırda Azərbaycanın iştirakı nəzərdə tutulan "Nabukko" layihəsinin reallaşdırılmasına dair fəal danışıqlar aparılır. Azərbaycanın bu layihədə iştirakı Bakı ilə Moskva arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərə bilərmi?  

- Azərbaycanın beynəlxalq eneryi layihələrində iştirak barədə qərarı onun suveren hüququdur və biz bu qərarlara hörmətlə yanaşırıq. Bu həm də "Nabukko" qaz kəmərinə də aiddir. Neft və qaz nəqli üçün marşrut seçimi zamanı əsas kriteriyalar onun iqtisadi cəhətdən səmərəliliyi, etibarlılığı və ekoloyi baxımdan təhlükəsizliyindən ibarət olmalıdır. Biz bu prosesin həddən artıq siyasiləşdirilməsinin əleyhinəyik. Rusiya Avropanın eneryi təhlükəsizliyinin təmin edilməsi məsələsində eneryi daşıyıcılarının tədarük yollarının şaxələndirilməsi zərurəti mövzusunda ümumi anlayışları bölüşür. Biz bu məqsədlə qitənin müxtəlif regionlarında alternativ qaz kəmərlərinin tikintisi layihələrini reallaşdırırıq. Söhbət ilk növbədə "Şimal axını" və "Cənubi axın"dan gedir. Məlum olduğu kimi, "Mavi axın" qaz kəməri istifadəyə verilib. Biz eneryi sahəsində Rusiya - Azərbaycan əməkdaşlığının genişləndirilməsi mövqeyindən çıxış edirik.

  

 

   Həftə içi.- 2009.- 11 mart.- S. 1-2.