Novruzu layiqincə qarşılayın.
Süfrəniz bol olsun!
Milli Elmlər
Akademiyasının (AMEA) Folklor İnstitutunun folklor nəzəriyyəsi
şöbəsinin müdiri Ağaverdi Xəlil isə deyir
ki, bahar Azərbaycana martın 20-si günorta daxil olsa da,
ölkədə bayram axşamı martın 20-si qeyd olunacaq:
"Baharın gəlişi planetlərin
düzülüşünə, gecə ilə
gündüzün bərabərləşməsinə əsasən
müəyyən olunur. Folklor ənənələrinə əsasən
isə hicri təqvimlə martın 20-si axşam bayram
axşamı, martın 21-i isə Yeni ilin ilk
günüdür. Bu təqvim XI əsrdə Səlcuq Sultan Məlik
şah zamanından qəbul olunub və XX əsrə qədər
ona əməl edilib".
Bakı Dövlət
Universitetinin filologiya fakültəsinin folklor
kafedrasının müdiri, professor Azad Nəbiyev isə
köhnə ilin təhvil olunduğu, gecə ilə
gündüzün bərabərləşdiyi günün
axşamının bayram axşamı hesab olunduğunu deyir. Professorun
sözlərinə görə, Novruz bayramı bizim eradan 350
min il əvvəl Əhəmənilər dövründən
qeyd olunub. Bu bayramın tarixi hətta zərdüştlikdən
də əvvələ gedib çıxır. A.Nəbiyev
deyir ki, Novruz əkinçilik mədəniyyəti ilə
bağlı olan yaz bayramıdır: "Bayram axşamı
süfrəyə bayram şirniyyatı, plovun müxtəlif
növləri qoyulmalıdır. Süfrəyə sarımsaq,
sirkə kimi acı nemətlər qoymaq olmaz.
Çalışmaq lazımdır süfrədə ət
xörəkləri də az olsun. Qədim təsəvvürlərə
görə, süfrədə ət yeməyi bol olarsa, insanlar
həmin il ət kimi yumşaq olar və əməyə
çox meyl etməzlər. Süfrəyə daha çox
yeddi növdə xörək, əsasən də
ağartı məhsullarından və bitkilərdən
hazırlanmış nemətlər qoymaq lazımdır. Həmin
gün süfrədə südlə aş, südlə qaymaq,
səməni halvası, səbzəli aş, sumaq, səməni
olması vacibdir. Bayram süfrəsinin əsas atributları
sayılan paxlava, şəkərbura və şorqoğalı
qədim təsəvvürlərlə bağlıdır. Şəkərbura 15 günlük
ayın, paxlava ulduzların, şorqoğalı
isə günəşin
rəmzidir".
Bayramı qeyd etməyənlər də olacaq
Novruzda zəngin süfrə
açıb aliləliklə Təzə ili qarşılamaq
hamının arzusudur. Amma deyəsən, bu arzunu gerçəkləşdirmək
camaata elə də asan başa
gəlməyəcək. Baxmayaraq ki
bu bayram böhran dövrünə
təsadüf edir və bütün dünyada ərzaq məhsullarının qiyməti
düşsə də,
bizdə alverçilər,
həmişə olduğu
kimi, bu bayramda da "ənənə"lərinə
sadiq qalaraq qiymətləri "ceyran
belinə" qaldırıblar.
Paytaxtın bəzi bazarlarında apardığımız
müşahidələr zamanı
bayramqabağı qiymətlərin
1-2 manat civarında yüksəldiyinin şahidi
olduq. Məsələn,
"Yaşıl bazar"da adi günlərdə
1 manata satılan almanın kiloqramı 2 manata qalxıb. Armudun qiyməti isə 3 manat olub. Əsl bayram süfrəsinə layiq naringi 2 manat, banan 3, üzüm isə 4 manatadır. Bayram süfrəsinin yaraşığı
olan plovu bişirmək isə bu il deyəsən,
çox pul aparacaq. Çünki kiloqramı 1 manat 50 qəpik olan düyünün qiyməti
2 - 3 manatadək artıb.
Kərə yağının
qiyməti isə 4 manatdan 8 manatadəkdir. Bayramın gəlişi şirniyyat məhsullarının
qiymətinə də
təsir göstərib.
Kiloqramı 3 manata satılan şokoladların
qiyməti 4 manat olub. Şirniyyat mağazalarında ən çox tortların qiyməti artıb. Bir neçə gün əvvəl 10 manata satılan adi tortlar hazırda 12 manatadır. Paxlavanın 1 kiloqramının qiyməti 8 - 10 manat, şəkərburanın 1 ədədi
isə 40 - 60 qəpik
civarındadır.
Ötən illə müqayisə
İqtisadçı-ekspert Vüqar
Bayramov isə qiymətlərin ötən
ilə nisbətən
ucuz olduğunu dedi: "Maliyyə böhranının müsbət
təsiri də məhz ondan ibarətdir ki, bazarlarda müəyyən
qədər qiymət
endirimləri baş verib. Bu il
bayram süfrəsi menyusuna daxil olan məhsulların qiymətləri ötən
ilə nisbətən
deyərdim ki, daha ucuzdur. Bu,
təkcə böhranla
bağlı deyil.
Bu həm də
ölkədə kənd
təsərrüfatı məhsullarının
bolluğu və bazara çıxarılan
yerli məhsulun istehsal həcminin artması ilə əlaqədardır".
Ekspert bildirdi ki, təxmini
hesablamalara görə,
5 nəfərlik ailə
orta səviyyədə
bir bayram keçirmək istəyirsə,
150 manat xərcləməlidir. Əgər
süfrəni daha bol etmək istəyən varsa, bunun üçün 200 manat xərcləməlidir:
"Halbuki ötən
il 4 nəfərlik ortabab azərbaycanlı ailəsinə Novruz bayramı süfrəsini açmaq 200 - 250 manata başa gəlirdi".
V.Bayramov xərcin daha çox süfrəyə
çıxarılan məhsulların
çeşidindən asılı
olduğunu söylədi. Onun fikrincə,
qiymətlər ötən
illə müqayisədə
ucuz olsa da, ölkə əhalisi onu normal keçirə bilmir.
Çünki bu il qiymətlər
ucuz olsa da, əhalinin əlindəki pul gəlirləri kəskin azalıb. Belə olan halda bazarın bolluğunun vətəndaşa o qədər
də dəxli olmur. Ekspert əhalinin alıcılıq
qabiliyyətinin növbəti
aylarda da kəskin aşağı düşəcəyi təqdirdə
alğı-satqı əməliyyatlarında
ciddi problemlər yaranacağını istisna
etmədi.
Naibə.
Həftə içi.- 2009.- 18-19 mart.- S. 5.