Əhalinin siyahıya alınması

 

Məlumatların toplanıb çap edilməsi gələn ilin iyununadək başa çatacaq

 

Aprelin 13-dən 22-dək Azərbaycan əhalisi siyahıya alınacaq. Bu proses BMT-nin tövsiyələrinə uyğun olaraq hər 10 ildən bir dünyanın bütün ölkələrində aparılır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, siyahıyaalınma ənənəvi olaraq sayıcılar tərəfindən əhalini fərdi qaydada sorğu etməklə həyata keçiriləcək. Azərbaycan BMT-nin tövsiyə etdiyi sualların 70 - 80 faizini əhatə edib. Cəmi 35 sual var. Bunlardan 6-sı ev təsərrüfatına, yəni yaşayış, mənzil şəraitinə, onun abadlığına aiddir, 29 sual isə hər bir fərdə aid edilib. Burada insanın cinsindən, anadan olduğu tarixdən, nikah vəziyyətindən, təhsil səviyyəsindən, məşğulluğundan, hansı iqtisadi fəaliyyət növündə çalışmasından, yaxud işsizliklə bağlıdır. İşə cəlb olunacaq 24 min nəfərin artıq təlim prosesinə başlanılıb. Bir sayçının 10 gün ərzində 450 nəfəri siyahıya alması nəzərdə tutulur. Mülkiyyət məsələləri ilə bağlı sualları ailə başçısı cavablandıracaq siyahıyaalınma zamanı hər hansı hüquqi sənəd tələb olunmayacaq. Körpə uşaqlar haqda məlumatları valideynlər verəcəklər. Eşitmə, görmə, danışıq qabiliyyətləri zəif olanlar barədə sualları isə onların valideyn ya qəyyumları cavablandıracaq. Qocalar uşaq evlərinin sakinləri hesablanacaq. Əgər aprelin 12-dən 13-nə keçən gecə saat 00:00-da hər hansı uşaq dünyaya gələcəksə ya qoca insan həmin saatadək sağ olub sonra dünyasını dəyişəcəksə, onlar da əhalinin siyahısına alınacaq. Qeyd edək ki, budəfəki siyahıyaalmada fərqli cəhətlər mövcuddur. Belə ki, bu il xarici ölkələrdəki Azərbaycan vətəndaşları da hesablanacaq. Rəsmi qaydada Xarici İşlər Nazirliyinin xətti ilə xarici ölkəyə yaşamağa, işləməyə ya oxumağa gedən azərbaycanlılar isə həmin ölkələrdə fəaliyyət göstərən konsulluq, səfirlik vasitəsilə siyahıya alınacaq. Məcburi köçkünlər yaşadığı ya müvəqqəti məskunlaşdığı yerdə siyahıya alınsalar da, sonda onlar rayonlar üzrə bölünəcək. Siyahıyaalma prosesi 10 gün davam etsə , ilkin nəticələrin avqustda məlum olacağı gözlənilir. Bütün məlumatların toplanıb çap edilməsi isə gələn ilin iyununadək başa çatacaq. Sakinləri siyahıya alarkən evə daxil olmaq üçün problemlərin yaranmaması məqsədilə Dövlət Statistika Komitəsi maarifləndirmə xarakteri daşıyan videoçarxlar hazırlayıb onları telekanallarda nümayiş etdirməyi planlaşdırır. Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə yerli əhali 1999-cu ilin yanvarında siyahıya alınıb. 2009-cu ilin göstəricilərinə görə, hazırda Azərbaycan əhalisinin sayı 8 milyon 733 min nəfərdir.

  

  

Sevil

 

Həftə içi.- 2009.- 18-19 mart.- S. 5.