"Dialoq Qurandan, Bibliyadan danışmaqla bitmir"

 

Əli Həsənov: "Tolerantlıq bütün dinlərə hörmətlə yanaşmaqdan ibarətdir"

 

 Dünən Bakıda "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Dialoq Avrasiya Platforması və "Dialoq Avrasiya" dərgisinin Azərbaycanda 10-cu ildönümü münasibətilə "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda tədbir keçirildi.

 

Dialoq Avrasiya Platformasının Azərbaycan Milli Komitəsinin sədri Nizami Cəfərov dedi ki, beynəlxalq ictimai təşkilat olan bu qurum 10 ildir fəaliyyət göstərir və bir sıra xalqların intellektlərini bir araya gətirir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Türkiyə - Azərbaycan münasibətlərində son günlər yaşanan gərginliyə də toxundu. Diqqətə çatdırdı ki, həm Türkiyə prezidenti Abdulla Gül, həm də baş nazir Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişəsi həll edilməyincə Ermənistanla sərhədlərin açılmayacağını bəyanlayıblar. Azərbaycan xalqının bəyanatı məmnuniyyətlə qarşıladığını bildirən yazıçı qardaş ölkənin işğal edilmiş torpaqlar geri alınmayana qədər qardaş ölkənin belə addım atmayacağına əmin olduğunu vurğuladı.

Rusiya Mətbuatının İnkişafı İnstitutunun nümayəndəsi Olqa Karabanova platformaya müxtəlif ölkələrin intellektlərinin cəlb edilməsini yaxşı ənənə adlandırdı.

Prezidentin Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə dedi ki, 10 il əvvəl bu məkanda Heydər Əliyevin iştirakı ilə Dialoq Avrasiya Platforması və "Dialoq Avrasiya" dərgisi ilk dəfə təqdim olundu. Platforma kifayət qədər aktual bir işi, mövzunu və məkanı əhatə edir. "Müasir dünyada dialoq inkişaf etməkdədir" deyən Ə.Həsənov vurğuladı ki, dialoq tarix boyu cəmiyyətlərin təklif etdiyi ən dəyərli fəaliyyət növüdür. Ə.Həsənov deyib ki, XVII əsrdən başlayan Avropa intibahından tutmuş I Dünya müharibəsində Hitler, Ruzvelt, Stalindən bu yana cəmiyyətləri, dövlətləri vahid bayraq altında birləşdirməyə çalışıblar. Amma birləşdirmə motivləri fərqli olub. Zor gücü ilə bir cəmiyyətə digərinin normalarını qəbul etdirmək cəhdləri göstərilib. Ə.Həsənov deyib ki, dialoq ətrafında son dövrlər ayrı-ayrı tədqiat mərkəzləri, subyektlər missionerlik mövqeyi ilə bunu həyata keçirmək istəyirlər. "Dialoq Avrasiya" dərgisinin postsovet və türk islam dəyərlərini əhatə etdiyini bildirən Ə.Həsənov dedi ki, məqsəd cəmiyyətdə birgə yaşayışı, tolerantlığı təbliğ etməkdir. Məhz bu baxımdan dialoq və Avrasiya sözləri təsadüfən seçilməyib. "Dialoq Avrasiya"nın başında ilk gündən Azərbaycan dövlətinin və onun qurucusu Heydər Əliyevin durduğunu xatırladan Ə.Həsənov təəssüf edib ki, son zamanlar bu dərgidə daha çox birtərəfli təbliğat ciddi hiss olunmaqdadır. Azərbaycanın müsəlman dövləti olduğunu xatırladan Ə.Həsənov eyni zamanda, ölkənin dünyəvi dövlət quruculuğu prosesindəki mövqeyinin də uğurlu olduğunu vurğulayıb. PİA rəsmisi Atatürkün də adını çəkib və deyib ki, belə tədbirdə onu xatırlamamaq günahdır. "Avrasiyanın XX əsrdə böyüdüb boya-başa çatdırdığı liderləri burada xatırlanmalıdır. Din, mədəniyyət, informasiya mübadiləsi, siyasi, iqtisadi, sosial inteqrasiya olan yerdə əsaslı dialoqdan söhbət gedə bilər. Dialoq Qurandan, Bibliyadan danışmaqla bitmir. Bu proses insan həyatının bütün sahələrini əhatə edir və bu yolla ünsiyyət qururuq. Cəmiyyətdə tolerantlıq bütün mədəniyyətlərə, dinlərə, davranış normalarına hörmətlə yanaşmaqdan ibarətdir".

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2009.- 1 may.- S. 3.