Bu gün ölkədə referendum keçirilir.

 

Məzahir Pənahov: "Səsvermənin Avropa standartlarına uyğun olması üçün şərait yaradılıb"

 

Ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov referendumla bağlı mətbuat konfransı keçirdi. 2008-ci il dekabrın 30-da MSK-nın iclas keçirdiyini, referendumla bağlı hazırlanmış təqvim planını tətbiq etdiyini deyən qurum sədri bildirdi ki, fəaliyyət təqvim planının tələblərinə uyğun qurulub.  

Referendumun əsas subyekti təşviqat qruplarıdır. Bununla bağlı MSK-ya 14 müraciət olub ki, bu təşəbbüs qruplarından 9-u qeydə alınıb. Qanunun tələblərinə görə, təşəbbüs qrupları qeydə alınmaq üçün respublikanın ən azı 60 dairəsindən 40 min seçici imzası yığmalıdırlar. Bunların da hər birindən ən azı 100 imza verilməlidir. Həmin təşviqat qruplarına maliyyə vəsaiti ayrılıb. MSK-nın həyata keçirdiyi ikinci məsələ aşağı seçki komissiyalarının seçiciləri maarifləndirməsi ilə bağlıdır bununla bağlı xüsusi proqram hazırlanmışdı. MSK üzvləri tərəfindən telekanallarda, radiolarda 100-ə qədər çıxışlar, müsahibələr gedib. Dövri nəşrlərdə isə 120-dən artıq məqalə çap olunub: "Rəhbərlik etdiyim qurum referenduma start veriləndən dərhal sonra referendum aktının 29 bəndi üzrə 40-dan yuxarı düzəlişlə bağlı müqayisəli mətnini hazırlayaraq, milyonlarla tirajla çap edib.  

Azərbaycan ərazisində həmin sənədləri demək olar bütün ünvanlara çatdırmışıq. Təşəbbüs qruplarının mətbuat orqanlarının səhifələrinə öz materiallarını yerləşdirməsi ilə bağlı problemlərimiz yaranmayıb. Ümumi mənzərə tam imkan verir ki, sabah (bu gün - Ə.Z.) azad, şəffaf seçkiləri həyata keçirə bilək. İctimai-siyasi sabitlik mövcuddur, vətəndaş qarşıdurması yoxdur. Siyasi mübarizə səviyyəsində cəmiyyətin müxtəlif qruplarında müxtəlif fikirlər var ki, bu da demokratik cəmiyyət üçün təbii haldır". Azərbaycanda siyasi mübarizənin artıq sivil formaya keçdiyini diqqətə çatdıran M.Pənahov vurğuladı ki, seçkilərin şəffaf keçməsi üçün əhəmiyyət kəsb edən məsələ müşahidəçilik missiyasıdır. O həmçinin əlavə etdi ki, dünya təcrübəsində referenduma münasibət seçkilərlə müqayisədə fərqli olur. İndiyədək 172 əcnəbi müşahidəçi qeydə alınıb. Onlar 24 təşkilatı, 23 ölkəni təmsil edirlər. Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyası MDB-nin müşahidə missiyası müşahidəçilik üçün rəsmi dəvət alıblar. Bundan başqa, demokratik Avropa ölkələrinin parlament nümayəndələri seçkiləri müşahidə edəcəklər. MSK-ya müraciət edən 20-dən artıq beynəlxalq miqyasda tanınan KİV referendum haqqında öz auditoriyalarına informasiya çatdıracaqlar. İspaniya, Belçika, Finlandiya, Bolqarıstan, İtaliya, Böyük Britaniya, Portuqaliya, Estoniya parlamenti, Fransa Milli Assambleyası, Ukrayna Ali Radası müşahidə aparmaq üçün öz nümayəndələrini göndəriblər. Azərbaycanda fəaliyyət göstərən ABŞ səfirliyinin 19, Rusiya 18, Böyük Britaniya 14, Norveç 6, İtaliya Almaniyanın hər birinin 3, Bolqarıstanla Fransanın hərəsinin 2, Polşa səfirliyinin 1 nəfər müşahidəçisi olacaq: "Yerli KİV üçün heç bir məhdudiyyət yoxdur. Bizdə olan məlumata görə, Azərbaycanda 4 min KİV var. Ölkənin bütün ərazisini əhatə edən 500 məntəqədə veb-kameralar quraşdırılıb sınaqdan keçirilib. Referendumun Avropa standartlarına uyğun keçirilməsi üçün bütün şərait yaradılıb". 35 məntəqənin Azərbaycanın hüdudlarından kənarda mövcud olduğunu deyən MSK sədri diqqətə çatdırdı ki, seçici siyahıları yüksək səviyyədə tərtib olunub. Adları siyahıda olmayan seçicilər narahat olmaya bilərlər. Onlara şərait yaradılacaq ki, adları siyahıya salınsın.  

Sonda jurnalistlərin suallarını cavablandıran M.Pənahov bildirdi ki, xaricdə olan hər hansı vətəndaşımızın 35 məntəqədə adı yoxdursa, qeydiyyatdan çıxma vəsiqəsini təqdim etməklə məntəqələrin hansında istəsə səs verə bilər. Seçki Məcəlləsinin tələblərinə görə, 50-dən az seçici olan yerdə məntəqə yaradılmır, yaxınlıqdakı məntəqələrdə səs verilə bilər. Xaricdə nümayəndəliyimiz olmayan dövlətdəki vətəndaşlarımızın yaxın ölkədəki məntəqələrin hansında istəsə, səs verməsi mümkündür. Seçki günü rəsmən 5 dəfə - saat 10, 12, 15, 17, 19-da nəticələrlə bağlı məlumat veriləcək: "Axşam saat 19:00-da məntəqələr bağlanacaq. Həmin vaxt məntəqədə olan seçicilərə şərait yaradılacaq ki, səs versinlər. Çalışacağıq gecəyarısına qədər ilkin məlumatları verək. Gözdən əlillər üçün brayl üsulu ilə trafaret hazırlayırdıq. Amma bu seçkilərdə buna texniki imkan olmadı. Çünki bülleten kifayət qədər böyükdür. Gözdən əlillərə məntəqələrdə kömək edilməsi mümkündür. Referenduma qədər vəsait ayrıldığını isə konkret demək olmaz. 30 minə qədər açılıb-yığılan kabinələr, təxminən 5 mindən artıq qutu paylanıb". Venesiya Komissiyasının bülletenlərin hazırlanmasında çatışmazlıq olduğu fikrinə münasibət bildirən M.Pənahov bildirdi ki, burada heç bir çatışmazlıq yoxdur. O həmçinin diqqətə çatdırdı ki, bu, sadəcə, qərəzli dezinformasiyadır.

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2009.- 18-19 mart.- S. 1;3