"Qorbaçovun 20 Yanvar hadisələrində əli var"

 

Qənirə Paşayeva: "Bu insanın belə bir tribunadan çıxış etməyə mənəvi haqqı yoxdur"

 

Avropa Şurasının 60 illik yubileyinə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov xüsusi qonaq statusu qismində dəvət olunub. Bu məsələ AzərbaycanınParlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov tərəfindən ciddi etirazla qarşılanıb.

   S.Seyidov M.Qorbaçovun 20 Yanvar faciəsinin əsas səbəbkarlarından biri olduğunu vurğulayaraq onun xüsusi qonaq qismindətribunasından çıxış etməyə haqqının olmadığını deyib. Bununla bağlı suallarımızı AŞ PA-dakı nümayəndə heyətimizin üzvü, millət vəkili Qənirə Paşayeva cavablandırır:    

   - Bununla bağlı nümayəndə heyətimizin rəhbəri Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın mövqeyini artıq orada ortaya qoyub. Bu, haqlı mövqe idi. Məlumdur ki, Mixail Qorbaçovun Azərbaycanda törədilən 20 Yanvar hadisələrində əli var. Məhz onun fəaliyyəti nəticəsində yüzlərcə insanın həyatına son qoyulub, Azərbaycan xalqının başına olmazın müsibətlər gətirilib.  

   Belə bir şəxsin isə Avropa Şurası kimi insan haqlarının qorunması, müdafiəsi bu hüquqların ön planda tutulduğu bir təşkilatın 60 illik yubileyinə dəvət olunması, təbii ki, haqlı narazılıq doğurur. Bizim düşüncəmizə görə, Avropa Şurası tərəfindən belə bir addımın atılması qəbuledilməzdir. Çünki Qorbaçov hakimiyyətdə olduğu illərdə çoxlu sayda belə hadisələr törədilib, SSRİ-nin tərkibinə daxil olan ayrı-ayrı respublikalarda qanlı olaylar yaşanıb. Xüsusilə Bakıda törədilən dəhşətli yanvar hadisələri, ordunun dinc insanlar üzərinə yeriməsi, mülki vətəndaşlara divan tutması Avropa Şurası kimi bir təşkilat üçün tamamilə qəbuledilməzdir. Ordunu dinc insanlara qarşı yönəldən, yüzlərcə ailənin həyatına bais olan bir insanın Avropa Şurası kimi bir təşkilatın yubiley mərasimində çıxış etməsi bu qurumun özünün imicinə müsbət təsir göstərən amil deyil. Bu baxımdan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri öz mövqeyini bəyan edib bu mövqe daim diqqətdə saxlanılacaq.    

   - Qorbaçovun Avropa Şurasının yubileyində çıxış etməsinin qarşısının alınması üçün əl ata biləcəyimiz hansısa mexanizmlər var?  

   - Əsas şərt odur ki biz öz mövqeyimizi Avropa Şurasında ortaya qoymuşuq. Amma konkret demək olmaz ki, bunun hansısa təsir göstərməsi mümkündür. Bizim üçün önəmlisi odur ki Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi Avropa Şurası rəhbərliyi quruma üzv dövlətlərin təmsilçilərinə çatdırılıb. Ola bilsin orada bir çoxunun Qorbaçovun hakimiyyəti dövründə törətdiyi bu kimi bir çox hadisələrdən xəbəri yoxdur. Onların bir çoxunun beynində Qorbaçov sadəcə Almaniyanın birləşməsində müsbət rol oynamış şəxs kimi qalıb. Ola bilsin, hansısa insanlar onun keçmiş sovet məkanında törətdiyi hadisələrə siyasi maraqlar baxımından yanaşırlar. Belə halda, təbii ki, bizim bu məsələləri diqqətə çatdırmaq, öz etirazımızı bildirməyimiz çox vacibdir. Çünki ən azı beynəlxalq qurumlar orada təmsil olunan insanlar həmin faktlarla yaxından məlumatlandırılmalıdır ki, bu insanın belə bir tribunadan çıxış etməyə mənəvi haqqı yoxdur.    

   - Azərbaycan nümayəndə heyəti öz mövqeyinin dəstəklənməsi üçün istər keçmiş SSRİ- təmsil olunan dövlətlərin, istərsə başqa ölkələrin deputatları arasında aparmağa çalışacaq?  

   - Ola bilər gələcəkdə bu etiraza digər ölkələrin millət vəkilləri qoşulsun. Nəzərə almaq lazımdır ki, keçmiş SSRİ- təmsil olunan bir sıra dövlətlər Avropa Şurasına üzvdürlər. Biz bu məsələyə ona görə etirazımızı bildiririk ki, Bakıda törədilən 20 Yanvar hadisələrində Qorbaçovun əli var. Ona görə məsələyə müsbət yanaşa bilmərik buna Azərbaycan kontekstindən yanaşırıq. Mövqeyimiz ondan ibarətdir ki, insan haqlarının müdafiəsi təməlləri üzərində qurulmuş təşkilatda bu hüquqları kobud şəkildə pozmuş insanın çıxış üçün haqqı olmamalıdır.    

   - Mixail Qorbaçovun yubiley mərasimində çıxışı zamanı Azərbaycan nümayəndə heyəti hansı etiraz formasından istifadə edə bilər?  

   - Orada hər hansı müzakirələr aparılmayacaq. Qorbaçov, sadəcə, mərasimdə çıxış etməyə gələcək. Elə bir səlahiyyətə malik şəxs deyil. Onun çıxışını kimin dinləyib, kimin dinləməməsi elə bir əhəmiyyət daşımır. Belə bir prinsip yoxdur ki, həmin çıxışı dinləməyə kimisə məcbur etsinlər. Azərbaycan nümayəndə heyəti isə bu məsələ ilə bağlı ən yüksək dairələrdə etirazını bildirib. Mənə elə gəlir ki, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının ən yüksək tribunasından buna etirazını bildirməsi özü çox önəmli bir məqamdır. Mixail Qorbaçovun çıxışını dinləyib-dinləməmək isə hər bir şəxsin öz işidir. Bir daha vurğulayıram ki, söhbət Mixail Qorbaçovun hakimiyyəti dövründə tək Azərbaycanda deyil, digər dövlətlərdə qanlı hadisələrin törədilməsindən, bunun nəticəsində isə Avropa Şurası üçün ən ali prinsiplərdən sayılan insan hüquqlarının kobud şəkildə pozulmasından gedir.

  

  

Azad Əliyev.

 

Həftə içi.- 2009.- 18-19 mart.- S. 1- 2