Jurnalist Sona Bağırova anıldı
Dünən Mətbuat
Şurasında (MŞ) görkəmli jurnalist Sona
Bağırovanın anadan olmasının 80 illik yubileyi qeyd
edildi. MŞ sədri Əflatun Amaşov tədbiri açaraq
bildirdi ki, toplantı şuranın görkəmli jurnalistlərin
xatirəsinin anımı istiqamətində
reallaşdırmağa başladığı silsilə mərasimlərdən
ikincisidir. Bu təşəbbüs çərçivəsində
milli mətbuatımızda xüsusi yeri və xidmətləri
olmuş ahıl jurnalistlərin, dünyasını dəyişmiş
qələm sahiblərinin yubileylərinin, anım günlərinin
təşkili nəzərdə tutulub. Sonra mərhumun uzun
müddət çalışdığı "Azərbaycan
gəncləri" qəzetinin müxtəlif illərdə
redaktoru olmuş Cəmil Əlibəyov, Yusif Kərimov, həmçinin
onunla birgə işləmiş Əlirza Balayev, Şəmsiyyə
Kərimova, Hafiz Hüseynxanlı, yaxından tanıyanlar
Teyyub Qurban, Tahir Aydınoğlu, Zakir Abbas, MŞ sədrinin
müavini Umud Rəhimoğlu və başqaları Sona
xanımın həyat və yaradıcılıq yoluna nəzər
salaraq xatirələrini dilə gətirdilər. Qeyd edək
ki, Sona Bəhrəli qızı Bağırova 1929-cu il
mayın 1-də Bakıda anadan olub. 1952-ci ildə Bakı
Dövlət Universitetini bitirdikdən sonra həyatının
40 ilini "Azərbaycan gəncləri" qəzeti ilə
bağlayıb. Burada o, ədəbi işçi, şöbə
müdiri vəzifələrində çalışıb.
Ötən əsrin 90-cı illərində "Açıq
söz", "Bakı-post" qəzetlərinin əməkdaşı
olub. Azərbaycanın əməkdar jurnalisti adına layiq
görülüb. Həmçinin media sahəsindəki fəaliyyətinə
görə çoxsaylı mükafatlarla təltif edilib. 2001-ci
il mayın 10-da dünyasını dəyişib. Tədbirin
sonunda iştirakçılara Sona Bağırovanın 2002-ci
ildə "Elm və həyat" nəşriyyatında
çapdan çıxmış "Pozulmaz izlər"
kitabı təqdim olundu. Mərhumun qızı Sevda Xanbutayeva
Sona xanımın övladları adından anasının
xatirəsinə göstərilən ehtirama görə mərasim
iştirakçılarının hər birinə təşəkkürünü
bildirdi.
Naibə
Həftə içi.- 2009.- 1 may.- S. 6.