Uşaq bağçasında
Novruz şənliyi
"Biz bağçamızda bütün bayramları keçiririk"
Novruz bayramı ilə əlaqədar paytaxtımızın məktəb və uşaq bağçalarında bir sıra bayram tədbirləri düzənlənir.
Bayram şənliklərindən biri
də Səbail rayonunda yerləşən
46 saylı uşaq bağçasında keçirildi. Biz də
bayram şənliyinin necə keçirildiyini görmək
üçün adıçəkilən bağçaya
yollandıq. Bağçaya daxil olarkən əsl bayram əhval-ruhiyyəsini
hiss etdik. Bayram libaslarında olan uşaqlar
böyük sevinclə öz
çıxışlarını gözləyirdilər.
Bildirək ki, bayram şənliyi rus və Azərbaycan
bölməsinin uşaqlarının birgə iştirakı
ilə düzənlənmişdi. Valideynlərin
də iştirakı ilə keçirilən şənlikdə
balacalar çıxışlarına öncə Novruz
mahnısı ilə başladılar. Daha
sonra uşaqlar hazırladıqları bayram şeirlərini
sıra ilə qonaqlara söylədilər. Bundan başqa, uşaqlar bir-birindən gözəl rəqslər
də nümayiş etdirdilər. Balaca
Bahar qızının rəqsi və şeri isə bayrama daha
da gözəllik gətirdi. Bayramın
sonuna yaxın isə zala Novruzun simvolları olan Kosa və
Keçəl təşrif buyurdular. Onların
gəlişi isə uşaqların sevincini daha da
artırdı. Kosa və Keçəlin məzəli
söhbətləri, uşaqlarla oyunları bayramı daha da
maraqlı etdi.
Bağçada
müəllimə işləyən Nina Anatoliyevnadan bayram təəssüratlarını
öyrəndik. O bizimlə söhbətində uşaqların
çıxışlarından razı
qaldığını bildirdi: "Bağçamızda
çox istedadlı uşaqlar var. Onlar hər bir şeri,
mahnını, rəqsi asanlıqla öyrənə bilirlər.
Düzdür, bəzən dəcəllikləri
ilə bizi incidirlər. Amma buna baxmayaraq,
çox bacarıqlıdırlar. Mən
onlardan çox razı qaldım".
Bağçanın direktoru
Solmaz Verdiyeva isə bizimlə söhbətində bu cür bayramların həmişə təşkil
olunduğunu bildirdi:
"Biz bağçamızda nəinki Novruz bayramını, bütün
bayramları keçiririk.
Bundan əvvəl olan bayramları da yüksək səviyyədə
keçirdik".
Bayramla əlaqədar
valideynlərlə də söhbətləşdik. Elnarə Abbasova adlı
valideyn uşaqların bayram şənliyindən çox
razı qaldığını bildirdi: "Bayram çox
yüksək səviyyədə keçirildi. Şənlikdə
Novruza xas olan bütün atributlar var idi. Bu
isə uşaqların sevincinə səbəb oldu. Belə gözəl bayram təşkil etdiklərinə
görə bağçanın direktoruna və müəllimələrinə
təşəkkürümüzü bildiririk". Digər valideynlər də bizimlə söhbətlərində
bayram şənliyinin düzənlənməsindən
çox razı qaldıqlarını söylədilər.
Səma, Aysel.
Həftə içi.- 2009.- 18-19 mart.- S. 6.